Ən qaynar bölgəyə sülhməramlı göndərmək istəyirlər
Tarix: 25-07-2024 13:54 | Bölmə: Slayd
Ən qaynar bölgəyə sülhməramlı göndərmək istəyirlər

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) keçən həftə Fələstin Administrasiyasının (FA) himayəsi altında asayişi qorumaq üçün Qəzzaya beynəlxalq qüvvələrin göndərilməsini rəsmən təklif edib.

BƏƏ-də siyasi məsələlər üzrə nazir köməkçisi Lana Nussəybə “Financial Times” qəzetindəki məqaləsində yazır ki, “müvəqqəti beynəlxalq missiya” humanitar böhranı həll edə, idarəçilik üçün zəmin yarada, bununla da “Qəzzanı işğal altındakı İordan çayının qərb sahili ilə yenidən birləşdirməyə yol aça bilər”.

O, BƏƏ-nin Qəzzaya qoşun yeritməyə hazır olduğunu bildirib.

Reyting.az xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.

Britaniya nəşrinin təhlilində qeyd olunur:

Bu təklif ötən cümə axşamı Əbu-Dabidə ABŞ, İsrail və BƏƏ rəsmiləri arasında müharibədən sonrakı Qəzzanın gələcəyini və bu cür qoşunların yerləşdirilməsini müzakirə edən görüşdən əvvəl ortaya çıxıb.

BƏƏ-nin hakim təbəqəsinə yaxın politoloq Abdulxaliq Abdulla qeyd edib ki, Əbu-Dabinin belə bir təşəbbüsdə iştirakı üçün bir neçə şərti var.

Bunlara FA-nın rəsmi dəvəti, FA daxilində əsaslı islahatlar və müstəqil baş nazirin təyinatı daxildir.

Abdulla vurğulayıb ki, Əmirliklər FA-nın Qəzzaya nəzarəti öz üzərinə götürəcəyinə dair təminat və İsrailin iki dövlətli həllə sadiq qalmasını istəyir.

Bununla belə, BƏƏ-nin belə bir qüvvə yaratmaq üçün müttəfiqlərə ehtiyacı olacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü “Sky News Arabia” telekanalına müsahibəsində bildirib ki, əgər iki dövlətli həll üzrə razılaşma əldə olunarsa, Türkiyə Qəzzada beynəlxalq qüvvəyə töhfə verməyə hazırdır:

"Fələstinlilərə dövlət verilsə, bu dövlət və sülh müqaviləsi üçün Türkiyə öz üzərinə düşəni etməyə hazırdır, bizim bununla bağlı heç bir problemimiz yoxdur”.

Fidanın əvvəllər beynəlxalq aktorların atəşkəs və sülh sazişini təmin edəcəyi qarantlıq modelini təklif etməsi nəzərə alınmaqla, Türkiyə uzun müddətdir potensial tərəfdaş hesab olunurdu. Ankara ilə Əbu-Dabi arasında əlaqələr son illərdə müxtəlif sahələrdə əməkdaşlıq sayəsində möhkəmlənib.

Türkiyənin perspektivləri ilə tanış olan iki nəfər “Middle East Eye”-a bildirib ki, Ankara hazırda beynəlxalq güclə bağlı müzakirələri vaxtından əvvəl və diqqəti yayındıran hesab edir.

Mənbə bildirib: “İsrail hələ də atəşkəs sazişi imzalamayıb, baxmayaraq ki, HƏMAS artıq razılaşıb. Bu, yalnız ictimaiyyətin diqqətini yayındıracaq və İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfərindən əvvəl ona vaxt qazandıracaq”.

Başqa bir mənbə, İsrailin davamlı atəşkəslə razılaşacağı təqdirdə Türkiyənin belə bir beynəlxalq qüvvəyə qoşulmasını nəzərdən keçirə biləcəyini və qarantların hər iki tərəfin iki dövlətli həllə aparan sülh sazişini müzakirə etmək istəyini təmin edəcəyini təklif edib:

"Ankara bu şərtlər yerinə yetirildikdən sonra bütün regional tərəflərin və tərəfdaşların cəlb olunduğu belə bir beynəlxalq güclə bağlı şəffaf danışıqlara açıq olacaq. Türkiyə bu təşəbbüsdə sadəcə olaraq İsrailin və ya Amerikanın əmrini yerinə yetirməyəcək və ya onların polis qüvvəsinə çevrilməyəcək”.

Əhəmiyyətli maneələr

Vaşinqton Qahirənin rəhbərlik etdiyi və ABŞ-nın dəstəklədiyi missiyanın iştirak edəcəyi müharibədən sonrakı Qəzza təhlükəsizliyi üçün plan hazırlayır.

Keçən ay “Middle East Eye” xəbər verib ki, Bayden administrasiyası ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) Fələstin Administrasiyasının təhlükəsizlik qüvvələri ilə koordinasiya məsuliyyətini həvalə etməyi düşünür.

CENTCOM-a hələ 2021-ci ildə İsraillə bağlı məsələlərdə yurisdiksiya verilmişdi.

ABŞ-nın yüksək səviyyəli müdafiə rəsmisi MEE-yə bildirib ki, Bəhreyn Qəzzaya sülhməramlılar yerləşdirməyə hazırdır. Bəhreynin polis və təhlükəsizlik qüvvələrinə Fələstin əsillilər, çoxlu pakistanlı və iordaniyalı daxildir.

Bu təklifə baxmayaraq, BƏƏ təşəbbüsü əhəmiyyətli maneələrlə, xüsusən də Əmirlik ilə münasibətləri gərginləşdirən FA ilə əlaqələrin yenidən qurulması tələbi ilə üzləşir.

Aprel ayında “Axios” nəşri Əmirliyin xarici işlər naziri Abdullah bin Zaid Ali-Nəhyanla fələstinli yüksək rütbəli məmur Hüseyn əl-Şeyx arasında keçirilən görüşün mübahisəli olduğunu bildirmişdi. Əmirlik rəsmisi Fələstin rəhbərliyini korrupsiyada ittiham edərək, onları “Əli Baba və 40 quldur” adlandırıb.

Məlumatlara görə, Netanyahu BƏƏ-yə Əmirlik qoşunlarının yenidənqurma işlərinin maliyyələşdirilməsi və Qəzzanın təhsil sistemində islahatların aparılması üçün yerləşdirilməsi istəyini ifadə edərək, anklavın əhalisinin "radikalizasiyadan azad edilməsinə" ehtiyac olduğunu bildirib.

Bununla belə, İsrailin baş naziri FA-nın Qəzzadakı hər hansı rəsmi rolunu rədd edir və iki dövlət həllinə əsaslanan siyasi prosesi bərpa etmək istəmir.

Ötən həftə İsrail parlamenti hər hansı Fələstin dövlətinin rədd edilməsinə səs verib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər