12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Zelenski və komandası müharibəni dondurmağa razı olmayacaq
Tarix: 15-01-2024 09:11 | Bölmə: Slayd
Zelenski və komandası müharibəni dondurmağa razı olmayacaq

“Ukrayna prezidenti Vladimir Zelenski heç vaxt Rusiya ilə müharibənin dondurulmasına razı olmayacaq”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bəyan edib.

Ukraynanın Rusiya ilə danışıqlara itələndiyi, Qərbin aparıcı ölkələrinin müharibəni dondurmağa çalışdığı barədə yayılan fikirlərə münasibət bildirən Yermak deyib ki, prezident və onun komandası heç vaxt münaqişənin dondurulması ilə razılaşmayacaq:

“Münaqişənin dondurulması Ukrayna cəmiyyəti tərəfindən qəbuledilməzdir. Ukraynaya dondurulmuş münaqişələr lazım deyil. Ukraynaya ədalətli dünya lazımdır. Ukrayna faktiki olaraq potensial təcavüzün qarşısını almaq istəyir”.

Yermak qeyd edib ki, Ukraynanın “sülh planı” üzrə danışıqların dördüncü raundunun bütün iştirakçıları Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və BMT Nizamnaməsi məsələlərində ümumi baxışa malik olsalar da, bütün mövqelər “tamamilə eyni” deyil.

“Qoşulmaqda olan bütün ölkələrin bu müharibənin sona çatmasına və sülhün bərqərar olmasına kömək etmək istəməsi vacibdir. Amma bunun necə həyata keçiriləcəyi ilə bağlı müxtəlif fikirlər var. Fərqli ölkələrin fərqli təcrübələri mövcuddur”,- deyə Ukrayna rəsmisi əlavə edib.

Yermak bildirib ki, Ukraynaya ABŞ-dan 60 milyard dollardan çox, Avropa İttifaqından isə 50 milyard avro vəsaitin ayrılması perspektivlərini müsbət qiymətləndirsə də, bununla bağlı çətinliklər yaranıb. Amma rəsmi şəxs əmin edir ki, tərəfdaşlar Kiyevi ərazi güzəştlərinə getməyə “sövq etmirlər”.

“Mən, demək olar ki, bütün yüksək səviyyəli görüşlərdə iştirak etmişəm və heç vaxt tərəfdaşlarımızın bizim tərəfimizdən hər hansı kompromis barədə danışdığını eşitməmişəm, bu bizim üçün qəbuledilməzdir. O cümlədən Krım məsələsi”, - deyə Yermak əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər