12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azad İsazadə: “Belə vəziyyət eskalasiyaya səbəb ola bilər”
Tarix: 06-08-2024 16:10 | Bölmə: Slayd
Azad İsazadə: “Belə vəziyyət eskalasiyaya səbəb ola bilər”

“Hesab edirəm ki, İran istəsəydi, hadisədən sonra maksimum iki gün ərzində İsrailə cavab verər, hansısa əməliyyat keçirərdi. Əgər bu baş verməyibsə, deməli, İran müharibədə maraqlı deyil. Amma nüfuzunu qorumaq üçün İsrailə cavab verməlidir. Bu halda imitasiya əməliyyatını müşahidə edə bilərik. Neçə ki, bundan əvvəl belə bir ssenarinin şahidi olduq”.

Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran və İsrail arasında yaranmış mümkün hərbi qarşıdurmadan danışarkən deyib.

A. İsazadə bildirib ki, indi vəziyyətlər gərgindir, müəyyən risklər mövcuddur, Yaxın Şərq, bütövlükdə dünya İran və İsrail arasında baş verənləri narahatlıqla izləyir:

“Təsəvvür edin ki, İran simasını qorumaq və İsrailə cavab vermək məqsədilə bu ölkəyə raketlər atır. Və ya regiondakı müvəkkil qüvvələri bunu həyata keçirir. Bu halda raketlərdən biri İsrail hava müdafiə sistemini keçir və hansısa vacib obyektə, eləcə də mülki binaya dəyir. Bu halda nə olacaq? Şübhəsiz ki, İsrail cavab verəcək. Belə bir vəziyyət isə eskalasiyaya səbəb ola bilər”.

İsazadənin fikrincə, indiki vəziyyət həm İranın imitasiya əməliyyatı ilə yekunlaşa, həm də geniş müharibəyə səbəb ola bilər. Belə böyük bir müharibədə itirənlər isə qazananlardan daha çox olacaq.

Mütəxəssis hər iki ölkənin potensialını qiymətləndirərkən deyib ki, yanaşma müxtəlifdir:

“Sözsüz ki, müasir hərbi texnoloji baxımdan İsrail öndədir. Amma Qəzza müharibəsi İsrailin resurslarının xərclənməsinə səbəb olub. O cümlədən canlı qüvvə baxımından itkiləri olmamış deyil. Ukrayna savaşı bizə göstərdi ki, Rusiya XX əsrin texnikası ilə silahlansa da, canlı qüvvə hesabına irəliləyə bilir və bu zaman insan itkisi onun üçün əhəmiyyət daşımır. Bu baxımından İran-İsrail məsələsini də birmənalı qiymətləndirmək asan deyil”.

Y. QACAR




Bölməyə aid digər xəbərlər