15:53 / 20-09-2024
Yerə asteroid yaxınlaşır
12:30 / 20-09-2024
Sabah yağış yağacaq
“Əsrin müqaviləsi”... - Tarixi və strateji aspektlər
Tarix: 20-09-2024 16:08 | Bölmə: Slayd
“Əsrin müqaviləsi”... - Tarixi  və strateji aspektlər

“XX əsrin son onilliyində öz müstəqilliyini bərpa edən Azərbaycan tarixi sınaqlarla üz-üzə qalmışdı. Bu baxımdan, “Əsrin müqaviləsi” elə bir dövrdə reallaşdırıldı ki, həmin dövr Azərbaycan xalqının taleyüklü məsələlərinin həll olunduğu bir dövr idi. Çünki ölkə iqtisadiyyatı tamamilə dağıdılmışdı. 1990-cı illərin əvvələrində hakimiyyətdə olanların səriştəsizliyindən Azərbaycanda xaos hökm və özbaşınalıq hökmranlıq edirdi. Vətəndaş qarşıdurması güclənmişdi, bir tərəfdən də mənfur ermənilər xarici havadarlarının dəstəyi ilə torpaqlarımızı işğal etmişdilər. İnsanlar ümidsizliyə qapılmış və sarsıntılar içində qalmışdılar. Azərbaycanın dövlətçilik atributları gücləndirilməmiş və iqtisadi islahatlara başlamaq üçün zəmin yaradılmamışdı. Dövlət büdcəsi boş idi və sosial proqramlar işləmirdi. Əsas sənaye sahəmiz olan neft sənayesi baxımsız vəziyyətdə idi, neft hasilatı minimum səviyyəyə enmiş və bu sahənin maddi - texniki bazası yenilənməmişdi”.

Bunu Reyring.az-a UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev deyib.

Professor xatırladıb ki, belə bir şəraitdə Azərbaycan xalqı üzünü öz xilaskarına - görkəmli dövlət xadimi Heydər Əliyevə tutub və ona sonsuz inamını nümayiş etdirib: “Bütün bunlara rəğmən, həm də tarixi vətəndaşlıq məsuliyyətini dərindən dərk edən Ulu öndər Heydər Əliyev çoxsaylı təhlükələrə və problemlərə baxmayaraq, xalqın xilası üçün özünün və ailə üzvlərinin həyatını təhlükəyə atdı, özünün dediyi kimi, həyatının qalan hissəsini canından çox sevdiyi Azərbaycan xalqına həsr etdi.

Heydər Əliyev 1993-cü ilin ortalarında ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə yığılıb qalmış mürəkkəb problemləri bir-birinin ardınca və kompleks şəkildə həll etməyə başladı. Xalqın hakimiyyətə inamını geri qaytardı, xalqı ümidsizlikdən çıxardı. İqtisadi xaotik prosesləri, xüsusilə tüğyan edən inflyasiyanı cilovladı, maliyyə-kredit sistemini və makroiqtisadi sabitliyi təmin etdi. Dövlətin idarəetmə strukturları gücləndirildi, ali qurumlar və institusional dövlət orqanlarının təşkili prosesləri sürətləndirildi. İqtisadi islahatlara hazırlıqlar görülərək başlanıldı və iqtisadiyyatın bütün sahələri üzrə sabitliyin təminatı tədbirlərinin icrasına start verildi”.


Şəfa Əliyev

Şəfa Əliyevin sözlərinə görə, dahi zəkaya malik Heydər Əliyev dərindən anlayırdı ki, Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və dünya iqtisadiyyatının tərkib hissəsinə uğurla daxil edilməsinin açarı və təməl daşı neftlə bağlıdır və neft sənayesindən asılıdır: “Bu sənaye sahəsinin mahir bilicisi olan Ulu öndər gərgin rejimdə neft sənayesinin böhrandan çıxarılması və inkişafı yollarını aramağa başladı. Ölkədəki ağır şəraitə, çoxlu problemlərin olmasına baxmayaraq Heydər Əliyev müstəqil Azərbaycanın bir dövlət kimi ən ağır taleyüklü məsələsi olan – milli resurslardan və sərvətlərdən xalqın rifahı, milli maraqlar qorunmaqla istifadəsi strategiyasını işləyib hazırlaya bildi. Beləliklə, tarix tezliklə Neft Strategiyasının mükəmməliyinə şahid olacaqdı, eyni zamanda dünya “Əsrin müqaviləsi”ndən xəbər tutacaqdı. Amma, Heydər Əliyev çalışırdı ki, xalqımızın milli sərvəti olan neftdən istifadə şərtləri ölkəmiz üçün maksimum səmərəli olsun və gələcəkdə bu sahənin hesabına milli iqtisadi inkişaf modelinin gücləndirmək potensialı formalaşdırılsın. Həmin dövrdə dünya kompaniyaları özlərinə sərf edən şərtlərdə maraqlı idilər. Bununla belə, Heydər Əliyev dühası bir sipər olaraq milli maraqlarımıza zidd olan halların qarşısını kəsdi.

Nəhayət dünyanın 8 ölkəsinin və 13 iri neft şirkətlərinin iştirakı ilə “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakıda – “Gülüstan” sarayında imzalandı. Həmin tədbirdə Böyük Britanya, ABŞ, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdən yüksək səviyyəli rəsmi şəxslər iştirak ediblər. Bu tarixi imzalanma mərasimində Heydər Əliyev xüsusilə vurğulayıb: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu kontraktı imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir. Bu kontraktın imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu kontrakt əsasında sıx birləşir, böyük əməkdaşlığa başlayırıq və mən şübhə etmirəm ki, əməkdaşlığımız uğurlu olacaqdır, buna maneçilik törədən bütün qüvvələr dəf ediləcəkdir, müstəqil Azərbaycan Respublikası öz taleyinin, öz sərvətlərinin sahibi kimi bu əməkdaşlıq sahəsində dünya birliyində, dünya iqtisadi birliyində öz layiqli yerini tutacaqdır”.

Şəfa Əliyev qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başlayıb: “Ölkədə bazar iqtisadiyyatı mexanzimləri və infrastrukturun yaradılması prosesləri sürətləndirildi. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti təşkil olundu və bu Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə birlikdə geniş həcmli tarixi işlərə başladı. “Əsrin müqaviləsi” növbəti illərdə dünyanın 19 ölkəsinin 41 Neft Şirkəti ilə 30-dək Sazişin imzalanmasına imkan verib. Azərbaycan xalqının milli sərvəti olan – karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına çıxarılmasını nəzərdə tutan “Əsrin müqaviləsi”nin dünyada bu qəbildən olan ən iri sazişlərdən biri kimi tarixə düşüb. Müqavilə əsasında 2005-ci ildən başlayaraq neft hasilatının həcmi əhəmiyyətli şəkildə yüksəlməyə başlayıb və artıq 2010-cu ildə Azərbaycan neft sənayesinin tarixində ən iri həcmində illik neft hasilatı qeydə alınıb. Həmin il neft hasilatının ümumi həcmi 50,8 mln. ton təşkil edib”.

Professor bildirib ki, Azərbaycanda “Neft strategiyası”nın reallaşdırılması ilə bağlı həyata keçirilən önəmli tədbirlərin sırasında hasil olunan neft məhsullarının dünya bazarlarına çıxarılması infrastrukturunun yaradılması əhəmiyyətli yer tutub: “Hələ “Əsrin müqaviləsi”nin icrasının ilk illərində hasil olunacaq neftin dünya bazarlarına nəqli problemləri ciddi narahatlıq doğururdu. 1998-ci ilin oktyabr ayında bununla əlaqədər olaraq Ankara bəyannaməsi imzalanıb. Bu bəyannaməni imzalayan ölkələr sırasında Azərbaycan, Türkiyə, ABŞ, Gürcüstan, Qazaxıstan və Özbəkistan yer alıb. Beləliklə, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsi üçün Beynəlxalq səviyyədə güclü dəstək formalaşdırıldı və bu amil sonrakı illərdə layihənin reallaşdırılması istiqamətində önəmli addımlar atdı. 1999-cu ilin noyabr ayının 18-19-u tarixlərində İstanbulda ATƏT-in Sammitində Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan dövlətlərinin başçıları, həmçinin ABŞ prezidenti birgə sənəd imzalayaraq, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması layihəsinə yüksək dəstək verdilər. Həmin sənədə əsasən bu layihənin adı yeniləndi və Bakı-Tbilisi-Ceyhan (BTC) olaraq adlandırıldı. Müəyyən hazırlıq işlərindən sonra, nəhayət 2003-cü il sentyabr ayının 10-da boru xəttinin inşasına başlandı və uğurla başa çatdırıldı”.



BTC-nin ümumi uzunluğunun 1767 km təşkil etməsinə diqqət çəkən Ş. Əliyev qeyd edib ki, Azərbaycanın payına bu ərazinin 443 kilometri, Gürcüstanın payına – 248 kilometr və Türkiyənin payına isə 1076 kilometr düşür: “Kəmərin istismar müddəti 40 ilə hesablanıb. Bu kəmərin ötürücülük qabiliyyəti gündə bir mln. barel təşkil edir və lazım gələrsə, bunun artırılması mümkündür. BTC-nin illik neft nəqli potensialı 60 mln. tondur. BTC-nin idarə və istismar prosesləri SOCAR-ın törəmə müəssisəsi kimi fəaliyyət göstərən Bakı-Tibilisi-Ceyhan boru kəmərin Kompani (BTC ko) 11 səhmdar tərəfindən təşkil olunub və ən iri səhmdar olan BP tərəfindən idarə edilir. Azərbaycan BTC Ko-da 25 faizlik paya malikdir. Bu kompaniyanın maliyyə vəsaitləri və maliyyələşdirmə məsələləri Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. BTC üzrə neftin nəqlinə 2006-cı ildə başlanılıb. BTC təkcə neftin nəqli kimi mühüm əhəmiyyət kəsb etmir, həm də Azərbaycanın Gürcüstan və Türkiyə ilə birlikdə sıx həmrəyliyini, regionun və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın vacib tərəfdaş olduğunun təcəssümü kimi dəyərləndirilir. Bu boru xəttinin eyni zamanda mühüm siyasi əhəmiyyəti var. Çünki bu layihənin iştirakçısı olan dövlətlərin daha məhsuldar əməkdaşlığı, sülhün və sabitliyin əsas göstəricilərindən biri kimi xarakterizə olunması bu amillərindəndir”.

Professor sonrakı proseslərdə Cənub Qaz Dəhlizi və Bakı-Tibilisi-Ceyhan enerji nəqli layihələri ilə yanaşı, bir neçə beynəlxalq əhəmiyyətli təbii qazın nəqli layihələrinə də diqqət çəkib: “TANAP layihəsi - Azərbaycan və Türkiyə hökumətləri arasında razılığa əsasən 2012-ci il 26 iyun tarixində İstanbulda imzalanıb. Layihəyə görə Azərbaycandan göndəriləcək təbii qaz Türkiyənin geniş bir ərazisində, onun Şərqindən Qərbinədək olan sərhədlərinədək tranzit qaz sistemini təmin edir. Bundan əlavə, yeni nəql potensialı hesabına Avropa Birliyi ölkələrinə Azərbaycan təbii qazının ixracı və yönəldilməsi həyata keçirilir. Bu layihə üzrə ilk təbii qaz Türkiyə ərazisinə 2018-ci ildə daxil olub. Təbii qaz boru kəmərinin ümumi ötürücülük gücünün tədricən artırılması nəzərdə tutulub.

Transadriatik Qaz kəməri (TAP) layihəsi – İtaliya, Yunanıstan və Albaniya hökumətləri arasında əldə edilmiş razılığa əsasn 2013-cü il fevral ayının 13-də imzalanıb. Bu beynəlxalq qaz boru kəmərinin vasitəsi ilə Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Qərbi Avropaya nəqlini təmin edir. TAP vasitəsi ilə il ərzində nəql olunacaq qazın ümumi həcm 10 mlrd. m3, 2027-ci ildə isə tədricən ildə 20 mlrd. m3 səviyyəsinə çatdırılacaqdır. Qərbi Avropaya Azərbaycan qazının nəqli 2020-ci ilin dekabrın 31-dən başlanılıb. TAP-ın ümumi uzunluğu 806 kilometrdir. Bunun Yunanıstan ərazisindəki hissəsi 478 kilometrdir, 105 kilometr hissə Adriatik dənizinin dibindən, 8 kilometr hissəsi İtaliya ərazisinə düşür, yerdə qalan 215 kilometr isə Albaniyadan keçir”.

Ş. Əliyev hesab edir ki, “Əsrin müqaviləsi”nin bağlanması Azərbaycan iqtisadiyyatının inkişafına güclü təkan verib, nəticədə ölkəmizə yeni texnologiyalar, innovasiyalar və mütərəqqi idarəetmə metodları gəlməyə başlayıb: “Bazar iqtisadiyyatı mexanzimlərinin intensiv tətbiqi hesabına milli iqtisadiyyatın müasir fəaliyyət mexanzimləri formalaşdırıldı, sahibkarlığın və biznesin inkişafına əlverişli mühit yaradıldı. Azərbaycanda iqtisadi islahatların əsas fazasının səmərəli təşkil olunması mümkünləşdi və bu proseslərdə neft sənayesi özünün lokomotiv funksiyasını layiqincə yerinə yetirdi.

Davamlı və sistemli, həmçinin Heydər Əliyev dühası, müdrikliyi və uzaqgörənliyi ilə mükəmməl hazırlan və ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında neft strategiyasında nəzərdə tutulan uzunmüddətli dövrə hesablanmış hədəflərin reallaşdırılması sayəsində ölkəmizdə neft hasilatı ilə yanaşı, təbii qaz hasilatı üzrə, həmçinin neft və təbii qazın dünya bazarlarına çıxarılması istiqamətində iri layihələrin reallaşdırılması mümkün olub. Regionun ən iri neft və təbii qaz nəqli layihələri Azərbaycanın təşəbbüsü və fəal maliyyə dəstəyi ilə həyata keçirilib.



“Əsrin müqaviləsi”nin nəticələri sayəsində Azərbaycan qlobal səviyyədə strateji təşəbbüsləri, xüsusilə enerji təhlükəsizliyi sahəsində siyasəti ilə güclü imic qazanmış və etibarlı ölkə - partnyor səviyyəsinə yüksəlib. Məlumdur ki, dünya ölkələrində və beynəlxalq təşkilatlar səviyyəsində baxılan qlobal problemlər nə dərəcədə mürəkkəbdir və onların həlli yollarının tapılması o qədər də asan deyildir. Xüsusilə, iqlim dəyişikliklərindən irəli gələn problemlər ildən-ilə mürəkkəb xarakter almaqdadır. Buna görə də beynəlxalq səviyyədə enerji resurslarıının mübadiləsinin səmərəli şəkildə təşkil edilməsi, o cümlədən yaşıl enerjinin fəal olaraq dünya bazarlarına çıxarılması problemlərinin həll olunması prioritetlik təşkil etməkdədir.

Bu qeyd olunanlar baxımından, Avropanın enerji təhlükəsizliyində ildən-ilə strateji partnyor statusunu möhkəmləndirən Azərbaycan özünün karbohidrogen resurslarını enerji təminatında problemlər yaşayan Avropa ölkələrinə çıxarmaq üçün önəmli addımlar atmaqdadır. Digər tərəfdən, təbii qaz xammalı ilə yanaşı, başqa alternativ enerji resurslarının istehsal edilməsi və yüksək tələbata malik olan Avropa bazarına çıxarılması məsələləri də ciddi önəm kəsb edir. “Yaşıl” iqtisadiyyatın güclənməsi və yaşıl enerjinin istehsalının artırılması bir çox problemlərin həllində, o cümlədən, ekoloji problemlərin və resurs çatışmazlığınını həllində vacib rol oynayır. Bunlarla yanaşı, insan fəaliyyətinin və müdaxiləsinin ətraf mühitə mənfi təsirlərini azaltmağa imkan yaradır. Atmosferin çirklənməsini azaldır və təbiət, həm də insalar üçün daha zərərsiz enerji resursların mənbələri formalaşır. Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən 2027-ci ilədək Avropaya təbii qaz ixracatı 2 dəfə artırılacaq və 20 milyard kubmetr səviyyəsində olacaqdır. 2023-cü ildə TAP kəməri vasitəsilə Avropaya 10 milyard kubmetr qaz ixrac edilib.

Azərbaycan təkcə yerin təkindən çıxarılan təbii qazla kifayətlənməyərək, özünün yaşıl enerji potensialını obyektiv olaraq qiymətləndirməkdədir və bununla bağlı davamlı işlər görür. Xəzər dənizinin Azərbaycana aid olan hissəsində küləkdən əldə olunan yaşıl enerji potensialı 157 qiqavat həcmindədir. Bundan əlavə, ölkəmizin quru ərazilərində əlavə olaraq 27 qiqavat yaşıl enerji imkanları vardır. Birləşmiş Ərəb Əmirliklərin “Masdar” şirkəti ilə imzalanmış razılaşmaya əsasən ölkəmizdə külək və günəş enerjisi hasilatı 2027-ci ilə kimi 4 qiqavat, 2037-ci ilədək isə 6 qiqavat səviyyəsində olacaqdır. Artıq Azərbaycandan Avropaya, yəni Gürcüstandan keçməklə, Ruminiyaya sualtı kabel xəttinin çəkilməsi üçün müqavilə imzalanıb və həmin xəttin nəql gücü 4 qiqavat səviyyəsindədir. Digər əlamətdar hadisə isə, Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə imzalanmış Anlaşma Memorandumuna görə Azərbaycanda yaşıl enerji istehsalının 12 qiqavatadək artırılması üçün məqsədli investisiyalar yönəldiləcəkdir. Ümumilikdə, bu günə qədər imzalanmış saziş və memorandumlardan çıxış etsək, Azərbaycanda 25 qiqavatlıq yaşıl enerjinin istehsalı və dünya bazarlarına çıxarılması yaxın perspektivdə reallaşa bilər. Beləliklə, Azərbaycanda yaşıl enerjinin istehsalı və ixrac imkanları əhəmiyyətli səviyyədə artacaq və ölkəmiz etabarlı enerji təminatı tərəfdaşı kimi öz rəqabətqabiliyyətini və imicini daha da yüksəldəcəkdir.

“Əsrin müqaviləsi”nin daha mühüm bir tarixi – siyasi və iqtisadi strateji əhəmiyyəti ölkəmiz, eyni zamanda bütün Türk dünyasından ötrü əhəmiyyəti Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik ölkəsi kimi öz mövqeyini möhkəmləndirməsi və uğurlu islahatlar aparması ilə bağlıdır. Belə ki, məhz iqtisadi qüdrətimizin artması müasir ordu quruculuğunu sürətləndirməyə imkan verib və rəşadətli Azərbaycan Ordusu Ali Baş komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edib.

Güclü iqtisadi potensialın formalaşdırılması, valyuta ehtiyatlarının artırılması hesabına hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və dirçəldilməsi prosesləri intensiv fazaya keçib. Keçmiş məcburi köçkünlərin Böyük Qayıdışının təmin edilməsi üzrə I Dövlət Proqramı reallaşdırılır. Sürətli şəkildə sosial və istehsal infrastrukturu yaradılır, məktəblər və xəstəxanalar istismara verilir. Şuşa, Füzuli, Laçın və Xocalı şəhərləri məskunlaşmaqdadır. İki iri Beynəlxalq Hava Limanları (Füzuli və Zəngilan) fəaliyyət göstərir, yaxın perspektivdə Laçın Beynəlxalq Hava Limanının tikintisi başa çatdırılacaqdır.

Azərbaycan regionun ən böyük iqtisadiyyata malik ölkəsidir və beynəlxalq səviyyədə güclü imicə malikdir. Transxəzər – Orta Dəhliz Layihəsinin genişləndirilməsi sürətlə davam edir. Zəngəzur Qlobal Nəqliyyat Dəhlizinin açılması isə Türk coğrafiyasını birləşdirməklə bərabər, Asiya ilə Avropa arasında ən əlverişli nəqliyyat dəhlizinin yaranmasına imkan verəcəkdir.

“Əsrin müqaviləsi”nin tarixi üstünlüklərindən və strateji mexanizmlərindən uğurla qidalanan müstəqil Azərbaycan dünya dövlətləri arasında güclü nüfuza malikdir. Məhz bunun nəticəsidir ki, bu ilin noyabr ayında ölkəmizdə mötəbər dünya səviyyəli tədbir - COP29 keçiriləcəkdir. Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1,5oC hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan “Əsrin müqaviləsi”nin reallaşdırılması sayəsində davamlı və tarazlı inkişafının intensivləşdirilməsi, Azərbaycan xalqının rifahının yüksəldilməsi, postkonflikt ərazilərin dirçəldilməsi və Azərbaycan dövlətinin daha da gücləndirilməsi istiqamətlərində tarixi uğurlara imza atmaqdadır”.




Bölməyə aid digər xəbərlər