Gizli silah dövriyyəsi artır
Tarix: 26-09-2024 09:07 | Bölmə: Slayd
Gizli silah dövriyyəsi artır

Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Çində uzaqmənzilli hücum PUA-ları (pilotsuz uçan aparat) hazırlamaq və istehsal etmək üçün silah proqramı qurduğu iddia edilir.

Reyting.az
xəbər verir ki, iddiaya görə, Rusiyanın “Almaz-Antey” dövlət silah şirkətinin törəməsi olan “IEMZ Kupol” bu ilin əvvəlində yerli mütəxəssislərin köməyi ilə “Garpiya-3” (G3) adlı yeni İHA modelini hazırlayaraq Çində sınaqdan keçirib.

Avropa kəşfiyyat orqanlarındakı iki mənbənin sözlərinə görə, “IEMZ Kupol” Müdafiə Nazirliyinə Moskvanın “G3” də daxil olmaqla, İHA-ları Çindəki zavodda geniş miqyasda istehsal edə və Ukraynada yerləşdirəcəyini bildirib.

“IEMZ Kupol”un nazirliyə verdiyi hesabatlara görə, “G3”-ün 50 kq yüklə təxminən 2 min km məsafə qət etməsi mümkündür. Çin Xarici İşlər Nazirliyi belə bir layihədən xəbərdar olmadığını qeyd etsə də, Rusiya tərəfi məsələyə münasibət bildirməyib.

Digər tərəfdən, gərginliyin yüksək olduğu Yaxın Şərqdə İranın Yəməndə dəstəklədiyi husilərə Körfəzdəki Qərb döyüş gəmilərini təhlükə altına sala biləcək raketlər göndərmək üçün Rusiya ilə gizli danışıqlara vasitəçilik etdiyi iddia olunur. İngiltərənin “Daily Mail” qəzetinin bir çox mənbəyə əsaslanaraq yazıb ki, Rusiya husilərə “P-800 Onyx” raketlərini göndərib-göndərməyəcəyi ilə bağlı hələ qərar verməyib.

Ukraynaya qarşı müharibəyə başladıqdan sonra Qərbin sanksiyalarına məruz qalan Rusiyanın ticarət məhdudiyyətlərinə baxmayaraq, raket və PUA-larında Çin, ABŞ və Avropa Birliyi mənşəli mikroçiplər, yarımkeçiricilər və digər mikroelektron məhsullardan istifadəyə davam etdiyi bildirilir. Ukrayna rəsmiləri məhdudiyyətlərin təsirlərinə baxmayaraq, Moskvanın hələ də öz arsenalını yenilədiyini diqqətə çatdırılır. Qeyd olunur ki, Rusiyanın dünyada çox geniş “agentlik şəbəkəsi” var və lazımi komponentləri bu yolla əldə edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
23-09-2024, 17:51 Yerin iki peyki olacaq