Rusiya Azərbaycana təzyiqləri artırır
Tarix: 22-05-2017 14:41 | Bölmə: Slayd

Artıq neçə müddətdir ki, Rusiya-Azərbaycan münasibətləri soyumaqdadır. Hələlik şimaldan Azərbaycana soyuq rüzgarın əsməsi ilk olaraq özünü Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvində göstərdi. Rusiyanın bu qərarı Azərbaycanda ciddi narazılığa səbəb oldu. Hətta Milli Məclisin sonuncu iclasında da məsələ müzakirə olunaraq, şimal qonşumuzun qərarına etiraz edildi.

Parlamentarilər də hesab edirlər ki, Rusiya Ali Məhkəməsinin ÜAK-ın qeydiyyatının ləğvi barədə qərarı iki ölkə arasındakı münasibətlərə çox ciddi şəkildə mənfi təsir göstərəcək. Təbii ki, buna ciddi əsaslar da var. Çünki ÜAK-ın ləğvi və qurumun fəaliyyətinə zərbə vurulmaması üçün dövlət səviyyəsində edilən müraciətlər nəzərə alınmadı.

Qeyd edək ki, ötən müddət ərzində Azərbaycanın müxtəlif dövlət strukturları - Milli Məclis, Xarici İşlər Nazirliyi, Diaspor Komitəmiz, o cümlədən Azərbaycanda fəaliyyət göstərən rus icması tərəfindən müraciətlər edilmişdi ki, məsələ ilə bağlı addımlar atarkən hüququn prinsiplərinə istinad olunsun. Lakin qarşılığında ermənilərin rus dövlətçiliyi üzərində qələbəsinə səbəb olan addım atıldı. Halbuki Konqresə zaman verilməliydi ki, Nizamnamədə bəlli prinsiplər, müddəalar dəyişdirilsin.

Reyting.az-ın əldə etdiyi məlumata görə, Kreml Azərbaycana qarşı təzyiqləri artırmaq üçün bu dəfə siyasi müstəvidə həmlələr planlaşdırıb. Konqresin qeydiyyatının ləğvi də hazırlanmış gizli planın bir hissəsidir.

"Yəqin ki, siz də müşahidə edirsiniz, son illər ölkədə siyasi cəhətdən dəyişikliklər gerçəkləşməkdədir. Xüsusən də Azərbaycanın müstəqil siyasi kursu daha da dərinləşdirməsi, daha dəqiqi, Moskvanın xoşuna getməyən istiqamətdə irəliləməsi Rusiyanın maraqlarına cavab vermir. Bu isə özünü həm Qarabağ cəbhəsindəki gərginlikdə, həm də digər müstəvilərdə göstərir. Zaman-zaman bu siyasətə əl atan Rusiya bu dəfə daha qəzəblidir. Azərbaycanın siyasi elitası da bunu anlayır, amma münasibətləri gərginləşdirməyə lüzum görmür. Lakin Konqresin qeydiyyatının ləğvi ciddi məsələ olduğundan Milli Məclis səviyyəsində təpki göstərildi. Amma bunun davamı olacaq",- deyə adının çəkilməsini istəməyən siyasilərdən biri bildirib.

Onu da nəzərə çatdıraq ki, hakimiyyətin siyasi kataklizmlər zamanı önə verdiyi deputat Zahid Oruc da Rusiyanın son addımı ilə bağlı maraqlı detallara toxunub. Deputat qeyd edib ki, Rusiyanın müvafiq qurumlarının qərarı sistemli şəkildə bir müddət idi ki, həyata keçirilirdi. Zahid Oruc hesab edir ki, son qərar qərbpərəstlər və yaxud Avropanın bölgə ilə bağlı Rusiya əleyhinə olan siyasətinin tərəfdarlarını gücləndirə bilər: "İstəyirəm ki, bunun nəticəsi də görülsün. Bu səbəbdən bunu faciə kimi qarşılamağın qəti əleyhinəyəm. Çünki Azərbaycanın alternativləri mövcuddur. Əvvəla, orada yaşayan insanların əksəriyyəti vətəndaşlıq alıb. Onlar Rusiyanı Azərbaycanla bərabər vətənləri hesab edirlər. Bu adamlara qarşı hansısa başqa fəaliyyət həyata keçirmək mümkün olmayacaq. Onlar artıq fəaliyyətlərinin dəqiq prinsiplərini formalaşdırıblar. Bu səbəbdən mən çox arzu edərdim ki, belə qərar bizim soydaşlarımızı Azərbaycan amallarında birləşdirsin, parçalanma doğurmasın. Hər hansı bir küskünlük və ya başqa xarakterli radikalizm yaşanmasın. Növbəti addımlarımızda isə, Azərbaycan tərəfindən məsələ ilə bağlı Kremlin məlum siyasi texnoloqlarına dəqiq mesajlar çatdırılacaq ki, Ümumrusiya Azərbaycan Konqresinin məsələsi bizim üçün həlledicidir, önəmlidir. Yəni biz milyardlarla dollarlıq hərbi müqavilələr imzalayıb, həmçinin iqtisadi əməkdaşlıq həyata keçirib, bu gün yaxşı ticari əlaqələr qurub, Rusiya ilə bir sıra beynəlxalq məsələlərdə müttəfiqlik göstərərək, əvəzində kimsə orda özünü azərbaycanlılardan qorusun, bizim vətəndaşlarımızı özlərinə təhlükə hesab etsin və hansısa başqa etnik, milli kimlikləri irəli daşısın?! Azərbaycanın dövlət orqanları təbii ki, bu məsələyə geniş istiqamətdə reaksiyalarını verəcəklər".

Maraqlı məqamlardan biri də odur ki, Milli Məclisin həmin iclasında Azərbaycan hərbçiləri arasında təxribatçıların aşkarlanması məsələsində Rusiyanın iştirakının araşdırılması barədə də məsələ qaldırılıb.

Deputat Qüdrət Həsənquliyev çıxışında bildirib ki, bir qrup Azərbaycan hərbiçisinin erməni kəşfiyyatına məlumat ötürməsi faktları ciddi araşdırılmalıdır. O qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti bu məsələni diqqətdə saxlamalı, istintaqda iştirak etməlidir: "Burada Rusiyanın iştirakı məsələsi də öyrənilməli və araşdırılmalıdır. İndi təkcə Ermənistan hərbçiləri deyil, həm də Rusiya hərbçiləri Azərbaycan ordusuna qarşı dayanır. Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əvvəllər olduğu kimi, bu dəfə də prezident seçkiləri ərəfəsində Rusiyadan Azərbaycana qarşı təxribatlar və təzyiqlər artır".

Bizi bilgiləndirən şəxs də deputatın söylədiklərinin arqumentli olduğunu qeyd edib. Onun sözlərinə görə, həqiqətən də Kreml Azərbaycana qarşı qəzəblidir. Sadəcə olaraq, bu qəzəbi gizlətməyə çalışır. Səbəb də aydındır. Son dövrlər ölkədə Rusiyanın iradəsindən kənar bir sıra proseslər gedir. İstər beynəlxalq siyasətdə, istərsə də iqtisadi və daxili siyasətdə Moskvanın xoşuna gəlməyən proseslər baş verir. Amma təhlükəsizlik məsələsi olduğundan və istintaq aparıldığından detallara varmasa da, Q.Həsənquliyev bu çıxışı ilə ciddi mesajlar verib. Yəni, Rusiya Azərbaycanda iradəsindən kənar proseslər baş verən kimi müxtəlif istiqamətlərdən basqılar edir. Yəqin ki, Kremlin təzyiqləri bununla bitməyəcək.

Reyting.az

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}