13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Müsavat Partiyası Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir
Tarix: 02-09-2024 15:21 | Bölmə: Slayd
Müsavat Partiyası Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir

Müsavat Partiyası Mərkəzi Seçki Qərargahı növbədənkənar seçkilərin nəticələri barədə ilkin rəyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, Mərkəzi Seçki Qərargahının rəyinə görə, 1 Sentyabr 2024-cü il tarixli parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün seçkiqabağı demokratik mühit olmayıb, demokratik qanunvericilik bazası, bərabərhüquqlu siyasi rəqabət imkanları təmin edilməyib.

Bildirilir ki, seçki ərəfəsində ölkədə sərbəst toplaşmaq hüququ, söz və ifadə azadlığı təmin edilməyib, müxalifətdə olan siyasi partiyalara, müstəqil ictimai təşkilatlara, jurnalistlərə, hakimiyyətin siyasətini tənqid edən sosial media istifadəçilərinə qarşı təzyiq və təqiblər davam edib.

Sənəddə deyilir ki, Müsavat Partiyası nümayəndələrinin və müstəqil müşahidəçilərin məlumatına görə, seçkilərdə seçici fəallığı çox aşağı olub. Bəzi məntəqələrdə saatlarla heç bir seçici olmayıb:

“Səsvermə kütləvi pozuntularla, eyni şəxslərin və eyni qrupun çoxsaylı səslərilə, bülletenlərin atılması və müşahidəçilərə təzyiqlə müşayiət olunub.

Bu pozuntular aktlaşdırılıb, internetdə bu faktların video görüntüləri yayılıb.

Müsavat Partiyasının namizədləri olan seçki dairələrinin əksər məntəqələrində məntəqə seçki komissiyaları səsvermə başa çatdıqdan sonra səslərin sayılmasından, protokolların tərtib olunmasından imtina ediblər.

Seçkilərin ilkin nəticələri yuxarıdan diqtə edilmiş uydurma rəqəmlərə uyğun olaraq elan edilib”.

Qeyd olunanları nəzərə alaraq, Müsavat Partiyası bildirir ki, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər "azad və ədalətli olmayıb".

Seçkilər beynəlxalq demokratik standartlara, hakimiyyətin Azərbaycan dövlətinin üzv olduğu beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə cavab verməyib.

Müsavat Partiyası azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsini əks etdirməyən seçkilər nəticəsində formalaşan Milli Məclisi legitim qanunverici orqan hesab etmir.

Müsavat Partiyası seçkilərin nəicələrinin ləğv edilməsini, ölkədə hüquqi dövlət, demokratik cəmiyyətin qurulmasını təmin edəcək islahatların, o cümlədən seçki islahatlarının aparılmasını, Milli Məclisə yeni seçkilərin keçirilməsini tələb edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər