Politoloq: “Rusiya Ermənistan rəhbərinə deyəcək ki, Zəngəzur dəhlizini aç”
Tarix: 13-04-2021 14:54 | Bölmə: Slayd
Politoloq: “Rusiya Ermənistan rəhbərinə deyəcək ki, Zəngəzur dəhlizini aç”

“Ermənistanda Zəngəzur dəhlizinin açılmasına ona görə mane olmağa çalışırlar ki, qarşıdan parlament seçkiləri gəlir. Nikol Paşinyan indi erməni cəmiyyəti qarşısına çıxıb desə ki, dəmir yolunun açılması, Rusiyaya çıxış üçün belə yolun olması Ermənistana xeyirdir, məncə bu, mücərrəd fikir olacaq. Amma cəmiyyətinə açıq desə ki, Mehridən dəniryolunun açılması üçün Azərbaycana dəhliz verirəm, bu zaman ona qarşı elə hücum başlayacaq ki, təsəvvür etməzsiniz. Seçkilərə getmək və qələbə qazanmaq istəyən Paşinyan üçün belə bir addım hələlik lazım deyil”.

Bu sözləri Reyting.az-a politoloq Zərdüşt Əlizadə Ermənistanın üçtərəfli sazişdə qeyd edilən Zəngəzur dəhlizinin açılmasına mane olmasından danışarkən deyib.

Politoloq ehtimal edir ki, Baş nazir Nikol Paşinyan Ermənistanda iyunun 20-də keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində qalib gələrsə, dəhlizin açılmasına qarşı çıxmayacaq:

“Təsəvvür edək ki, Nikol Paşinyan parlament seçkilərini uduzur, hakimiyyətdən gedir və hakimiyyətə Robert Köçəryan gəlir. Bu halda Köçəryan dəhlizin açılmasına qarşı çıxacaq? Məncə, buna cürəti çatmaz. Rusiya ona deyəcək ki, zəhmət çək, imza at, dəhlizi aç, bu işləri yerinə yetir! Çünki belə bir dəhliz Rusiyaya da lazımdır. Moskva bu dəhliz vasitəsilə Çinə, Türkiyəyə, İrana, Yaxın Şərqə çıxış əldə edir. Belə bir imkandan kim imtina edər?”.

Z. Əlizadə düşünür ki, prosesi süni şəkildə tezləşdirmək də doğru olmazdı: “Hələlik tələsmək lazım deyil. Siyasi, iqtisadi məsələləri həll edəndə müzakirələr gedir, razılaşmalar olur, məsələni tərəzinin gözünə qoyub ağırlığına-yüngüllüyünə baxırlar, əlavələr edirlər, nələrisə çıxarırlar və s. Məncə, belə işlərdə tələsmək olmaz. Əminəm ki, Zəngəzurdan dəmiryolu çəkiləcək, dəhliz açılacaq. Yanında avtomobil yolu da olacaq. Türkiyə ilə Naxçıvan üzərindən də dəmiryolu açılacaq. İndi Qars-Tiflis-Bakı dəmiryolu var. Naxçıvan yolu da olacaq. Bu, Ermənistana da xeyirdir. Sadəcə, ermənilərin xəstə təfəkkürdən xilas olmaları üçün zamana ehtiyacları var. Ümid edək ki, bu zaman onlar üçün tez keçib gedəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}