12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Gənclərin psixi sağlamlıq problemi artır - Həyəcan təbili
Tarix: 15-08-2024 11:33 | Bölmə: Slayd
Gənclərin psixi sağlamlıq problemi artır

10-24 yaş arası insanlardakı ümumi xəstəlik yükünün ən azı 45 faizi psixi sağlamlıq problemlərindən qaynaqlanır.

Reyting.az
xəbər verir ki, belə bir nəticə avstraliyalı psixiatr Patrik Makqorrinin sədrliyi ilə Britaniyanın “Lancet” tibb jurnalının ekspertlər komissiyasının apardığı qlobal araşdırma zamanı üzə çıxıb.

Professor P. Makqorrinin rəhbərliyi ilə hazırlanmış hesabatda qeyd olunur ki, gənclərin psixi sağlamlığı pisləşsə də, qlobal sağlamlıq büdcələrinin yalnız 100-də 2-si psixi sağlamlıq xidmətlərinə ayrılır.

Makqorrin deyib ki, gənclərin psixi sağlamlığındakı problemlər ən ciddi ictimai sağlamlıq problemidir. Onun fikrincə, gənclərin psixologiyasının korlanmasında liberalizmin hər şeyin əmtəə olduğu iqtisadi nəzəriyyəsinin böyük payı var.

Makqorrinin sözlərinə görə, qlobal fərdiyyətçilik və rəqabət nizamı sosial bağları məhv edir, ictimai rifahı aşındırır və zərərli sənayeləri gücləndirir. “İndiki gənclərdə əvvəlkindən daha çox təhlükəsizlik problemləri və ümidsizlik var. Gənclərin üzləşdiyi problemlər görünməmiş dərəcədə dağıdıcı və həmişəkindən daha pisdir”,- professor əlavə edib.

Psixiatr Paul Denboro isə gənclərin bir çox stres faktoru ilə üzləşdiyini deyib.

Mütəxəssislər gənclərin psixi sağlamlığının pisləşməsinin əsas səbəblərini belə izah edirlər:

1) İşsizlik, qeyri-müəyyən məşğulluq, bahalıq, ev kirayəsini verməyə çatmayan maaşlar, iqlim böhranı.

2) Sosial media və digər rəqəmsal platformaların gənclərə təzyiqi və yanlış istiqamətləndirmə.

Komissiyanın hesabatında internetdən ən çox istifadə edən qrup gənclərin olmasının rəqəmsal hüquqi tənzimləməni daha da vacib etdiyi vurğulanıb.

Bildirilir ki, bir çox məsələlərdə bərabərsizlik və ədalətsizlik gənclərə də mənfi təsir göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü deyib ki, aşağı və orta gəlirli ölkələrdə psixi sağlamlıq xidmətləri göstərilmir: “Bununla belə, bütün ölkələr gənclərin psixi sağlamlığının pisləşməsinə qarşı tədbir görməlidir”.

ÜST nümayəndəsinin fikrincə, dövlətlərlə yanaşı, məktəb müşavirlərinin və qeyri-hökumət təşkilatlarının da işi çox vacibdir. O əlavə edib ki, ÜST gənclərə psixi sağlamlıq xidmətlərinin göstərilməsi üçün ölkələri dəstəkləyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər