12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hökumət korrupsiya ilə mübarizə apara bilmir
Tarix: 03-04-2017 14:02 | Bölmə: Slayd

Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə, büdcə və büdcədənkənar fond vəsaitlərindən təyinatı üzrə istifadə etməməyə görə tətbiq olunan cəzalar sərtləşdirilir.

Cinayət Məcəlləsinə əsasən, hazırda vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihədə bu halda 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 2 ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir.

Cinayət Məcəlləsinə əsasən, hazırda dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə 8 min manatdan 10 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihədə bu halda dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə 9 min manatdan 13 min manatadək miqdarda cərimə edilməklə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif olunur. Qanun layihəsi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə edilib.

Siyasi arenadakı şəxslər isə düşünürlər ki, məmurların cazalandarılması ilə bağlı nəzərdə tutulan dəyişikliklərin korrupsiyaya qarşı mübarizədə müsbət nəticəsi olmayacaq.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Reyting.az-a deyib ki, mövcud qanunvericilik istənilən cinayətin qarşısını qətiyyətlə almağa imkan tanıyır və problem qanunun imkanlarında deyil, siyasi iradədə və yanaşmadadır: "Hakimiyyət dövlətin idarə olunmasına münasibətini dəyişməyənə qədər, ölkədə büdcə talançılığı, oğurluq, mənimsəmə davam edəcək. Təkliflərdəki rəqəmlərə diqqət yetirin - artırılan məbləğlər heç devalvasiya və inflyasiyanı bağlamır. Gülməli deyilmi?

İqtidarın bu şousunun iki tərəfi ola bilər.İstisna etmirəm ki, bu, cəmiyyətin diqqətini "kütləşdirmək" üçün PR aksiya olsun və heç bir islahat baş verməsin.

İkinci ehtimalım da yaşamaq haqqına milikdir. Fikrimcə, yaxın zamanlarda prezident seçkiləri olacaq. Ola da bilər bu ilin ikinci yarısında. Hətta olmasa belə, növbəti seçkilərdə YAP-ın namizədi dəyişəcək.

Dəqiq məlumatlarıma görə, Birinci vitse-prezidentin son dövrlər seçdiyi kadrlara qanuni işləmək tövsiyyəsi verilir. Siyasi hakimiyyət anlaya bilər ki, tükənmiş büdcə ehtiyatlarında israfçılıq rejimi özlərinə ziyandır, sistem dağıla bilər. Bu səbəbdən də gərginləşən sosial reallıqda hakim elitaya və cəmiyyətə zahiri dəyişikliklər vasitəsilə mesaj ötürülür ki, idarəçilik dəyişir. Təbii ki, bu, versiyadır".

Partiya sədri qeyd edib ki, YAP-ın islahat aparmaq və ya idarəçilik prinsiplərini dəyişəcəyinə ümüdi "yox" səviyyəsindədir. Ə.Əliyevin sözlərinə görə, son 10 ildə gələn aşırı neft pullarının mənimsənilməsinə nəzarət olmadığından, formalaşmış oliqarxik çevrələr ciddi maneəyə çevriliblər. Bütün seqmentlərə malik belə qruplar kifayət qədər təsirli siyasi faktordurlar:

"Ona görə də, hətta istək olsa belə, dəyişikliklərin həyata keçirilməsində sabotaj halları olacaq. Ancaq onu bir daha vurğulayıram ki, hələlik və ümumilikdə hakimiyyətin tövründə heç bir pozitiv transformasiya müşahidə edilmir. İqtidar cəmiyyətlə qaba və kobud davranır. Dövlət sanki bir şəxsi şirkət nümunəsində idarə olunur, ictimai rəy "ayaqlar altındadır". "Nə etsək, qəbul edəcəklər",- psixolojisi hakimdir. Bu isə cəmiyyətə yaxşı heç nə vəd etmir. Bədbinliyimin səbəbi gördüklərimdir.

Uzağa getmədən son hadisələrə baxmaq istərdim. İsveç məhkəməsi Azərbaycan Dəmiryolları İdarəsi ilə bağlı iki nəfər Rusiya əsilli şəxsi həbs edib, cinayət işi başlanıb. Büdcə talançılığı faktı ortadadır. Beynəlxalq mətbuatda yazılanlardan aydın olur ki, tender qalibi "Bombardier" şirkətinə verilən sifarişin məbləği 5 dəfə şişirdilib. Əgər yazılanlar düzdürsə, real dəyərdən 400 faiz artıq büdcə vəsaiti talan edilib. Bunun müqabilində şirkət ofşor hesaba 77 milyon $ pul yatırıb. Kimə, bilinmir. Hüquq-mühafizə orqanları susur.

Yaxud bir bankirin mənimsədiyi vəsait dövlət büdcəsindən artıq olur. Ölkənin iki nazirliyinin korrupsiyaya aşkar şəkildə bulaşdığı ortaya çıxır, ikili mühasibatlığın menecment aləti olduğu məhkəmə sənədlərində əks etdirilir".

Ə.Əliyev onu da nəzərə çatdırıb ki, dəfələrlə mətbuat vasitəsilə maliyyə amnistiyasının verilməsi təklifi ilə çıxış edib. Onun fikrincə, bu, Azərbaycansayaq ölkələrdə geniş qəbul olunmuş praktikadır. "Səhv etmirəmsə, Qazaxıstan və Rusiyada bu zəruri tədbirlər bir neçə dəfə keçirilib. Oğurlanmış vəsaitlərin "yuyulmasını" hökumət etməlidir ki, pullar leqallaşsın, ölkədən pul qaçırılmasına son verilsin. Aktivlərin deklorasiyasından dərhal sonra, bütün büdcəyə sərəncam verən məmurların gəlir və xərcləri deklorasiyalaşdırılmalıdır".

VİP sədri qeyd edib ki, hakimiyyətdə olanlara biznes fəaliyyəti qadağan edilsə də, bütün bazar bu şəxslərin əlindədir: "Azərbaycanlı nazirin Rusiyada zavod açılışında iştirak kadrları kimi mənfi nümunələrin qarşısı alınmalıdır. Məhkəmələr müstəqilləşməlidir. Bir sözlə, bütün sahələrdə təmamilə indikindən əks üslub seçilməlidir. Belə radikal düşüncə dəyişikiliyini YAP-dan gözləmədiyimdən hər hansı fraqmentar qanun dəyişikliyini aldadıcı, gülünc PR aksiya kimi qiymətləndirirəm",- deyə müsahibimiz fikrini tamamlayıb.






Bölməyə aid digər xəbərlər