











Tarix: 14-06-2017 13:53 | Bölmə: Slayd
Ucar rayonu, Dədə Qorqud yaşayış məhəlləsi, ev 7, mənzil 8 də yaşayan şəhid anası Şahnaz Abbas qızı Ələkbərova prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu göndərib.
Şikayət məktubunun bir nüsxəsini də Reyting.az-a göndərən şəhid anası yazır ki, Ucar rayon icra hakimiyətinin sabiq başçıları Arzu Qafurov və Yaşar Məmmədov şəhid ruhuna hörmətsizlik ediblər.
Şahnaz Ələkbərova şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş mənzil növbəsinə 2008-ci ildən dayanıb. Yazır ki, həmin vaxt növbədə 54-cü şəxs olub:
"Uzun müddət ərizələrlə müraciətlər etdikdən sonra Ucar Rayon İcra Hakimiyyətindən mənə cavab verilib ki, siz 2008-ci il tarixdə deyil, guya 2015-ci il tarixdə ev növbəsinə qeydə alınmısınız. İndi başa düşmüşəm ki, Ucarın sabiq icra başçısı, hazırda Qubanın başçısı işləyən Yaşar Məmmədov məni aldadaraq, ev növbəsində qeydə aldırmayıb. Bunu keçmiş nazir Ziya Məmmədovun xalası oğlu Yaşar Məmmədov edib”.
Ananın yazdığına görə, oğlu Məhəmməd Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub, digər oğlu Fətəli 1-ci qrup müharibə əlilidir, iki oğlu isə Qarabağ müharibəsi iştirakçısıdır:
"Həyat yoldaşım Mehdi Ələkbərov isə Böyük Vətən müharibəsinin iştirakçısı olub.
Qardaşım Qadir Abbas oğlu Rəsulov da Qarabağ müharibəsində şəhid olub.
Özüm qəhrəman anayam, 14 uşaq anasıyam. İndi evsizliyə görə qohumlarımın evində yaşamaq məcburiyyətindəyəm. Çünki Ucar rayonunun Alpı kəndindəki evimiz iki otaqdan ibarətdir. İki oğlum ailəsi ilə orada darısqal şəraitdə yaşayırlar, digər oğlum Polad isə kirayədə qalır”.
Şəhid anası bildirir ki, Ucar rayon icra hakimiyyətinin sabiq başçısı Yaşar Məmmədov şəhid ailəsi və Qarabağ müharibəsi əlili olmayan çoxlu sayda şəxsə bu məqsədlə tikilmiş evlərdən mənzillər verib ki, bunun da araşdırılması vacibdir: "Çünki onlardan pul alıblar. Mənim isə korrupsionerlərə verməyə pulum yoxdur”.
Ş.Ələkbərova yazır: "Bir dəfə keçmiş deputat Elton Məmmədov (Sabiq nazir Ziya Məmmədovun qardaşı) Ucarda ev orderləri paylayan zaman ondan bizim ailəyə də ev verilməsini xahiş etdim. O, "məni bezdirmisiniz”,- deyərək, polislərə qolumu burdurdub məni döydürdü. Allah da Ziya Məmmədovun özünü və yaxınlarını belə cəzalandırdı”.
Sonda şikayətçi İ.Əliyev və M.Əliyevaya inandığını qeyd edərək, əminliklə bildirir ki, məktub onlara yetişərsə, problemi dərhal həll ediləcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər