İran prezidenti nüvə razılaşması mesajı verib
Tarix: 25-09-2024 09:23 | Bölmə: Slayd
İran prezidenti nüvə razılaşması mesajı verib

İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında çıxış edib.

Reyting.az
-ın məlumatına görə, çıxışına mayın 19-da helikopter qəzasında həlak olan İranın əvvəlki prezidenti İbrahim Rəisinin xatirəsini yad etməklə başlayan yeni prezident Pezeşkian deyib ki, seçki kampaniyasına islahatlara, milli birliyə əsaslanan bir proqramla qatılıb.

İsrailin bölgədə, xüsusilə Fələstin və Livanda təcavüzünün mümkün nəticələri barədə xəbərdarlıq edən Pezeşkian, İsrailin bir ildir Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 41 mindən çox günahsız insanı qətlə yetirdiyinə diqqət çəkib. Pezeşkian hətta xəstəxana və məktəbləri hədəfə alan bu açıq müharibə cinayətləri və terror aktlarının İsraili dəstəkləyən ölkələr tərəfindən qanuni müdafiə kimi qiymətləndirilməsini tənqid edib.

İsrailin İranda törətdiyi sui-qəsdlərin və terror aktlarının cavabsız qalmayacağını bildirən Pazeşkian deyib: “Alimlərimizi və qonaqlarımızı sui-qəsdlərlə şəhid edən İsraildir. Bu rejimin İran və Livandakı terror hücumları cavabsız qalmayacaq”.

İranın heç vaxt müharibəyə başlamadığını, ancaq başqalarının təcavüzünə qarşı özünü müdafiə etdiyini vurğulayan Pezeşkian qeyd edib ki, xarici güclərin bölgədə mövcudluğu müvəqqətidir: “Bizim inkişafımız və tərəqqimiz qonşularımızın münasibətlərindən asılıdır”.

İran prezidenti nüvə danışıqlarına hazır olduğunu bildirərək Qərb ölkələrinə mesaj da verib: “Biz nüvə sazişinin tərəfləri ilə qarşılıqlı fəaliyyətə hazırıq. Əgər müqavilənin öhdəlikləri tam və vicdanla yerinə yetirilərsə, biz başqa məsələlərlə bağlı danışıqlara başlaya bilərik. Belə mesaja adekvat cavab sanksiyaları ləğv etmək və buna zəmin yaratmaqdır”.

Pezeşkian qeyd edib ki onlar hamı üçün sülh istəyir və heç kimlə müharibə istəmirlər:

“Biz də Ukrayna və Rusiya xalqları üçün sülh və sabit təhlükəsizlik istəyirik. İstənilən şəkildə sülh yolu ilə həlli dəstəkləyirik və bu böhranın ancaq dialoq yoli ilə sona çatacağına inanırıq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
23-09-2024, 17:51 Yerin iki peyki olacaq