12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qafqazda ABŞ-ın prioriteti ermənilər deyil, faydalı qazıntılardır
Tarix: 14-12-2023 11:33 | Bölmə: Slayd
Qafqazda ABŞ-ın prioriteti ermənilər deyil, faydalı qazıntılardır

Vaşinqton rəsmiləri Avropa və Asiyanı birləşdirən əsas ticarət və enerji tranziti marşrutu olan Qafqaz vasitəsilə yeni enerji dəhlizi yaratmaq üçün səylərini ikiqat artırır. Vaşinqtondakı rəsmilər diqqəti Ermənistan və Azərbaycana yönəltməklə, iki ölkəni enerji kəmərləri ilə əlaqələndirməyə ümid edirlər.

Reyting.az
xəbər verir ki, bu barədə “Foreign Policy” yazıb.

ABŞ nəşrinin təhlilində qeyd olunur:

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn noyabrda Konqresdə demişdi:

“Ermənistanın iştirakı və razılığı ilə tikilən tranzit dəhlizi bütün regiondakı dövlətlər və qlobal bazarlar üçün böyük fayda ola bilər”.

Onilliklər boyu ABŞ rəsmiləri Qafqazda geosiyasi məqsədlər güdürlər. Bölgəyə Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyətli bir ərazi kimi baxaraq, regionu Avropa ilə birləşdirməyə, eyni zamanda onu regionla sıx əlaqələr saxlayan İran və Rusiyadan uzaqlaşdırmağa çalışırdılar.

Senator Ceyms Riş keçən il demişdi:

“Qafqaz Avropa, Asiya və Yaxın Şərq arasında kəsişmə nöqtəsi kimi son dərəcə vacibdir. Ticarət, enerji sazişləri, infrastruktur və investisiyaların hamısı regionu transatlantik birliyə daha yaxşı inteqrasiya etmək potnsialına malikdir”.

Azərbaycan ABŞ-ın planlarının mərkəzindədir. Ölkənin böyük enerji ehtiyatlarını, xüsusən də neft və təbii qazı nəzərə alaraq, ABŞ rəsmiləri Azərbaycanı Avropanın Rusiya enerjisindən asılılığından qurtulmağa kömək edəcək ABŞ-ın rəhbərlik etdiyi Qafqazın yaradılmasında açar kimi görürlər.

Senator Kristofer Mörfi sentyabrda keçirilən dinləmələrdə belə izah edib:

“Son on ildə biz avropalı həmkarlarımızla Avropanı tədricən Rusiya qazı və neftindən asılılıqdan qurtulmağa kömək etmək üçün səylə çalışdıq. Bu strategiyanın bir hissəsi Azərbaycan qazını və neftini Avropaya daha çox çatdırmaq idi”.

ABŞ-ın Azərbaycana diqqət yetirməsinin digər səbəbi onun yerləşməsidir. Şimalda Rusiya, Şərqdə Xəzər dənizi və Cənubda İrandır. ABŞ rəsmiləri bu ölkəni bir vaxtlar ABŞ diplomatlarının təsvir etdiyi kimi, “Avrasiya enerji siyasətinin episentri” kimi görürlər.

Birləşmiş Ştatlar Azərbaycanı Qərbin xeyrinə olan Şərq-Qərb enerji dəhlizinin başlanğıc nöqtəsi kimi yerləşdirməyə çalışıb, İran və Rusiyanın xeyrinə olan Şimal-Cənub dəhlizini məngənədə saxlayıb.

ABŞ və onun avropalı müttəfiqləri üçün Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri imkan nümayiş etdirir. Boru kəmərinə Böyük Britaniyanın neft nəhəngi BP-nin rəhbərlik etdiyi enerji şirkətləri konsorsiumu nəzarət edir. Dövlət Departamentinin sözçüsü Yuri Kim sentyabr ayında Konqresə demişdi ki, “o, fəaliyyətimizi davam etdirmək üçün bizə lazımdır”.

Birləşmiş Ştatlar baxımından daha bir mühüm geosiyasi nailiyyət Cənub Qaz Dəhlizi olub. Üç ayrı boru kəmərini birləşdirən dəhliz Azərbaycandan Avropaya uzanır. 2020-ci ildə təbii qazın Avropaya ilk tədarükündən bəri dəhliz Ukraynadakı müharibə zamanı Avropanı enerji ilə təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir.

Kim deyib: “Cənub Qaz Dəhlizi Türkiyə, Yunanıstan, Bolqarıstan, potensial olaraq Albaniya və əlbəttə ki, İtaliya və bəlkə də Qərbi Balkan yarımadası üçün enerji müxtəlifliyini təmin etmək üçün son dərəcə vacibdir. Bunun nə qədər vacib olduğunu qiymətləndirməyə bilmərik".

Yeni marşrut?

Boru kəmərləri Azərbaycandan neft və təbii qazı Qərbə nəql etdiyi üçün ABŞ rəsmiləri Ermənistan ərazisindən keçən əlavə boru kəmərləri yaratmaqla Şərq-Qərb dəhlizini gücləndirməyə cəhd ediblər. Ermənistandan keçən boru kəməri dəhlizə daha bir marşrut əlavə etməklə yanaşı, Ermənistanı ölkədə hərbi mövcudluğu olan və Ermənistanı enerji ilə təmin edən Rusiyadan yayındıracaq.

Onilliklər boyu ABŞ-ın planlarının qarşısında duran əsas problemlərdən biri Qarabağ münaqişəsi olub. Nə qədər ki, Ermənistan və Azərbaycanın regionda fikir ayrılıqları davam edir, ABŞ rəsmiləri Ermənistanı daha geniş Şərq-Qərb enerji dəhlizinə inteqrasiya etmək üçün bir neçə variant görürlər.

“Dondurulmuş Dağlıq Qarabağ münaqişəsi olmasaydı, - deyə ABŞ diplomatları 2009-cu ildə bildirmişdilər, - Bakı-Tbilisi-Ceyhan boru kəməri Ermənistan ərazisindən keçməklə, tikintinin məsafəsini və dəyərini azalda bilər, həm də Ermənistanı həm alternativ qaz mənbəyi ilə təmin edərdi. Həm də çox ehtiyac duyulan tranzit haqları ilə".

Lakin son illər regional dinamika sürətlə dəyişib. Azərbaycan Qərbin enerji qovşağı kimi fəaliyyətindən kifayət qədər pul qazandığından, silaha daha çox pul xərcləməyə başladı. İsrail və Türkiyə Azərbaycana getdikcə daha təkmil silahlar satdıqca, Azərbaycan böyük arsenal qurdu və Ermənistan üzərində üstünlük əldə etdi.

“Digər Qərb ölkələri Azərbaycanı işğal olunmuş əraziləri geri qaytarmaq üçün müharibəyə sövq etmək qorxusundan Azərbaycana quru döyüş sistemləri satmaqdan çəkindiyi halda, İsrailin əhəmiyyətli silah satışı və onunla müqavilələrdən böyük fayda əldə etmək hüququ var", - deyə ABŞ diplomatları 2009-cu ildə bildirdilər.

Artan qüdrətindən və təsirindən ruhlanan Azərbaycan öz addımını atdı. 2020-ci ilin sentyabr ayının sonlarında Ermənistanla Azərbaycan arasında döyüşlər başlayanda Azərbaycan Silahlı Qüvvələri İsrail və Türkiyənin qabaqcıl silahlarından istifadə edərək Qarabağ ətrafındakı rayonları azad etdi.

Lakin Azərbaycan Silahlı Qüvvələri Qarabağa nəzarəti ələ keçirməmişdən əvvəl Rusiya müdaxilə edərək atəşkəsə məcbur etdi və bölgəyə 2000-ə yaxın sülhməramlı göndərdi. Müxtəlif müşahidəçilər bu nəticəni Rusiyanın qələbəsi adlandırsalar da, razılaşma uzun sürmədi.

Bu ilin sentyabrında Azərbaycan İsrailin əlavə silahları ilə silahlanmış Qarabağın qalan hissəsini ələ keçirməyə cəhd edib. Bundan sonra 100.000-dən çox etnik erməni ərazini tərk edərək Ermənistana gedib və bu gün də orada qalıblar.

Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirdikdən sonra ABŞ rəsmiləri Ermənistan və Azərbaycanı yeni enerji dəhlizinin əsasını qoya biləcək sülh razılaşmasına nail olmağa inandırmaq üçün səylərini təzələyirlər.

Ceyms O'Brayn noyabr ayında Konqresə demişdi: "Bu regionda görüləcək işlər var".

Dövlət Departamentinin rəsmiləri ABŞ-ın maliyyələşdirdiyi yeni enerji dəhlizinin tikintisi planlarını nəzərdən keçirir. O'Braynin qeyd etdiyi kimi, "bu tranzit dəhlizinin texniki-iqtisadi əsaslandırması əslində USAİD-in maliyyəsi ilə hazırlanıb, ona görə də biz orada iqtisadi gələcəyin nə ola biləcəyinə baxırıq".

Maneələr

Konqresmen Ceyms Kosta noyabrdakı dinləmələrdə deyib: “Eşitdiyimə görə, ermənilər bu dəhlizdən narahatdırlar və bunun Azərbaycanın daha bir torpaq zəbtinin nə demək ola biləcəyini hiss edirlər”.

Bununla bağlı ehtimal odur ki, Azərbaycan Rusiya ilə daha sıx əməkdaşlıq edə bilər. Bu, Azərbaycanın Rusiyanın xeyrinə olan Şimal-Cənub enerji dəhlizi yaratmaq üçün Ermənistan torpaqlarını ələ keçirmək istiqamətində hərəkətlərini asanlaşdırar.

Rusiya Ermənistanla təhlükəsizlik paktını dəstəkləsə də, Azərbaycanın Qarabağı azad etməsi səbəbindən münasibətlər gərginləşib və bu, Rusiyanın Azərbaycana tərəf keçməsinə şərait yaradır.

Tənqidçilər Vaşinqtonu ABŞ-ın Azərbaycanla münasibətlərinə yenidən baxmağa çağırdıqca, Konqresin bəzi üzvləri ABŞ-ın strategiyasını şübhə altına almağa başlayıblar.

Senator Mörfi sentyabrda bildirib ki, Birləşmiş Ştatlar “Azərbaycan resurslarını Avropaya köçürməklə səhv edib”.

Konqresin digər üzvləri Dövlət Departamentinin yeni enerji dəhlizinin regiona sülh gətirə biləcəyi ilə bağlı iddialarını şübhə altına alıblar.

Kosta deyib: "Mən sülh prosesinin bəzi insanların təsvir etdiyi kimi getdiyini düşünmürəm”.

Buna baxmayaraq, Dövlət Departamentinin rəsmiləri öz planlarına arxayındırlar. Onlar Ermənistan və Azərbaycan arasında razılığa gəlmək üçün səylərini davam etdirərkən, hətta Qarabağdan köçən ermənilərin heç vaxt öz evlərinə qayıda bilməyəcəyi anlamına gəlsə belə, Ermənistan vasitəsilə yeni enerji dəhlizi yarada biləcəklərinə ümidlərini davam etdirirlər.

AİD-in sözçüsü Aleksandr Sokolovski noyabrda Konqresdə demişdi: “Biz orta müddətdən uzunmüddətli dövrə keçərkən, bu insanların Ermənistana inteqrasiyasına kömək etmək üçün bəzi səylər göstərilməlidir. Onların çoxu Qarabağa qayıtmaq arzusundadır, lakin indi onlar Ermənistanda dolanışıq qurmaq fikrindədirlər”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər