Azərbaycan memoranduma imza atmayıb – İmtina
Tarix: 24-09-2018 18:51 | Bölmə: Siyasət
Azərbaycan memoranduma imza atmayıb

"Azərbaycan Tbilisidə keçirilən "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin parlamentlərinin aparat rəhbərlərinin işçi görüşünün memorandumunu imzalamaqdan imtina edib”.

Reyting.az
xəbər verir ki, bunu görüşdə iştirak edən Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, memorandumu nəzərdən keçirəndən sonra sənədin imzalanması üçün Azərbaycan tərəfi xüsusi qeydin əlavə olunmasını təklif edib: "Azərbaycanın dövlət rəhbərliyinin və xarici siyasətinin əsas istiqaməti ondan ibarətdir ki, Ermənistanın olduğu yerdə biz həmişə öz qeydimizi edirik. Biz Ermənistandan başqa bütün ölkələrlə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdik. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayana qədər Ermənistanla hər hansı əməkdaşlıq mümkün deyil. Bu qeydin texniki məsələ olduğu və sənədə daxil olunmasına ehtiyacın olmadığı bildirildi. Buna görə də Azərbaycan tərəfi memoranduma imza atmayacaq”.

S. Mirzəyev deyib ki, Tbilisidə işçi görüşün keçirilməsini Gürcüstan parlamentinin Aparat rəhbərliyi təklif edib: "Biz məmnuniyyətlə bu görüşə qatıldıq. İşçi görüşdə parlamentlərin aparatları arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olundu”.

Qeyd edək ki, bu gün Tbilisidə "Şərq tərəfdaşlığı” proqramına üzv ölkələr - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova parlamentlərinin Aparat rəhbərlərinin işçi görüşü keçirilib. Sabah görüşün yekunu olaraq parlament aparatları arasında əməkdaşlığın aktivləşdirilməsini nəzərdə tutan Tbilisi memorandumu imzalanacaq.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər