12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qarabağda növbəti təxribat hazırlanır - Sarkisyan seçki cinayətini ört-basdır etmək istəyir
Tarix: 02-04-2017 16:09 | Bölmə: Slayd

Ötən ay cəbhədə baş verən gərginlik bir daha sübuta yetirdi ki, Ermənistan hakimiyyəti ölkə daxilindəki siyasi oyunlarını arxa plana keçirmək, siyasi fəalların diqqətini seçki zamanı baş vermiş saxtakarlıqlardan yayındırmaq üçün Azərbaycanla təmas xəttində növbəti təxribatlara əl ata bilər. Çünki Qarabağ kartından istifadə ölkə başçısı Sarkisyanı siyasi məğlubiyyətdən xilas edən bəlkə də yeganə yoldur. Bu səbəbdən də o, ön xəttə gərginliyi daha da artırmaqla siyasi məqsədlərinə çatmağa çalışır.

Ekspertlər hesab edirlər ki, Sarkisyanın komandası seçkilərdə heç vaxt bu qədər zəif olmayıb. Artıq Ermənistan cəmiyyəti də ölkə başçısına inanmır və onun istefasını tələb edir. Bu səbəbdən də mövcud rejim məğlubiyyətini kompensasiya etməyin yolunu təxribatda görür. Təbii ki, bu məsələdə Dağlıq Qarabağ münaqişəsi Sarkisyanın cinayətkar rejimi üçün çıxış yoludur. Daha genişmiqyaslı təxribatlarla cəmiyyətin diqqətini ölkədaxili problemdən yayındırmaq isə cinayətkar rejim üçün daha asandır.

Azərbaycan tərəfi də belə bir təxribatın olacağını ehtimal edir. Nəzərə çatdıraq ki, Ali baş komandan İlham Əliyev baş verə biləcək təxribatların qarşısının alınması üçün lazımi tapşırıqlarını verib. Həmin tapşırıqları yerinə yetirmək üçün müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti artıq ön cəbhədə müəyyən tədbirlər görüblər.

Maraqlı məqamlardan biri də odur ki, Ermənistan tərəfi müharibə mesajı verməkdən də çəkinmir. Ermənistanın müdafiə naziri Viqen Sarkisyan rusiyalı jurnalistlərlə görüşündə "Qarabağ münaqişəsi - xalqın tipik müqəddəratını təyin etmək mübarizəsidir",- deyib.

O, əsassız olaraq bildirib ki, erməni tərəfi danışıqlar prosesinə açıqdır. Erməni nazir Azərbaycanı müntəzəm olaraq Minsk qrupu həmsədrlərinin səylərini pozmaqda ittiham etməkdən də çəkinməyib.

Sarkisyanın iddiasına görə, silahlanmanın artması, antierməni ritorikası ilə Bakı münaqişənin həllini uzadır. "Belə ab-havada ictimaiyyəti kompromisə hazırlamaq demək olar ki, mümkün deyil. Biz sülh üçün çalışmaqdan yorulmuruq. Amma mütləq hadisələrin istənilən formada inkişafına hazır olmalıyıq".

Ermənistanın müdafiə naziri bildirib ki, münaqişə zonasında hərbi əməliyyatların bərpa şansını 0-dan 100 faizə kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, istənilən gərginlik genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. "Bu isə xaos yaradacaq, lakin Qarabağ problemini həll etməyəcək. Bunun üçün də məsələnin hərbi yolla həlli ola bilməz".

Gərginlik müharibə ilə nəticələnə bilər 

 

Məsələylə bağlı fikirlərini Reyting.az-la bölüşən ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, Ermənistanda sanki siyasətçilər, hərbçilər və digər kateqoriyadan olan şəxslər bir "marafona" çıxıblar. Onun sözlərinə görə, elə bir gün olmur ki, bu ölkənin hansısa rəhbər şəxsi gündəmi gərginlikdə saxlamaq üçün hansısa bəyanat və ya açıqlama verməsin:

"Gah prezidentləri bizi "İskəndər"ləri ilə "vurur", gah da hansısa dığa generalı bizi yer üzündən silməklə hədələyir. İndi də, növbə Ermənistan tarixində ən "orijinal" müdafiə naziri kimi qalacaq Viqen Sarkisyana çatıb, o, rusiyalı jurnalistlərlə görüşündə "gül" vurub. Nazir deyib ki, erməni tərəfi danışıqlar prosesinə açıqdır. Pah, bunlar nə qədər "sülhsevərlərmiş" ki biz bilməmişik. Sən demə, biz Ermənistanın torpaqlarını 20 ildən çoxdur işğalda saxlayırmışıq. Sən demə, Azərbaycan beynəlxaql təşkilatların Qarabağla bağlı səylərini pozurmuş. Deyirəm, adam gərək ancaq və ancaq belə həyasız, abırsız erməni olsun ki, bu cür yaramazlıqları dilə gətirsin. Necə ki, gətirirlər də.

Bu yaramaz Sarkisyan iddia edir ki, silahlanmanın artması, antierməni ritorikası ilə Bakı münaqişənin həllini uzadır. Və Ginnesin Rekordlar Kitabına düşməyə namizəd bir ifadə də işlədib bu bədnam müdafiə naziri. Deyib ki, münaqişə zonasında hərbi əməliyyatların bərpa şansını 0-dan 100 faizə kimi qiymətləndirmək olar.

Ağlına bərəkallah, ay erməni dığası! Guya bunu kim anlamır? Nə qədər ki, Azərbaycan əraziləri işğaldadır, müharibənin başlama riski çox yüksəkdir. Və həqiqətən də belə davamlı gərginlik genişmiqyaslı müharibəyə gətirib çıxara bilər".

Ü.Cəfərov nəzərə çatdırıb ki, ermənilərin son davranışları hələ də çaş-baş vəziyyətdə qaldıqlarını göstərir. "Hiss olunur ki ermənilər ötən ilin aprelində aldıqları ağır zərbənin təsirindən hələ də çıxa bilməyiblər. Qorxu içindədirlər və anlıyırlar ki, bu dəfə heç kim və heç nə başlıya biləcək aktiv döyüş əməliyyatlarını saxlatdıra bilməz. Ona görə də, həm qorxu işindədirlər, həm də çalışırlar ki, arada bizə tərəf bir-iki ağız "hürsünlər".

Biz öz işimizi sakitcə görməkdə davam etməliyik. Son məqsədimiz də düşmənə öz layiq olduğu yeri və məkanı göstərməkdir. Ağıllı olsalar xeyli sayda şəxsi heyətlərinin sayını qoruyub saxlaya biləcəklər. Yox, əgər bu dəfə də vəziyyətdən düzgün nəticə çıxarmasalar, peşiman olacaqlar",- deyə hərbi ekspert əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri zamanı hərbçilər və onların ailə üzvləri qarşısında çıxış edib. O, çıxışında Azərbaycanı "İsgəndər" raketi ilə hədələyib.

Ü.Cəfərov isə bu məsələyə münasibət bildirərkən deyib ki, Sarkisyanın bu sərsəmləməsi ona baha başa gələ bilər:

"Sarkisyan özünə sual versin ki, bu zamana qədər "İsgəndər" tipli komplekslərdən kimsə istifadə edibmi? Mən eşitməmişəm ki, hansısa müharibə şəraitində olan ölkə bir-birinə qarşı bu tipli raketlərdən istifadə etsin. Bu fikri yalnız ağlını itirmiş adam səsləndirə bilər, bunu da Sarkisyan etdi. O unudur ki, bu cür hədə-qorxusu onu yer üzündən silmək gücünə malik olan raketləri hərəkətə gətirə bilər.

Azərbaycanın bütün imkanları var ki, Ermənistanın dərinliklərinə qədər silah işlətsin. Türkiyə istehsalı olan "Qasırğa" raket kompleksləri "İsgəndər"dən heç də geridə qalmır. Bu gün Azərbaycanın nümayiş etdirdiyi və etdirmədiyi silahlar var ki, onlar işə düşsə, Ermənistanda daş üstündə daş qalmaz".

"...Qarabağ uğrunda döyüşləri davam etdirək" 

Politoloq Mütəllim Rəhimli isə Sarkisyanın mesajının əsassız olduğunu deyib. Onun sözlərinə görə, bütün hallarda müharibənin başlanması Ermənistana sərf etmir. Çünki həm ölkənin iqtisadi vəziyyəti, həm də əhalinin psixoloji durumu uzun müddət müharibə aparılmasına imkan vermir.

M.Rəhimli qeyd edib ki, mövcud status-kvonun bundan sonra da uzun müddət, heç olmasa 20 il də saxlanılması Ermənistanın mənafelərinə uyğundur:

"Hazırda Ermənistanın bütün cəhdləri bununla bağlıdır. Sarkisyanın müharibə ilə bağlı açıqlamaları və hədələri ölkə rəhbərliyinin narahatlığından xəbər verir. Bu göstərir ki, ölkə daxilində ordunun müdafiə qabiliyyətinə inam zəifləyib, hakimiyyətə inam azalıb.

Ermənistan prezidentinin bu açıqlaması həm də hakimiyyətin özünün Azərbaycanın hərbi gücü qarşısında təşviş keçirdiyinin ifadəsi kimi də qiymətləndirilməlidir. Bütün bunlar bizə belə bir nəticə çıxarmağa imkan verir ki, Qarabağ uğrunda döyüşləri davam etdirək".

Vasitəçilərin növbəti gedişi

Qarabağ cəbhəsində belə bir vəziyyətin hökm sürdüyü bir məqamda ATƏT-in Minsk qrupunun üzvləri diplomatik səylərin sürətlənməsinin vacib olduğunu irəli sürdülər. Bir neçə gün öncə ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar. Bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və Ermənistan-Azərbaycan sərhəddində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olub.

Diplomatlar Azərbaycan və Ermənistan prezidentləri, eləcə də Dağlıq Qarabağdakı de-fakto rəhbərliklə görüşüblər.

Onlar Dağlıq Qarabağətrafı ərazilərə də səfər ediblər. Bəyanatda qeyd olunur ki, danışıqlarda həmsədrlər təmas xəttində baş verən gərginliklə bağlı dərin narahatdırlar və tərəfləri çıxışlarında və addımlarında təmkinli olmağa çağırıblar.

Bildirilir ki, prezidentlər həmsədrlərin atəşkəsi gücləndirmək və xüsusilə Novruz və Pasxa bayramları ərəfəsində vəziyyətin eskalasiyasından çəkinməklə bağlı təkliflərinə dair mövqelərini açıqlayıblar. Onlar siyasi həll istiqamətində danışıqların davam etdirilməsinə sadiqliklərini ifadə ediblər.

Vasitəçilər danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasına və onun genişləndirilməsinə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlarəmin olduqlarını bildiriblər ki, danışıqların davam etdirilməsi məqsədilə etimad atmosferinin yaradılması üçün atəşkəsə hörmət son dərəcə vacibdir.

Həmsədrlər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Minsk qrupunun üzvləri ilə bir araya gələcəklər.

Mərhələli həll, yoxsa yeni oyun? 

Elə bu arada ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planların olması barədə açıqlama ilə çıxış edib. Ancaq amerikalı həmsədr planın detallarını açıqlamayıb. Təbii ki, bu tip açıqlamalar cəbhədə vəziyyətin gərginləşəcəyi qorxusundan qaynaqlanır. Amma fakt odur ki, həmsədrin bəhs etdiyi planlar tərəflərlə razılaşdırılmayıb.

Ekspertlər hesab edirlər ki, Azərbaycan haqlı olaraq münqaişənin mərhələli şəkildə həllini tələb edir. Yəni, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, məcburi köçkünlər geri qayıtmalıdır. Bundan sonra status müzakirələri başlaya bilər.

Ermənistan isə Azərbaycanın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyini bildirəcəyi halda rayonları boşaltmağa hazır olduğunu bəyan edir. Buna da biz gedə bilmərik. Belə prinsipial məqam hələ də ortadan qaldırılmayıb. Həmsədrlər bu məsələni həll etməyib.

Politoloq Mütəllim Rəhimli isə deyir ki, Qarabağla əlaqədar danışıqlar prosesinin analizi bizə kifayət qədər pozitiv nəticələr çıxarmağa imkan vermir. Onun fikrincə, 25 ilə yaxındır davam edən danışıqlar prosesi nəticəsində Ermənistana hər hansı ciddi təzyiqin şahidi olmamışıq.

Politoloqun fikrincə, "Ermənistan sosial-iqtisadi cəhətdən çökəcək və torpaqlarımızı geri qaytaracaq",- düşüncəsi şirin arzudan başqa bir şeyə bənzəmir:

"Bir var reallıq, bir də var məsələnin istəyə görə yozumu. Bunlar tamamilə ayrı-ayrı şeylərdir. Biz indiyədək reallıqda problemin həlli istiqamətində hər hansı irəliləyişə şahid olmamışıq. Ona görə də artıq Azərbaycan cəmiyyəti həmsədrlərin bəyanatlarına ciddi yanaşmır. Məhz bu səbəbdən də demək olar ki, onların açıqlamaları, bölgəyə səfərləri heç bir reaksiya doğurmur".

M.Rəhimli qeyd edib ki, problemin üç mərhələli həlli Madrid prinsiplərinə əsaslanır:

"Hazırda amerikalı həmsədrin açıqladığı məsələ də buradan qaynaqlanır. İctimaiyyətə sızdırılan məlumatlara görə, 1-ci mərhələdə Dağlıq Qarabağətrafında olan rayonlar, xüsusilə Laçın istisna olaraq boşaldılır, sülhməramlı qüvvələr yerləşdirilir. 2-ci mərhələdə Dağlıq Qarabağda infrastukturun qurulması, məcburi köçkünlərin və qaçqınların öz yerlərinə qaytarılması həyata keçirilir. 3-cü mərhələdə isə Dağlıq Qarabağa statusun verilməsi ilə bağlı məsələnin həlli nəzərdə tutulur".

Z.ƏHMƏD

Reyting.az





Bölməyə aid digər xəbərlər