12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin dünyanı imperiyalar çağına qaytarmaq istəyir
Tarix: 20-12-2023 13:30 | Bölmə: Slayd
Putin dünyanı imperiyalar çağına qaytarmaq istəyir

Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında açıq şəkildə bildirib ki, o, 2022-ci il fevralın 24-də genişmiqyaslı işğala başladığı vaxtdan bu yana dəyişməyib, məqsədlərinə çatdıqdan sonra Ukrayna ilə sülh müqaviləsi imzalamağa hazır olacaq.

O, Ukraynanın demilitarizasiyasını, yəni ərazisinin Rusiyanın hərbi və təhlükəsizlik nəzarətinə tabe olmasını istəyir. Üstəlik, “denazifikasiya”, yəni Ukrayna Rusiyanın siyasi nəzarətinə keçəcək.

Başqa sözlə, Rusiya Ukraynanı “udacaq” ki, Ukrayna müstəqil milli dövlət kimi mövcudluğunu dayandırsın.

Reyting.az xəbər verir ki, bu barədə “Project Syndicate” saytında İsveçin keçmiş baş naziri Karl Bildt yazıb.

Təhlildə qeyd olunur:

Putin dəfələrlə bəyan edib ki, Ukrayna üçün dövlət olaraq heç bir tarixi əsas yoxdur, çünki uzun müddət Rusiya İmperiyasının tərkibində olub. Ancaq oxşar bir şeyi bu gün bütün Avropa ölkələri haqqında demək olar. Bir çoxları əvvəllər Osmanlı, Avstriya-Macarıstan, Almaniya və ya Rusiya imperiyalarının boyunduruğu altına düşdülər. Qlobal miqyasda isə Birləşmiş Millətlər Təşkilatına daxil olan 193 ölkənin böyük əksəriyyəti yalnız İkinci Dünya Müharibəsindən sonra müstəqillik əldə edib. Putini narahat edən tarixi dövrdə indiki ölkələrin bir çoxu insanların təsəvvüründə belə mövcud deyildi.

Putin üçün problem ondadır ki, imperiyalar əsri çoxdan geridə qalıb. O, inadla qəbul etməkdən imtina edir ki, biz indi millət-dövlətlər əsrində yaşayırıq, BMT Nizamnaməsinin ərazi bütövlüyü prinsipi əsasında təşkil olunmuş və milli sərhədlərin güc yolu ilə hər hansı yenidən çəkilməsini qadağan edən beynəlxalq nizam var. Əvəzində o, Ukrayna və Belarusu (bəlkə də bir çox digər qonşu dövlətlərin ardınca) “udaraq” Rusiya imperiyasını yenidən yaratmaq haqqında fantaziyalar qurur.

Putin fəth müharibəsinə başlayanda açıq-aydın gözləyirdi ki, Ukrayna tez bir zamanda çökəcək. Ukrayna prezidenti Vladimr Zelenski istefa verəcək və bir neçə həftə ərzində Rusiyaya tabe marionet hökumət qurulacaq.

Lakin bu plan möhtəşəm şəkildə iflasa uğradı. Ukrayna əhalisi, xüsusən də onun silahlı qüvvələri “arzulanan çar”ın qarşısında baş əyməkdən imtina etdi. Əvəzində ukraynalılar şiddətli müqavimətdə birləşərək paytaxtlarına nəzarəti qorudular və sonra tədricən Rusiya qüvvələrinin əvvəlcə işğal etdiyi ərazilərin təxminən yarısını geri aldılar. Raketlərə və dronlara güvənən Ukrayna Rusiyanın Qara Dəniz Donanmasını faktiki olaraq sıradan çıxardı və onun hava hücumundan müdafiəsi ölkə üzərində virtual uçuşa qadağa zonası yaratmağa müvəffəq oldu.

Qərbin maliyyə dəstəyi və hərbi təchizatları, şübhəsiz, Ukraynanın müdafiəsi üçün mühüm əhəmiyyət kəsb etsə də, ən önəmlisi Ukrayna xalqının yüksək əhval-ruhiyyəsi və ölkəsini müdafiə etmək əzmidir. Rusiyada martda prezident seçkiləri keçirildiyi bir vaxtda Putin onun müharibəsində qələbənin xəyal olmadığına dair etibarlı arqument irəli sürməlidir. O, Rusiya iqtisadiyyatını müharibə vəziyyətinə saldı, 400.000 nəfəri səfərbər etdi, Kremlin təbliğat maşınını işə saldı və yeni postsovet zirvələrinə müxaliflərin repressiyasını apardı.

Ancaq bunların heç biri Putinə müharibədə qələbə qazandırmayacaq. Onun ağır zərbələrə məruz qalan ordusu Ukraynanın müdafiə xəttinə qarşı mənalı irəliləyiş əldə etməkdə aciz görünür. Onun yeganə ümidi odur ki, Ukrayna xalqının müqavimət əzmi sarsılacaq və Avropa və ABŞ-da “müharibə yorğunluğu” artmağa davam edəcək. Qərbin maliyyə və hərbi dəstəyi dayandıqdan sonra Ukraynanın əhval-ruhiyyəsi buxarlanacaq və onun qüvvələri hələ də müqavimət göstərən hər kəsi həbs edə, deportasiya edə və ya sadəcə olaraq edam edə biləcək.

Bununla belə, əgər Putin bu ssenarinin sülh gətirəcəyini düşünürsə, ciddi yanılır. Onun irəliləyən ordusu ilkin işğalda artıq kütləvi vəhşiliklər törətmişdilər və yenə də edəcəkdilər. Lakin bu dəhşətlər Avropanın qalan hissəsində siyasi iradəni gücləndirəcək, daha milyonlarla ukraynalı qaçqının qərbə doğru axması kimi. Avropa hökumətlərinin cavablarını proqnozlaşdırmaq çətin olsa da, onlar, şübhəsiz ki, Rusiya ilə sülhün təmin edilməsinə yönəlməyəcək. ABŞ-ın münasibətinin dəyişməsindən asılı olmayaraq, nəticənin Avropanın iqtisadi və sənaye gücü tərəfindən həll olunacağı daha geniş və daha uzun sürən münaqişə ehtimalını artırır.

Bir sözlə, Putinin başladığı müharibədə qalib gəlməsinin sadəcə yolu yoxdur. Sülh yalnız o məğlub olanda gələcək - yalnız ukraynalılar (Qərbin köməyi ilə) özlərini müdafiə etməyə müvəffəq olduqda və ruslar Putinin çılğın müharibəsinin öz gələcəklərini təhlükə altına atdığını görəndə gələcək.

Bunun nə vaxt baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil. Hələlik Putin hərbi cəhətdən məğlub olmadığından razı görünür. O, qarşıya qoyduğu məqsədlərdən heç birinə nail olmağa yaxın olmasa da, döyüş səylərinə inamı aşılamağa çalışır. Ancaq gec-tez onun Rusiyaya etdiklərinin acı reallığını gizlətmək mümkün olmayacaq.

Bir gün Rusiya nəhayət Putinin neoimperiya illüziyasından əl çəkəndə, Ukrayna və Belarus da daxil olmaqla, müstəqil milli dövlətlər müstəqil milli dövlət kimi öz gələcəyinə diqqət yetirməyə başlayacaq. Yalnız bundan sonra sülhdən danışmaq mümkün olacaq.

Y. QACAR





Bölməyə aid digər xəbərlər