











Tarix: 02-04-2017 17:09 | Bölmə: Slayd
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi dövlət başçısı İlham Əliyevə müraciət edib.
Bir sıra qəzet və saytlara, o cümlədən Reyting.az-a göndərilən müraciətdə komitənin əməkdaşı Ənvər Alırza oğlu Rzayevin üzləşdiyi problemin aradan qaldırılmasına kömək edilməsi xahiş olunur.
Komitənin müraciətində yazılıb ki, Ənvər Rzayevin Ağdam rayonundan ata-baba dostları olan, hazırda Respublika Hərbi Prokurorluğunda yüksək vəzifədə işləyən İsmayıl Abbasov və İsmayıl Abbasovun bacısının qayını, şikayətçinin də uzun illərdir tanıdığı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında yüksək vəzifədə işləyən polkovnik rütbəli Mətləb Barat oğlu Qənbərov 2015-ci il sentyabr ayında Ənvər Rzayevlə bir neçə dəfə görüşərək ona bildiriblər ki, Mətləb Qənbərovun qardaşı Bəxtiyar Qənbərovla digər yoldaşları - Abdurəhman Novruzəliyev, Fariz Qarayev və Səbuhi Cabbarlı şirkət təsis ediblər:
"Ənvər Rzayevə deyilib ki, həmin şəxslər güclü mütəxəssisdirlər. Azərbaycanda bu şəxslər kimi mütəxəssis demək olar ki, yoxdur. Belə mütəxəssisləri xarici ölkələrdən gətirib, şirkətlərdə ayına çox yüksək məbləğdə pul versələr də, amma bu şəxslərə cüzi məbləğdə maaş verib qul kimi işlədib, özlərinə pul qazanırlar. Həmin şəxslər, yəni İsmayıl Abbasov, qardaşı oğlu Mübariz və polkovnik Mətləb Qənbərov Ənvər Rzayevdən xahiş ediblər ki, həmin şirkətə ("Hidroservice Engineering" MMC VÖEN: 140309551) 50 (əlli) faiz pay sahibi olmaqla, şirkəti işə salsın və gəlir gətirənədək bütün maliyyə və digər problemlərini həll etsin. Onlar Ənvər Rzayevi inadırıblar ki, əgər şirkətin fəaliyyət göstərməsini təmin edə bilsə, bu şəxslərin yüksək peşəkarlığı sayəsində böyük gəlir əldə edəcəklər. Şirkətin ilkin olaraq hər ay gəliri 100 000, 300 000, 500 000 manat olacaqdır. Eyni zamanda gələcəkdə Qazaxıstan, Gürcüstan və digər ölkələrdə də şirkətin filialını yaradacaqlar və s.".
Müraciətdə qeyd edilir ki, Ə.Rzayev onunla danışığa gələnlərdən şirkəti təsis edən şəxslərin necə adam olmalarını soruşduqda, ona bildiriblər ki, dindardırlar, namaz qılırlar, heç nədən narahat olma, onlara cavabdehik:
"Ənvər Rzayevin həmin şəxslərə etibarı olduğu üçün onlara inanaraq maliyyə yardımı təkliflərini qəbul edib. Ə.Rzayev şirkətin fəaliyyət göstərməsi üçün lazımi işləri tələb olunan qaydada həyata keçirmək üçün digər yaxın bildiyi şəxslərdən də borc pul götürüb və şirkət fəaliyyətə başlayıb. Amma sonradan şirkətin gəliri gizlədilib və hər dəfə şəriki Bəxtiyar Qənbərov Ənvər Rzayevi inandırıb ki, şirkət 2016-cı ilin may ayından gəlir gətirəcək".
Komitənin müraciətində deyilir ki, 2016-cı ilin may ayının 13-də şərikləri Ə.Rzayevin etibarından sui-istifadə yolu ilə onu aldadaraq şirkətdəki payının 34 faizini öz adlarına keçiriblər: "Bundan sonra isə onlar tələb qoyublar ki, Ə.Rzayev qalan 16 faiz payı da onlara versin və onlar yalnız o halda işləyib, onun pulunu və ona çatacaq dividenti vaxtında ödəyəcəklər. 2016-cı il may ayının 19-da 16 faiz payı də ələ keçirdikdən sonra Ə.Rzayevdən öz ərizəsi ilə işdən ("Hidroservice Engineering" MMC-nin İnsan qaynaqları şöbəsinin rəisi) çıxmasını tələb ediblər. Ə.Rzayev işdən nə üçün çıxmasını və işdən çıxmaq istəmədiyini bildirdikdə mübahisələri düşüb və aralarında olan razılaşmaya əməl etməyərək hədə-qorxu gəliblər. Onların digər dindar yoldaşları da kənardan məsələyə müdaxilə ediblər. Ə.Rzayevin özünü və yaxınlarını öldürəcəkləri ilə hədələyiblər.
Ənvər Alırza oğlu Rzayev hadisənin ertəsi günü, yəni 20 May 2016-cı il tarixdə aidiyyəti dövlət orqanlarına ünvanladığı şikayət ərizəsi bir neçə gün sonra Daxili İşlər Nazirliyində, 03 İyun 2016-cı ildə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində qeydiyyata alınıb, indiyə kimi heç bir qərar qəbul edilmədən bir RPİ-dən digərinə - guya aidiyyəti üzrə göndərilsə də, heç bir qanuni tədbir görülməyib, işin nəticəsi haqda şikayətçiyə cavab verilməyib".
Komitə bildirir ki, ərizənin qeydiyyata alındığı vaxtdan azı 4 (dörd) ay sonra, yəni 29 Sentyabr 2016-cı il tarixdə Ə.Rzayev Səbail RPİ-nin 8-ci Polis Bölməsinə dəvət edilib. Sahə rəisi ilə görüş zamanı məlum olub ki, onun şikayət ərizəsi ilə əlaqədar hansısa orqana sorğu göndərilməyinə baxmayaraq, istər bilərəkdən, istərsə də bilməyərəkdən (hər iki hal qanunsuz və yol verilməzdir) bu qədər süründürməçiliyə yol verilib (29 Sentyabr 2016-cı il tarixli izahatın surəti müraciətə əlavə edilib).
Müraciətdə yazılır ki, Ənvər Alırzaoğlunun aidiyyatı orqanlara etdiyi müraciətdən sonra həmin şəxslərin ağsaqqalları işə qarışıb, Ə.Rzayevin böyüklərinə bidiriblər ki, məsələni hökumətlə yox, öz aralarında yoluna qoyacaqlar.
Müraciətdə qeyd edilir: "Bundan sonra biz Ənvər müəllimin kiçik qardaşının qəflətən vəfat etməsi hadisəsini eşitdik. Komitənin əməkdaşları ilə birgə bu qərara gəlib Bəxtiyar Qənbərovla, yoldaşları Abdulrəhman, Səbuhi və Fariz barədə obyektiv maraqlanmağa başladıq. Araşdırma zamanı bir çox məsələlər üzə çıxdı. Məlum edirik ki, bu şəxslərdən Bəxtiyar Barat oğlu Qəmbərov Ağcabədi rayonunun Pəroğullar kəndindəndir, sonradan hansısa dolayı yolla Şuşa şəhər qeydiyyatına düşüb (Müraciətin bu yerində Bəxtiyar, Fariz və Səbuhi haqqında ciddi ittihamlar yer alıb, bunları dəqiqləşdirməyə və araşdırmağa çalışacağıq (red.)".
Komitənin müraciətində daha sonra bildirilib ki, İsmayıl Abbasovla Mətləb Qəmbərovun vəzifələrinə güvənərək, yol verdikləri bu qanunsuzluqlarla bağlı rəsmi səviyyədə tədbir görən yoxdur.
Komitə rəhbərliyi bildirir ki, bu müraciəti yazmaqda həm də vicdan borclarını yerinə yetirirlər:
"Ənvər Rzayev bu hadisədən həddən artıq sarsılıb. Biz eyni zamanda, bir insanın haqsız olaraq bu vəziyyətə düşməsi ilə barışa bilmərik".
Müraciətdə daha sonra yazılır:
"Cənab Prezident, Sizə üz tutur, Sizin ədalətinizə sığınaraq, çox xahiş edirik ki, Daxili Qoşunların polkovniki, Hərbi Prokurorluğun əməkdaşı və digərlərinin də bulaşdığı bu hadisənin obyektiv araşdırılması üçün müvafiq qurumlara tapşırıq verəsiniz".
Müraciətdə adıçəkilənləri də dinləməyə hazırıq.
F.ƏHMƏD
Reyting.az
Bölməyə aid digər xəbərlər