Daha bir ekoloji böhran dünyanı təhdid edir
Tarix: 07-08-2025 14:23 | Bölmə: Slayd
Daha bir ekoloji böhran dünyanı təhdid edir

Dünyanın ən böyük canlıları olan mavi balinalar səslərini itiriblər. Alimlərin fikrincə, bu, dünya üçün ciddi xəbərdarlıqdır.

Reyting.az
xəbər verir ki, Monterey Bay Akvarium Araşdırma İnstitutu 2015-2021-ci illər arasında qeydə alınan akustik məlumatları təhlil edib. Nəticələr göstərir ki, bu müddət ərzində mavi balinaların mahnıları (səsləri) təxminən 40 faiz azalıb.

Alimlər hesab edirlər ki, mavi balinaların səslərinin azalması təkcə fərdi davranış dəyişikliyi deyil, həm də qlobal ekoloji böhranın əlamətidir.

Problemin səbəblərindən biri də Sakit okeanda 2013-2016-cı illər arasında baş vermiş "The Blob" kimi tanınan kütləvi dəniz isti dalğasıdır. Bu dövrdə okean səthinin temperaturu orta hesabla 2,5°C yüksəlib. Artan temperatur mavi balinalar üçün əsas qida mənbəyi olan krill populyasiyasını məhv edib.

Bioloji okeanoqraf Con Rayan vəziyyəti kritik adlandırıb.

Oxşar sükut Yeni Zelandiya sahillərində və Argentina sularında da müşahidə edilir. Oreqon Dövlət Universitetinin tədqiqatçısı Davn Barlov deyir ki, isti illərdə mavi balinaların cütləşmə və qidalanma çağırışları da əhəmiyyətli dərəcədə azalır.

Mavi balinalarla bağlı dəyişikliklərin okean sağlamlığı ilə bağlı bir xəbərdarlıq olduğunu vurğulayan Barlov əlavə edib:

"Balinalar Şimali Amerikanın qərb sahillərində yemək tapa bilmirlərsə, bu, okean ekosistemində böyük bir pozğunluğun əlamətidir".

Qeyd edək ki, mavi balinalar okeanda təkcə melodik səslər çıxarmırlar; onlar həm də ekosistemdəki dəyişikliklərin ən həssas göstəricilərindən birini təmin edirlər. Onların mahnısındakı səssizlik qida zəncirinin qırıldığı və dəniz həyatının təhlükə altında olduğuna dair güclü siqnal kimi şərh olunur.

Alimlər xəbərdarlıq edirlər ki, okean temperaturunun artması təkcə balinalara deyil, bütün dəniz canlılarına təsir göstərə bilər.

R. QULİYEV




Bölməyə aid digər xəbərlər