12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Deportasiya Qurbanları Cəmiyyəti prezident seçkiləri ilə bağlı xalqa çağırış edib
Tarix: 15-12-2023 18:22 | Bölmə: Slayd
Deportasiya Qurbanları Cəmiyyəti prezident seçkiləri ilə bağlı xalqa çağırış edib

Deportasiya Qurbanları Cəmiyyətinin (DQC) İdarə Heyəti bəyanat yayıb.

Reyting.az
xəbər verir ki, 1988-ci ildən fəaliyyət göstərən DQC İdarə Heyətinin bəyanatında deyilir:

“Deportasiya Qurbanları Cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində istər işğal edilən Qarabağımız, istərsə də üzərində Ermənistan adlı saxta dövlət yaradılan Qərbi Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda savaşlarda təşkilatımız da öz sıralarından yüzlərlə şəhid verib, milli dövlətçiliyimiz uğrunda siyasi mübarizə aparıb, çoxsaylı konfrans, simpozium, toplantı və mitinqlər təşkil edib. Əsas hədəfimiz, əsas amalımız hər zaman Azərbaycanın istiqlalı, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı, Zəngəzur, Göyçə və digər tarixi torpaqlarımızın azad olunması, Türkiyə ilə ittifaqın yaradılması və möhkəmləndirilməsi olub”.

Bəyanatda xatırlanır ki, 35 illik çətin, iztirablarla dolu mübarizə illərindən sonra, nəhayət əsas hədəflərimizin astanasına yetişmişik:

“Qarabağın işğaldan azad edilməsi, ərazilərimizin separatçı və dağıdıcı ünsürlərdən təmizlənməsi, uzun illərdən sonra ilk dəfə Qərbi azərbaycanlıların məsələsinin beynəlxalq səviyyədə danışıqlar predmetinə çevrilməsi gözümüzün önündə baş verib. Ən əsası, Zəngəzur dəhlizi problemi və Zəngəzura qayıdış tələbləri dövlətimizin xarici siyasətinin, milli strategiyamızın əsas və aparıcı amilinə çevrilib. Bütün bunların nəticəsində təşkilat olaraq hesab edirik ki, öz məqsədlərimizə ən yaxın vaxtımız məhz indidir”.

Bəyanatda qeyd olunur ki, bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyəti nəticəsində mümkün olub, bu siyasət davam etdirilməli və xalqımızı növbəti uğurlara aparmalıdır.

Deportasiya Qurbanları Cəmiyyəti qarşıdan gələn prezident seçkilərdə indiki dövlət başçısı İlham Əliyevin namizədliyini müdafiə etməyi vacib sayır və xalqımızı 7 fevral seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırır.

Qeyd edək ki, Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətində Köçəri Nağıyev, xalq şairi Vahid Əziz, sabiq təhsil naziri, professor Firudin Cəlilov, sabiq baş prokuror Əli Ömərov, tanınmış alim, ziyalı Eldar Abbasov, tanınmış həkim, professor Paşa Qəlbinur təmsil olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər