12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ərəb ölkələri ABŞ-a qarşı: Vaşinqtonun Qəzza planı narazılıq yaradıb
Tarix: 09-12-2023 20:04 | Bölmə: Slayd
Ərəb ölkələri ABŞ-a qarşı: Vaşinqtonun Qəzza planı narazılıq yaradıb

ABŞ rəsmiləri müharibədən sonrakı Qəzzanın idarəçiliyini Fələstin Muxtariyyəti və ərəb ölkələri ilə müzakirə edir.

Reyting.az
-ın CNN-ə istinadla verdiyi xəbərə görə, mənbələr deyiblər ki, ərəb və İslam ölkələri müharibədən sonra Qəzzada təhlükəsizliyi təmin edəcək “beynəlxalq qüvvəni” dəstəkləmək istəmədiklərini bildiriblər.

Məlumataa görə, bu gün ABŞ dövlət katibi Antoni Blinkenlə görüşən ərəb və İslam ölkələrinin nümayəndə heyəti bir daha “Müstəqil Fələstin Dövləti” vurğusunu təkrarlayıblar.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə ABŞ veto qoyub. Yekun səsvermədə 13 üzv lehinə, bir üzv bitərəf, bir üzv isə əleyhinə səs verib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ onun əleyhinə səs verən yeganə ölkə olub. Onun müttəfiqi Britaniya isə səsvermədə bitərəf qalıb. Beləliklə, səsvermə mənfi nəticələnib.

ABŞ mediası yazır ki, Vaşinqton administrasiyası atəşkəsə “veto qoysa” da, Fələstin administrasiyası və onun bölgədəki müttəfiqləri ilə müharibədən sonrakı dövr üçün danışıqlar aparır. CNN-ə açıqlama verən ABŞ rəsmilərinin sözlərinə görə, onlar müharibə bitdikdən sonra həm Qəzzanın, həm də işğal altındakı İordan çayının qərb sahilinin Fələstin Muxtariyyətinin rəhbərlik etdiyi vahid hökumət tərəfindən idarə olunmasını nəzərdə tuturlar.



Müharibədən sonrakı dövrdə Qəzzanı çoxlu sual işarələrinin gözlədiyini vurğulayan CNN, ABŞ Dövlət Departamentinin sözçüsü Matt Millerin çərşənbə günü verdiyi açıqlamanı xatırladıb. Miller jurnalistlərə deyib ki, müharibədən sonra İsrail qüvvələrinin Qəzzada qalması “bir növ keçid dövrü” üçündür və daimi olmayacaq.

ABŞ və İsrail mətbuatının yazdığına görə, ABŞ rəsmiləri düşünür ki, Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyətinin Qəzza zolağına indiki formada nəzarəti olmayacaq və bölgəyə beynəlxalq bir güc nəzarət edə bilər.

CNN-ə danışan qərbli diplomat deyib ki, ərəb nümayəndə heyəti müharibədən sonra Qəzzada təhlükəsizliyi təmin edəcək “beynəlxalq qüvvəyə” cəlb olunmaq istəmədiklərini açıq şəkildə bəyan ediblər. Fələstin davasının bölünməsini qəbul etmədiklərini bildirən ərəb və İslam ölkələri Qəzza zolağının gələcəyini Fələstin davasından ayrı düşünməkdən imtina edir və “Müstəqil Fələstin Dövləti”ni dəstəkləyirlər.

İordaniyanın xarici işlər naziri Ayman Safadi CNN telekanalına beynəlxalq sülhməramlı qüvvələrdə iştirak etməyəcəklərini deyib.

ABŞ-ın əvvəldən “iki dövlətli həlli” dəstəklədiyini bildirən CNN qeyd edib ki, Bayden administrasiyası İsrailin “bufer zona” təklifinə qarşıdır. Yüksək vəzifəli bir məmur deyib: “Fələstin Muxtariyyəti indiki zəif vəziyyətdə Qəzzanı idarə edə bilməz, lakin “canlandırılmış” Fələstin Administrasiyası potensial olaraq ən ağlabatan həll yoludur”.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının (AL) ABŞ-dakı Təmas Qrupunun xarici işlər nazirləri ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb. Türkiyə Xarici işlər naziri Hakan Fidanın da qatıldığı toplantıda BMT TŞ-nın Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə veto qoymasının tam məyusluğa səbəb olduğu vurğulanıb. Nümayəndə heyətinin üzvləri İsrailin bütün məcburi köçkün siyasətini rədd etdiklərini vurğulayıblar və 1967-ci il, 4 iyun razılaşmasına əsasən real siyasi atmosferin və Fələstin Dövlətinin yaradılması çağırışlarını təkrarlayıblar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər