12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Macarıstan Avropa İttifaqında səsvermə hüququndan məhrum ola bilər
Tarix: 13-01-2024 12:04 | Bölmə: Slayd
Macarıstan Avropa İttifaqında səsvermə hüququndan məhrum ola bilər
Viktor Orban

Macarıstan Avropa İttifaqının (Aİ) əsas siyasi idarəetmə orqanı olan Avropa Şurasında səsvermə hüququndan məhrum edilə bilər.

Reyting.az
xəbər verir ki, gələn həftə Avropa Parlamenti bu məsələyə baxacaq.

Avropa Parlamentinin finlandiyalı deputatı Petri Sarvamaa “Twitter”də yazıb ki, Macarıstanı səsvermə hüququndan məhrum etməyə çağıran petisiyaya deputat həmkarlarından 120 səs toplayıb.

“İmzalar toplandı! Orbanı səsvermə hüququndan məhrum etməyə bir addım daha yaxınlaşdıq. Rəy güclü oldu, bu tarixi petisiyanı dəstəkləyən hər kəsə təşəkkürlər. Mən müxtəlif partiyalardan və bir neçə Aİ üzv dövlətindən 120 səs topladım”, - Sarvamaa yazıb.

Onun sözlərinə görə, hazırda Avropa Parlamentinin plenar zalında petisiyanın ideyasına yekun ümumi dəstəyin mümkün qədər tez bir zamanda qiymətləndirilməsi son dərəcə vacibdir:

“Bu, gələn həftə mümkündür, çünki gələn həftə parlament Macarıstanla bağlı qətnaməyə səs verəcək”.

Deputat qeyd edib ki, Avropa Parlamentinə təqdim olunacaq qətnamənin konkret məzmunu hələ təsdiqlənmə mərhələsindədir. Onun sözlərinə görə, Aİ Müqaviləsinin 7.2-ci maddəsi orada mütləq “müəyyən formada” yer alacaq. Məhz bu maddə Avropa İttifaqının qaydalarını və dəyərlərini dəfələrlə pozduğuna görə Aİ üzvü olan dövlətin müəyyən hüquqlarının dayandırılması imkanını nəzərdə tutur.

Onu da qeyd edək ki, baş nazir Viktor Orban 13 ildən artıqdır Macarıstanda hakimiyyətdədir və ölkəsinin müstəqil siyasət aparmasını təmin edir. Aİ-də Macarıstana qarşı qıcıqlanmanın bir səbəbi də Orbanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyidir. Budapeşt nəinki Ukraynaya silah və pulla kömək etməkdən imtina edir, həm də bütün üzv ölkələrin veto hüququndan istifadə edərək, Aİ-nin birgə yardımına mane olur.

Y. QACAR




Bölməyə aid digər xəbərlər