Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır
Tarix: 10-09-2024 09:31 | Bölmə: Slayd
Rusiya Ukrayna ilə danışıqlar üçün vasitəçilər axtarır

Kreml çox güman ki, Ukraynaya qarşı müharibədə beynəlxalq sülh vasitəçiliyi yaratmağa çalışır. Eyni zamanda, Rusiya tərəfi ukraynalılarla xoşməramlı danışıqlarda iştirak etmək istəmədiyini nümayiş etdirir.

Reyting.az
xəbər verir ki, belə bir qənaətə ABŞ-nın Müharibə Araşdırmaları İnstitutu (ISW) gəlib.

ISW-nin hesabatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov sentyabrın 9-da Səudiyyə Ərəbistanında Rusiya-Körfəz Əməkdaşlıq Şurasının iclası çərçivəsində Braziliyanın xarici işlər naziri Mauro Vieira və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə görüşüb.

Lavrov həmsöhbətləri ilə Ukraynadakı müharibəni müzakirə edib. Lakin Rusiya Xarici İşlər Nazirliyi təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Braziliya və Çin Xalq Respublikası may ayından etibarən altı bənddən ibarət “Ukrayna böhranının siyasi həlli” sülh planını irəli sürür və bu planın əsas prinsipləri Rusiyanın xeyrinədir.

Hindistanın baş naziri Narendra Modi bu yaxınlarda Kiyevə gələrək Hindistanın beynəlxalq hüquq prinsipləri, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında Ukraynada sülhün bərqərar olmasını dəstəklədiyini rəsmən təsdiqləyib.

Eyni zamanda, Lavrov Rusiyanın Ukrayna ilə xoşməramlı danışıqlar aparmaq istəmədiyini nümayiş etdirən Kremlin mövqeyini təkrar edərək, Ukraynanın “sülh formulu”nun “ultimatum” olduğunu deyib. Onun sözlərinə görə, Rusiya bu planı heç vaxt ciddi saymayıb.

Onu da qeyd edək ki, Almaniya kansleri Olaf Şoltsun da Rusiya və Ukrayna üçün “sülh planı” hazırladığı bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər