12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qüdrət Həsənquliyev: “Dövlətin idman siyasətinə yenidən baxılmalıdır”
Tarix: 11-08-2024 11:42 | Bölmə: Slayd
Qüdrət Həsənquliyev: “Dövlətin idman siyasətinə yenidən baxılmalıdır”

“Hökumət dövlətin idman siyasətinə yenidən baxmalıdır. Mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin rəhbərləri idman federasiyalarının prezidenti olmamalıdır. Onlar öz işləri ilə məşğul olmalıdırlar”.

Reyting.az
xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev Paris Olimpiadasının nəticələrindən danışarkən deyib.

Olimpiadadan gözləntilərinin daha böyük olduğunu bildirən Q. Həsənquliyev qazanılmış uğurlara şükür edir: “Mən qalibləri, onların məşqçilərini, Olimpiya Komitəsinin üzvlərini təbrik edirəm, daha böyük və yeni-yeni uğurlar arzulayıram”.

Q. Həsənquliyev əlavə edib ki, legionerlərin milliləşdirilməsi təcrübəsinə son qoyulmalıdır: “Olimpiadada bizi təmsil edən milliləşdirilmiş idmançıların sayı soydaşlarımızdan dəfələrlə çox idi. Bu reallıq ölkəmizdə idmanın inkişafının göstəricisi sayıla bilməz. Federasiya rəhbərləri milliləşdirilmiş idmançılardan tələb etməlidir ki, ən azından kurslara yazılıb dövlət dilində bir neçə kəlmə deməyi, öz azarkeşlərinə təşəkkür etməyi, yaxud onlardan üzr istəməyi öyrənsinlər. Çoxlarına bu kimi məqamlar kiçik görünsə də, azarkeşlərdə narazılıq yaradır”.

Partiya sədri qeyd edib ki, Azərbaycan özü idmançı hazırlamalı, uşaq idmanının inkişafı üçün Dövlət Proqramı qəbul edilməlidir: “Vəsait xarici idmançı cəlbinə yox, daha çox bu istiqamətə yönəldilməlidir. Avropa kubokları uğrunda yarışlara qatılan futbol klublarımıza baxın, meydana yalnız bir, ən yaxşı halda iki yerli futbolçu çıxır. Belə olmamalıdır, vəziyyəti dəyişmək üçün ciddi qərarların qəbuluna ehtiyac var. Bir daha bizə böyük sevinc yaşatmış qalibləri, onların ailə üzvlərini təbrik edirəm”.(xalqcebhesi.az)




Bölməyə aid digər xəbərlər