12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Bala, bəlkə sən bilirsən, bu əsəri kim yazıb?” - Süleyman Rüstəmin xatirələri
Tarix: 30-12-2023 12:16 | Bölmə: Slayd
“Bala, bəlkə sən bilirsən, bu əsəri kim yazıb?” - Süleyman Rüstəmin xatirələri

Reyting.az Xalq şairi Süleyman Rüstəmin xatirələrindən daha birini oxuculara təqdim edir. Yaddaş boxçasından bu sovqat görkəmli ədib Cəlil Məmmədquluzadə haqqındadır.

Süleyman Rüstəm onun barəsində yazır:

Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim.

1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özündən əlavə sözlər uydurub söyləməkdən çəkinmirdilər.

Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:

- Annəciyim, həmşirəmizi mütləq bir qocaya vərməliyiz.

Ana: - Ay oğul, sən nə danışırsan, bacına yazığın gəlmir. O bədbəxti niyə həmşəriyə, özü də qoca həmşirəyə verək axı?

Peterburqda təhsil almış oğlunun rolunu oynayan Ağasadıq Gəraybəyli isə anasına belə müraciət etdi:

- Mama, sestramızın əsl ərə çıxan vaxtıdır, ya nə vozrajayu.

Salonda şiddətli gülüşlər oldu.

Bu dəmdə Mirzə Cəlil üzünü mənə tutub dedi:

- Bala, bəlkə sən bilirsən, bu əsəri kim yazıb?

Bu sual məni heyrətə saldı. Cürətlənib dedim:

- Mirzə, bu əsər sizindir axı.

O:

- Bəli, bəli, hər kim yazıbsa bəd yazmayıb, - deyib başını buladı və fikrə qərq oldu.

Mirzə Cəlil artistlərin atdığı şarjlara etirazını yalnız bu iki cümlə ilə bildirdi. Tamaşa çox gözəl idi. Lakin sənətkarlarımızın bəzi sərbəst hərəkətləri Mirzə Cəlili narahat etmişdi.

Yadımdadır, Bakıda qonaq olmuş gürcü yazıçıları vətənlərinə qayıdarkən bizi Gürcüstana dəvət etdilər. Biz 1929-cu ilin may ayında Tiflisə yola düşməli olduq. Nümayəndə heyətində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Hacı Kərim Sanılı, Cabbar Əfəndizadə, Seyid Hüseyn, Xəlil İbrahim, Əminbəyli, gənclərdən Mikayıl Müşfiq, Məmməd Rahim və mən vardıq. Onu da deməliyəm ki, böyük ədibimiz Cəfər Cabbarlı ilk dəfə idi ki, Biləcəri sərhədini keçirdi. Heyətn sədri Haqverdiyev, katibi mən idim.

Haqverdiyev mənə daha çox öz şəxsi katibi kimi baxırdı. İki həftəyə qədər sürən bu səfərdə xeyli söhbətlər oldu, xeyli nitqlər söyləndi. Mirzə Cəlil isə demək olar ki, cümlətani iki-üç vərəqə qədər söz deyə bilmişdi. O hər məsələyə ya bir sual ya bir cavab ilə müdaxilə edərdi. Səfərə çıxmaq üçün bizə Maarif Komissarlığından bilet əvəzinə tələbə bileti (pulsuz bilet) verdilər.

Bakı vağzalının bufetində canlı heykələ bənzəyən sədrimiz Əbdürrəhim bəy Haqverdiyev şirin-şirin söhbət edirdi. Mən biletləri qeyd etdirməyə gedərkən Mirzə Cəlilə müraciət etdim:

- Mirzə, siz Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin namizədisiniz. Sizə yumşaq vaqona pulsuz bir yer ala bilərəm.

O qoltuq cibindən vəsiqəsini çıxarıb mənə uzatdı...

- Xeyr, elə məni də yoldaşlar gedən vaqona qeyd etdir.

Mən getmək istəyərkən əlavə etdi:

- Xub, deyirsiniz ki, mənim bu namizədlik kitabçamla pulsuz-parasız bilet almaq olar?

- Bəli, Mirzə.

- Bəs onda niyə belə?

Mən əvvəl bu sualın mənasını başa düşmədim. Bunu sonra dərk etdim. Molla Nəsrəddin demək istəyirdi ki, bala, indiki İcraiyyə Komitəsinin üzvü də, namizədi də qatarla pulsuz səfərə çıxa bilər, bəs onda niyə məni üzv yox, namizəd seçiblər?! Elə üzv seçəydilər də. Vaqonumuz bir qədər qaranlıqdı.

Gürcü dostlarımızın bizi hansı vaqon qarşısında qarşılaması bizi düşündürürdü. Bir səslə qərara aldıq ki, böyük yazıçılarımız qatar Tbilisiyə çatana yaxın yumşaq vaqonlara gedib oradan düşsünlər.

Haqverdiyev, vaxtımız cansıxıcı keçməsin deyə öz həyatından bizə çox maraqlı səhnələr söyləyirdi. Molla əmi isə əsasını çənəsinə dayayıb gözlərini bir nöqtəyə zilləyərək sakitcə dinləyir və nə haqdasa düşünürdü. Artıq səhər açılırdı. Vaqonumuz da işıqlandı. Qatar Tbilisi vağzalına yaxınlaşırdı. Heç kəs yerindən qalxmaq istəmirdi. Haqverdiyevlə Mirzə Cəlil hamıdan tez durub əl-üzlərini yuyub geyinmişdilər. Haqverdiyev bir sədr kimi bizə müraciət etdi:

- Uşaqlar, Tbilisiyə az qalır. Tez, qalxın, əl-üzünüzü yuyun!

Yoldaşlarda bir hərəkət əlaməti görünmədi. Hamı kal oyanmışdı. Bu zaman hər şeyi dərindən duyan Mirzə Cəlil Haqverdiyevin dadına çatdı.

- Əbdürrəhim, uşaqlar əl-üzlərini yumasalar yaxşıdır. Qoy Tbilisi camaatı görüb və agah olsun ki, biz mazutlu Bakıdan gəlirik, bəli, bəli, mazutlu Bakıdan.

Bu sözlər hədəfə dəydi. Hamı əsgərsayağı qalxıb cəld əl-üzünü yumağa getdi.

***

Tbilisidə Azərbaycan yazıçılarının şərəfinə verilən qonaqlıqların birində Gürcüstan Yazıçılar İttifaqında çalışan bır qız oturmuşdu. Mirzə Cəlil qızın sol tərəfindəydi. Mirzə Cəlil hərdənbir əlindəki “Zarya Vostoka” qəzetilə qızın üzünü yelləyir və qulağına nə isə pıçıldayırdı.

Birdən gürcü qızı mənə donuz əti təklif etdi. Mən yeməkdən imtina etdikdə qız pərt olub dedi:

- Yeməsəniz durub yanınızdan getməyə məcburam. Qonağa nə versələr, yeməlidir.

Molla əmi də ona havadar çıxdı:

- Bala, niyə yemirsən? Ye, halalın olsun.

Mən çıxılmaz vəziyyətdə qalıb naçar... ilk və son dəfə o məclisdə donuz əti yedim.

Molla əmi gülümsəyərək dedi:

- Bala, daha sən müsəlmanlıqdan çıxdın, mübarək olsun!

Mən Molla əminin məclisdə qızla pıçhapıçının mənasını sonra başa düşdüm.

***

Tbilisidə xoş günlər keçirdik. Oradan gürcü yazıçılarıyla birlikdə Ermənistan yola düşdük. Yollarda sədrimiz Haqverdiyev bolluca nitqlər deyirdi.

Sevanda Mirzə Cəlil buz kimi suda çimərkən mahir üzgüçü olduğunu nümayiş etdirdi.

Ermənistanın paytaxtı Yerevan şüarlarla bəzənmişdi. Məclislərdən dostluq sədaları yüksəlirdi. Bir gün Ermənistan torpaq komissarlığının həyətində toplaşmışdıq. Tut təzəcə yetişirdi. Bağçada qocaman bir tut ağacı vardı. Mirzə Cəlil ağaran tutları nəzərdən keçirib dedi:

“Niyə, bəd deyil”.

Mən ağacın bir qoluna dırmandım. Budaqları silkələdim. Yaşıl otların üstü qar kimi ağardı. Mirzə Cəlil və digər yazıçılarımız tut yeməyə girişdilər.

Elə bu vaxt gözü qara eynəkli, əli əsalı, uzun çənə, mıx burun, arıq bir adam Molla əmini ağac altında yaxaladı. Mən tez ağacdan endim. Mirzə Cəlil ağac altında dövrə vurduqca, həmin adam da onu qarabaqara izləyib dəftərçəsindən ona öz şerini ucadan oxuyurdu. Həmin şerin bir bəndi yadımdadır.

İravan şəhərinə diqqət elə gör kimlər gəlib.

Bakıdan bizə qonaq hörmətli cimlər gəlib.


Bu adam gözlərini Molla əmiyə zilləyərək, öz şeri haqqında, onun fikrini bilmək istəyirdi. Mirzə Cəlil ona dedi:

“Bəli, cimlər gəlib. Cimlər, bəd deyil”.

Eynəkli adam ikiqat olub təşəkkür edəndən sonra hansı qəzet redaksiyasına isə daban aldı. Eynəkli adam "cimlər gəlib" deyəndə adları, familiyaları “cim”lə başlayan Mirzə Cəlili, Cəfər Cabbarlını, Əhməd Cavadı və Cabbar Əfəndizadəni nəzərdə tutmuşdu.

***

Bir gün Mirzə Cəlilin könlünə Naxçıvanı görmək düşdü. Bu barədə Haqverdiyevlə danışdı və onun boynuna qoydu ki, bu səfər getmək üçün heyətimizin baş rəhbəri Əminbəylidən icazə istəsin.

Əminbəylinl tanıyanlar bilir ki, o necə qanunbaz bir adamdı. Mirzə Cəlil və Haqverdiyev Əminbəylinin yanına getdi. Özünü qabağa verib Haqverdiyev bu xahişi Əminbəyliyə dedi.

O özündən çıxdı:

- Bu nə oyundur, canım? Bu axmaq fikir kimin başına gəlib? Dəstədən bir dəqiqə də ayrılmağa ixtiyarınız yoxdur... vəssalam.

Haqverdiyev dediyinə peşman olub başını aşağı saldı. Mirzə Cəlil acı təbəssümlə ona dedi:

- Əbdürrəhim, mən səni ağıllı adam bilirdim. Bu axmaq fikir sənin başına haradan gəldi?..

O gün Haqverdiyevin üzü gülmədi. Səfəri başa vurub erməni yazıçılarıyla birlikdə Yerevandan Azərbaycana yola düşdük.

Yolüstü qonaqları bir neçə rayon və şəhərlərimizə apardıq. Bu zaman Azərbaycan diviziyası həmin şəhərlərin birində təlim keçməkdəydi. Ordu hissələri musiqi müşayiəti ilə qarşımızdan keçirdi.

Haqverdiyevlə Şirvanzadə bir təpədə yan-yana durub nümayişi qəbul edirdilər. Şirvanzadə də tez-tez deyirdi:

- Salam, yoldaşlar!

- Əleyk salam.

Şirvanzadə:

- Yaşasın Şura Edirbecan.

Əsgərlər:

- Urra! - deyə cavab verirdi.

Haqverdiyev və Şirvanzadə yaman yorulmuşdu. Nümayişin sonunda diviziya komandiri zabit və əsgərlərə nə barədə isə əmr verdi. Birdən polad biləkli əsgərlər Haqverdiyevlə Şirvanzadəni alıb tutmağa başladılar. Şirvanzadənin və Haqverdiyevin göylərə ucalan nalə və fəryadları əsgərlərin “ura” sədaları altında batıb gedirdi.

İki ətli-canlı qocanınan ədibin halı çox pis idi. Hamımız özümüzü itirdik. Tez diviziya komandirinə müraciət etdik. Komandirin əmrilə əsgərlər nəhayət, bihal olmuş Şirvanzadədən və Haqverdiyevdən əl çəkdilər. Artıq iki möhtərəm yazıçı otların üstündə arxası üstə zorla ağır nəfəs alırdı. Onlar ancaq bir neçə dəqiqədən sonra özlərinə gələ bildilər.

Bu mənzərəni seyr edən Mirzə Cəlil gülümsəyərək dedi: - Döşünü qabağa verənin, çox danışanın aqibəti bax belə olar. Niyə, bəd deyil.




Bölməyə aid digər xəbərlər