12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hərbçilərin idarə etdiyi ölkə narkotik istehsalında dünya lideridir
Tarix: 13-12-2023 18:38 | Bölmə: Slayd
Hərbçilərin idarə etdiyi ölkə narkotik istehsalında dünya lideridir

Çin və Rusiya ilə müttəfiq olan Myanma Respublikası dünyanın ən böyük tiryək istehsalçısına çevrilib. Bu göstərici “Taliban” hərəkatının idarə etdiyi Əfqanıstanda xaşxaş becərilməsinə və narkotik istehsalına qadağa qoyduqdan sonra qeyd alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin hesabatında bildirilir.

Məlumata görə, iki ildən artıqdır vətəndaş müharibəsi ilə üzləşən Myanmada tiryək istehsalı bu il 36 faiz artaraq 1080 metrik tona çatıb ki, bu da 2001-ci ildən bəri ən yüksək göstəricidir.

Myanmada xaşxaş becərilməsi 2014-2020-ci illər arasında azalsa da, 2021-ci ilin fevralında ordu demokratik yolla seçilmiş hökuməti devirdikdən və regional üsyana səbəb olduqdan sonra artmağa başlayıb.

BMT-nin hesabatında deyilir ki, o vaxtdan bəri Myanmada sabitlik və təhlükəsizliyin azalması xaşxaş becərilməsi və tiryək istehsalının artmasına səbəb olub.

Qeyd olunur ki, hazırda Myanmada xaşxaş becərilməsi üçün təxminən 47 min hektar sahə ayrılıb. Bu isə tiryək istehsalının 33 faiz artdığı ötən illə müqayisədə 18 faiz çoxdur.

Hesabata görə, heroin istehsalı və ticarəti 2022-ci ildə Myanmanın tiryək sənayesinin ən gəlirli fəaliyyəti olub. Ölkənin tiryək iqtisadiyyatının dəyəri, ixrac və daxili istehlak da daxil olmaqla, 2022-ci ildə 1-2,5 milyard ABŞ dolları və ya ÜDM-in təxminən 2-4 faizi səviyyəsində qiymətləndirilir.

Tarixən tiryək istehsalı üzrə dünya lideri olan Əfqanıstanda narkotik istehsalında 95 faiz azalma olub. Bu, 2021-ci ildə ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının keçən il xaşxaş becərilməsinə ciddi qadağa tətbiq etməsindən sonra baş verib.

Yəqin ki, bu yolla “Taliban” öz rejiminin beynəlxalq səviyyədə tanınmasına nail olmağa çalışır. Onu da qeyd edək ki, Əfqanıstanın “Taliban”ın nəzarətində olan ərazilərində onilliklər ərzində tiryək istehsalı inkişaf edib və bu hərəkat öz fəaliyyətini onun köməyi ilə maliyyələşdirib.

Xatırladaq ki, 2021-ci ilin əvvəlində Myanmada demokratik qüvvələrin qalib gəldiyi seçkilər keçirilib. Bu, ölkədə ciddi siyasi təsirə malik olan hərbçiləri narazı salıb. 2021-ci il fevralın 1-də ordunun ölkədə hakimiyyəti ələ keçirməsi xalq etirazlarına səbəb olub. Myanmada dinc etirazın yatırılması zamanı baş verən bir sıra qanlı aksiyalardan sonra silahlı müqavimət hərəkatı genişlənib. Artıq 2021-ci ilin mayında ölkə vətəndaş müharibəsi ilə üzləşib. Hazırda hərbi xunta Çin və Rusiyanın dəstəyi ilə paytaxta və ölkənin bir hissəsinə nəzarət edir. Ölkənin bəzi əraziləri isə üsyançıların nəzarətindədir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər