Onlar da Bakıda “Azəriçay”dan dadacaqlar…
Tarix: 13-11-2025 11:07 | Bölmə: Slayd
Onlar da Bakıda “Azəriçay”dan dadacaqlar…

Dünən özgə kölgəsində “qızınanların” bu gün canlarına üşütmə düşüb

Həyatın reallıqları və dialektika bunu deyir: nə qədər uzaqdan yola çıxsa da, haqq gec-tez gəlib öz yerini tapir. Bunu tarix dəfələrlə göstərib və sübuta yetirib. Son 30 ildə Cənubi Qafqazda cərəyan edən hadisələrin xronologiyası və mahiyyəti bunu bir daha nümayiş etdirmiş oldu.

“Mən bunu demişəm, bir daha demək istəyirəm, biz heç vaxt bu vəhşiliyi, bu pisliyi unuda bilmərik. Xocalı soyqırımını necə unutmaq olar? Biz qisasımızı döyüş meydanında aldıq. Onlardan fərqli olaraq mülki əhaliyə qarşı heç bir nalayiq hərəkət etməmişdik, gücümüzü ancaq Ermənistan ordusunu məhv etmək üçün səfərbər etmişdik. Onlar isə əliyalın insanlara qarşı, qadına, uşağa, qocalara qarşı nə qədər çirkin əməllər etmişdilər, hərbi cinayətlər törətmişdilər”. Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri 8 ay bundan əvvəl Ağdərəyə səfəri zamanı Suqovuşanda yeni kompleksin istifadəyə verilməsi mərasimində deyib. Dövlət başçımızın sakinlərlə görüşdə erməni terrorçuların Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlərə, insanlıqla bir araya sığmayan vəhşiliklərə toxunması təsadüfi deyildi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşəndə, bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınanda dünya birliyi, sanki, kar və kor olmuşdu. Azərbaycan Prezidenti İlham Əliyev regional və beynəlxalq səviyyələrdə keçirilən bütün tədbirlərdə xalqımızın məruz qaldığı məhrumiyyətləri, ona qarşı törədilən hərbi cinayətləri, Xocalı soyqırımını, Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə siyasəti apardığını dəfələrlə bəyan edib.

“Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Ermənistan başına gələnlərdən düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı”. Bu sözləri Prezident İlham Əliyev Xankəndidəki revanşist-separatçı tör-töküntünün Azərbaycanı yeni müharibə ilə hədələmələri kontekstində bildirib. Dövlət başçımızın üstündən səkkiz ay keçəndən sonra, noyabrın 8-də Bakının “Azadlıq” meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı dedikləri həmin mesajın ardı olmaqla yanaşı, erməni hərbi cəlladları üçün hazırlanan son aqibətin ismarıcı sayılmaldıır: “Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”.

İlham Əliyevin çıxışındakı mesajların kimlərə ünvanlandığı bu gün hər bir azərbaycanlıya məlumdur. Söhbət “məşhur üçlük”-dən gedir. Qarabağ onların babalarına qonaqpərvərliklə qucaq açmışdı, əcdadları kimi bunlar da suyumuzdan içib, çörəyimizdən yeyib sonda harınladılar və qədim yurdumuzda ikinci erməni dövləti yaratmaq xəyalına düşdülər. Qonaqpərvərliyimizdən sui-istifadə edənlərin, çörəyi dizinin üstündə olanların son aqibətinə indi bütün dünya şahiddir.

Həmin “üçlüy”ün üzvlərindən birincisi - Xocalıda soyqırımı törədən 366-cı motoatıcı alayın taqım komandiri, işğaldan sonra Xankındindəki separatçı qurumun, daha sonra isə Ermənistanın müdafiə naziri olmuş, Füzulidə Fransalı hərbi mütəxəssislərin layihəsi əsasında qurulmuş yeraltı istehkamları öz adına “keçilməz Ohanyan səddi” adlandıran, 2020-ci ilin noyabrın əvvəllərində, Vərən müharibəsinin gedişində başının dəstəsi ilə Şuşanın “müdafiəsinə gələn”, amma rəşadətli Azərbaycan Ordusunun zərbini görüb tülkü kimi qaçıb aradan çıxan Seyran Ohanyandır. İndi onun barəsində korrupsiya və digər qanunsuz əməllərinə görə cinayət işi qaldırılıb, məhkəmə araşdırması davam etdirilir.

İkincisi - Xankəndidəki separatçı rejimin “xaç atası” sayılan, 1998-2008-ci illərdə Ermənistana rəhbərlik etmiş “Qarabağ klanı”nın ilk nümayəndəsi, Qarabağın ətrafında işğal etdikləri və “bufer zona” adlandırdıqları 7 rayonu heç vaxt Azərbaycana qaytarmayacağına “and içən” Robert Koçaryandır. O Koçaryan ki, 1999-cu il oktyabrın 11-də Sədərək rayonunda Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşündə diplomatiya dahisinin dəmir məntiqi və siyasi qətiyyəti qarşısında Ermənistan silahlı birləşmələrinin işğal etdiyi 7 rayondan qeyd-şərtsiz çıxmasına razılığını bildirmişdi. Amma 16 gün sonra, o, verdiyi sözün altından qaçmış və belə bir razılaşmanın olduğunu danmışdı. Hazırda onun barəsində də İrəvan Məhkəməsində prezidentliyi dövründə baş vermis qanlı olaylarda əli olması ilə bağlı, eləcə də korrupsiyaya görə açılmış cinayət işi üzrə dinləmələr aparılır.

“Üçlüy”ün üçüncüsünün Qarabağda dinc əhaliyə qarşı törədilən qanlı cinayətlərdə əlinin olması bir yana, Xocalı qətliamı ilə bağlı ingilis jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində dedikləri ən ağır cəzaya məhkum olunması üçün yetərlidir. Xocalı soyqırımı zamanı separatçı rejimin müdafiə naziri olmuş, sonra Ermənistanın prezidenti postuna (2008–2018) yiyələnmiş Serj Sarkisyanın sözlərinə diqqət edin: “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”. Onun bu etirafı törədilmiş qətliamın heç də təsadüf olmadığına, məhz soyqırımı cinayəti kimi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılaraq icra olunduğuna heç bir şübhə yeri qoymur.

Əlləri soydaşlarımızın, günahsız dinc əhalinin qanına bulaşmış bu üzdəniraq “üçlük” barədə ona görə ətraflı məlumat veririk ki, onlar sabah, ya birisigün Bakıda ədalət mühakiməsi qarşısına çıxarılanda oxucularımız əziyyət çəkib bu hərbi cinayətkarların “dosyelərini” axtarmasınlar. Hərçənd bu gün baş nazirə qarşı gizli koalisiya qurmuş Koçaryan-Sarkisyan-Ohanyan triosunun məqsədi Ermənistanda hakimiyyəti yenidən ələ keçirməkdən daha çox yuxarıda bir qismini sadaladığımız hərbi cinayətlərə görə Femidanın qarşısına çıxarılacaqlarından keçirdikləri xof və qorxudur. Fəqət, onlar layiq olduqları acı aqibətdən yayınmaq üçün faydasız cəhdlərə baş vurmaqdadırlar.

Sonda bir məsələni də qeyd etməyə ehtiyac duyuruq. Ermənistanın İkinci Qarabağ müharibəsi dövrünün generaliteti onlara kənardan ehtiyac duyduqları hərbi yardımı almadıqlarını deyir. Amma onlar bunu deyərkən gözlərinin içinə kimi yalan danışır, ikiüzlülük edirlər. Onlar, sadəcə olaraq, hərbi yük təyyarələrinin həm Şimaldan, həm də Şərqdən İrəvana daşıdıqları ən müasir silahların belə Azərbaycan əsgərinin döyüş əzmi və qətiyyəti qarşısında gücsüzlüyünü etiraf etməkdən qorxurlar. Bir də ki, hay xislətinə adekvat olaraq, onlar üçün dünən kölgəsinə sığındığına bu gün üz çevirmələri normal hal sayılır. Görünən odur ki, indi kənar “çətir-kölgələrdən” məhrum olanların canına üşütmə düşüb...

Bunu isə öz adımızdan deyirik. Həmin “eks”lərə son aqibətləri ilə bağlı reallaşacağına şübhə etmədiyimiz çılpaq həqiqəti unutmamalarını məsləhət görərdik. Yəni, məhkəmə işləri İrəvanda başlayıb Bakıda tamamlanacaq hərbi cinayətkarların hazırda təcridxanada saxlanılan şəxslər kimi “Azəriçay”ın tamını hiss edəcələri günə çox qalmayıb. Noyabrın 8-də Vətən müharibəsində qələbəmizin beşilliyi münasibətilə paytaxtda düzənlənən möhtəşəm paraddakı çıxışında bunu onların diqqətinə çatdıranın “dəmir yumruğ”unun dadını və həmişə dediyi sözünün ağası olduğunu artıq görüb və əmin olublar.

İmran BƏDİRXANLI
“Xalq qəzeti”, 13 noyabr 2025-ci il.


Ekspert rəyi


Fikrət SADIXOV, Qərbi Kaspi Universitetinin professoru, politoloq

Ermənistan siyasətində keçmişin qalıqları hesab olunanlar vaxtilə çox bəyanatlar verir, Azərbaycanın ünvanına boylarını aşan ifadələr işlədirdilər. Onlar hesab edirdilər ki, Qarabağda əbədi qalacaq və oradan xalqımıza və dövlətimizə meydan oxuyacaqlar. Amma vaxt dolandı və ədalət öz yerini tapdı. Separatçı ünsürlərin zirehinin üstündə Bakıya girəcəklərini bəyan etdikləri tanklar indi həqiqətən də paytaxtımızda - Hərbi Qənimətlər Parkındadır.

O ki qaldı separatçıların Bakıda çay içmək arzularına, düşünürəm ki, Azərbaycan çayının dadı onların beyinlərini duruldub və məntiqi nəticəyə gəlmələrinə yardım göstərəcək. Yəni, anlayacaqlar ki, bizimlə saymazyana davranmaq, Azərbaycana qarşı aşağılayıcı hərbi leksikona yol vermək onların özlərinin maraqlarına ziddir. Hər halda bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimin suallarını cavablandıran keçmiş separatçıalr bunu çox yaxşı başa düşüblər.

Koçaryan-Sarkisyan-Ohanyan “üçlüy”ünə gəldikdə isə bu adamlar Azərbaycanın bir nömrəli düşmənləridir. O da məlumdur ki, onlar tək bizimlə deyil, öz hakimiyyətləri ilə də düşmən kimi davranırlar. Hamısının əlləri korrupsiyaya bulaşıb, dələduzluqla məşğul olublar. İndi üzə çıxır ki, bu “üçlük” hakimiyyətdə olarkən Ermənistanı soyub-talayıb, öz xalqına qarşı cinayətlər törədiblər. Məhkəmə tam əsaslı şəkildə bu adamların əməllərində cinayət tərkibi olduğunu araşdırır. Azərbaycanın prokurorluq orqanları isə Koçaryan, Sarkisyan və Ohanyana qarşı çoxdan cinayət işi qaldırıb. Onlar da mütləq Azərbaycan Femidası qarşısında cavab verəcəklər. Bəlkə də bu gün buna inanmırlar, amma vaxt gələcək bu da baş tutacaq. Bəli, inanmadıqları çox şeylərin şahidi olanlar bunun da reallaşacağına şübhə etməsinlər. “Eks”lərin, separatçıların başladığı oyunun son tamaşasının məhz Bakıda məhkəmə salonunda oynanılacağına qəti şübhə etmirəm.

Reyting.az




Bölməyə aid digər xəbərlər