











Tarix: 20-03-2017 15:27 | Bölmə: Slayd

Ötən həftəMilli Məclisin plenar iclasında "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi qəbul edildi.
Layihədə Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olundu və təsdiqləndi. Polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırıldı. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırıldı.
Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, hərbi qulluqçular üçün hazırda qüvvədə olan 20 təqvim ilinin 25 ilə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb. Göründüyü kimi, hamı üçün tələb olunan stajın 5 il qaldırılması nəzərdə tutulduğu halda prokurorluq işçiləri diskriminasiya olunaraq onlar üçün bu müddət 10 il nəzərdə tutulur.
Təbii ki, bu dəyişiklik prokurorluq orqanlarında çalışanları qane etmir. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60-dır. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası Baş prokurorunun müavinlərinin, respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorların, Naxçıvan Muxtar Respublikası Prokurorunun prokurorluqda qulluqda olmasının yaş həddi müəyyən edilməyib. Buna görə də Azərbaycan Respublikasının Baş prokuroru və onun müavinləri, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorlar, Naxçıvan Muxtar Respublikası Prokuroru istisna olmaqla prokurorluqda qulluq keçən digər prokurorluq işçiləri 60 yaşına çatdıqda, onların prokurorluqda qulluqda olma müddəti uzadılmadığı halda, prokurorluq orqanlarında qulluqdan azad olunduqdan sonra yaşa görə pensiya hüququ qazanırlar.
Yaş həddinə çatmış digər prokurorluq işçilərinin qulluqda olma müddəti Azərbaycan Respublikası Baş prokuroru tərəfindən uzadıla bilər. Prokurorluqda qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin prokurorluqda qulluqda olma müddətinin uzadılmasına yol verilmir.
Prokurorluq orqanlarında qulluq keçmə ilə əlaqədar yaşa görə pensiya hüququnun qazanılması üçün vətəndaş "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.13-cü maddəsinə əsasən 25 il qulluq etməlidir. "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 63-1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinə xidmət illərinə görə pensiya hesablanması üçün orta aylıq əmək haqqının hesablanması qaydasında müəyyən edilir.
"Dövlət qulluğu haqqında" Qanunun 32-1. maddəsinə görə dövlət qulluğunda olmanın yaş həddi 65-dir. Həmin maddənin 32-1.2. bəndi ilə 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir. İnzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq orqanın razılığı əsasında qanunla nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
"Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Pespublikasının prokurorluq orqanlarında qulluq prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar keçirdikləri dövlət qulluğunun xüsusi növüdür.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölünmə prinsipi əsasında təşkil olunub. Konstitusiyanın 133-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Prokurorluğu Məhkəmə hakimiyyətinə aid edilir. «Məhkəmələr və hakimlər haqqında» Qanunun 96-cı maddəsinə əsasən Ali Məhkəmə hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66-dır.
Göründüyü kimi, məhkəmə hakimiyyətinə aid edilmiş dövlət qulluqçuları olan prokurorluq orqanı işçilərinin qulluqda olmasının son həddi Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorlar, Naxçıvan Muxtar Respublikasının Prokuroru istisna olmaqla 60 yaşdır. Ona görə də heç bir istisna olmadan bütün prokurorluq işçilərinin prokurorluqda qulluqda olmasının yaş həddinin 65 və yaşa görə pensiyaya çıxmaq üçün tələb olunan iş stajının isə 30 il həddində müəyyən edilməsi ədalətli olardı.
Z.MƏMMƏDLİ
Reyting.az
Bölməyə aid digər xəbərlər