12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Yeni ittifaq ABŞ-a qarşı genişlənir
Tarix: 12-01-2024 09:57 | Bölmə: Slayd
Yeni ittifaq ABŞ-a qarşı genişlənir

BRICS yeni üzvlərlə daha geniş siyasi, mədəni və iqtisadi coğrafiyanı əhatə edir və ABŞ-la rəqabət prosesinə daxil olur.

Reyting.az
xəbər verir ki, bunu Ankara Sosial Elmlər Universitetinin Afrika Araşdırmaları Bölməsinin rəhbəri, analitik Mürsəl Bayram bildirib.

M. Bayram dünya nizamı, supergücləır arasında rəqabət və hazırkı güc balansının perspektivləri ilə bağlı proqnozlarını açıqlayarkən qeyd edib.

Onun sözlərinə görə, 15-ci BRICS (Əvvəllər Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət qrup olub və hazırda genişlənir-red.) sammitində üzvlüyə dəvət edilən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Efiopiya, İran, Misir və Səudiyyə Ərəbistanı 2024-cü il yanvarın 1-dən rəsmi olaraq BRICS-ə qoşulub. Bununla da qrup üzvlərinin sayı 10-a çatıb. Təbii ki, qrupa yeni ad axtarışı gündəmdə olacaq. Çox güman ki, ilk növbədə BRİKS+ terminindən istifadə olunacaq.

BRICS-in genişlənməsi...

BRICS-in genişlənməsi mərkəzi ABŞ üzərində cəmlənmiş hazırkı dünya nizamına qarşı müxalifətin güclənməsidir. M. Bayramın fikrincə, daha ədalətli və çoxqütblü dünya nizamı axtarışını təmsil edən BRICS yeni üzvlərlə daha geniş siyasi, mədəni və iqtisadi coğrafiyaya müraciət edir. Onun sözlərinə görə, genişlənən BRICS-də Afrika və Yaxın Şərqin çəkisi xeyli artıb. Bu mənada qlobal geosiyasi çağırışların mərkəzi yenə Afrika və Yaxın Şərq olacaq.

Qeyd olunur ki, BRICS-ə dəvət olunan dövlətlərdən biri də Argentinadır:

“Amma bu ölkədə hakimiyyətə gələn prezident Miley əks-mövqe tutdu və BRICS-ə qoşulmayacaqlarını açıqladı. Argentina işi göstərir ki, hakimiyyətdə mümkün dəyişikliklər BRICS-in genişlənməsinə təsir edə bilər. Yeni qoşulan dövlətlərdə hakimiyyətin köklü dəyişməsi halında BRICS-ə üzvlüyün dayandırılması və ya xitam verilməsi mümkündür. Bu imkanlar BRICS-in hökumətdən yuxarı və daha institusional struktura malik olmasının vacibliyinə işarədir”.

BRICS və yeni üzvlər...

Yeni qoşulan üzvlərlə ümumi əhalisi 3,5 milyarda çatan BRICS hazırda dünya əhalisinin demək olar ki, yarısını təşkil edir. Analitik M. Bayram düşünür ki, bu, BRICS-in həqiqətən qlobal bir blok olması deməkdir:

“Yeni üzvlərin diqqəti çəkən cəhətlərindən biri də onların daha çox neft hasil edən ölkələr olmasıdır. Hazırkı strukturu ilə qlobal neft hasilatının ən azı 40 faizini təşkil edən BRICS bundan sonra karbohidrogen bazarında nəzərə alınacaq bir aktor olacaq. BRICS ölkələrinin ümumi iqtisadi həcmi də (28,5 trilyon dollar) əhəmiyyətli dərəcədə artacaq və dünya iqtisadiyyatının təxminən üçdə birinə uyğunlaşacaq”.

Analitikin fikrincə, BRICS-in dünya iqtisadiyyatında artan çəkisi Amerika kapitalının ixracını qidalandıran Bretton Woods sisteminin uzunmüddətli perspektivdə getdikcə səmərəsizləşməsi ilə nəticələnə bilər.

M. Bayram qeyd edib ki, BRICS-in yeni üzvlərə xarici siyasətlərində tarazlıq imkanı yaratması da mümkündür. Xüsusilə Amerikanın təsirini tarazlaşdırmaq istəyən ölkələr bu nöqtədə BRICS-ə üzvlükdən güc ala bilərlər. Özünə güvənən yeni üzvlər, BRICS-dən kənardakı rəqibləri ilə münasibətlərində öz aralarında problemləri minimuma endirmək və “törəmə güc” əldə etmək üçün motivasiya ola bilər.

Türkiyənin BRICS-ə qoşulması mümkündür?

Türkiyənin BRICS ilə əməkdaşlığa müsbət yanaşdığı məlumdur. 2022-ci ildə BRICS sammitində Misir və Səudiyyə Ərəbistanı ilə birlikdə Türkiyənin də üzvlüyünün müzakirə ediləcəyi qeyd olunurdu. Görünür, Türkiyəni üzvlüyə dəvət etmək qərarı olmadığından qrup bu məsələdə konsensusa gələ bilməyib. Əslində, Türkiyə 2023-cü ildə BRICS-ə üzv olmaq arzusunu bəyan edən 22 dövlət arasında olmayıb. Son vaxtlar mümkün qədər çoxölçülü və balanslaşdırılmış xarici siyasət yürüdən Türkiyənin həm Qərb dünyası, həm də BRICS-in Rusiya və Çin kimi əsas aktorları ilə yaxın əlaqələr qurduğu bir həqiqətdir, lakin bu, o qədər də asan olmaya bilər. Çünki bu, NATO üzvü olan bir ölkənin anti-NATO qrupuna qoşulmasıdır.

De-dollarizasiya hədəfi...

Dünyanın ən böyük neft ixracatçıları da daxil olmaqla 5 yeni ölkənin BRICS blokuna qoşulması qlobal ticarətdə ABŞ dollarının çəkisinin azalmasını sürətləndirə bilər. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanına səfəri zamanı Çin prezidenti Si Cinpin körfəz ölkələrinə neft və təbii qazın qiymətinin Şanxay birjasında yuanla olmasını təklif edib. Si Cinpinin səfərindən bir neçə ay sonra Çin Milli Dəniz Neft Şirkəti yuandan istifadəyə başlayıb. M. Bayram qeyd edib ki, beynəlxalq ticarətdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə 65 min ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal olunub. Eynilə, Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan digər valyutalarla ticarət etmək üçün danışıqlara açıq olduqlarını bildirib. Bu bəyanat neft-dollar sisteminin sona çatmasından daha çox şey deməkdir. Çünki de-dollarizasiya neft də daxil olmaqla bütün beynəlxalq ticarətin başqa valyutalarda həyata keçirilə bilməsidir. Braziliya və Çinin ikitərəfli ticarəti öz valyutaları ilə həyata keçirməyə dair son qərarı bu istiqamətdə atılan addımların başlanğıcıdır.

2023-cü ildə keçirilən sammitdə BRICS üçün istinad valyutasının hazırlanması üçün işçi qrupunun yaradıldığı, BRICS üzvlərinin öz yerli valyutalarında müqavilələr bağlayacaqları, ucuz və təhlükəsiz pulun təmin edilməsi üçün lazımi ödəniş sistemlərinin hazırlanacağı bildirilib. Bu çərçivədə 2024-cü ildə Rusiyada keçiriləcək BRICS sammitində üç məsələyə üstünlük veriləcək:

Birincisi, BRICS-in beynəlxalq maliyyə sistemində rolunun artırılması;

İkincisi, BRICS üzvü olan ölkələrin bankları arasında əməkdaşlığı artırmaq və üzv ölkələrin valyutalarından istifadə etmək;

Üçüncüsü, BRICS-ə üzv ölkələr arasında vergi və gömrük əməkdaşlığını inkişaf etdirmək.

BRICS ölkələrinin iqtisadiyyatları fərqli xüsusiyyətlərə malik olduğundan bu mərhələdə ortaq valyuta praktiki olmaya bilər, lakin beynəlxalq ticarətdə istifadə oluna bilən kriptovalyuta və ya qızıl əsaslı valyutanın ABŞ dollarına potensial rəqib olması mümkündür.

BRICS ölkələri hazırda qlobal Swift sistemindən kənarda maliyyə məlumatlarını və əməliyyatları mübadilə etməyə imkan verən rəqəmsal valyutalardan istifadəni müzakirə edirlər. Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı tərəfindən buraxılan Rəqəmsal Dirhəmi bu nöqtədə qabaqcıl inkişaf kimi qeyd etmək olar.

Çinin transsərhəd ödəniş sistemi müxtəlif ölkələrin bankları arasında yuan əməliyyatları üçün klirinq xidmətləri təklif edir. Hindistanın Vahid ödəniş interfeysi, Braziliya Mərkəzi Bankı tərəfindən hazırlanmış Pix adlı sürətli rəqəmsal ödəniş sistemi və bir çox Afrika ölkəsində istifadə edilən mobil pul (M-Pesa) BRICS tərəfindən rəqəmsal ödəniş sistemlərinin inkişafını asanlaşdıran nümunələrdir. Rəqəmsal valyutalar pulun tədarükünü və nəzarətini asanlaşdırır, pulu tez köçürməyə və onu əbədi olaraq izləməyə imkan verir. Buna görə də ortaq rəqəmsal valyuta BRICS tərəfindən nəzərdə tutulan de-dollarizasiya istiqamətində mühüm addım ola bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər