Jurnalist-etnoqraf ədəbi oğurluqla üzləşib - İttiham
Tarix: 06-05-2021 19:17 | Bölmə: Slayd
Jurnalist-etnoqraf ədəbi oğurluqla üzləşib

“Hazırda ölkədə ədəbi oğurluq baş alıb gedir”.

Bunu Reyting.az-a jurnalist-etnoqraf Ənvər Çingizoğlu deyib. O bildirib ki, yazıçıların hüququnu qoruyan qurum olsa da, gərək kitabı, məqaləni orada qeydiyyatdan keçirəsən:

“İnternet əsridir, “copy past” dövrüdür. Kimin qarşısına nə çıxırsa, köçürüb, öz adıyla dərc etdirir”.


Ə. Çingizoğlu

Ə. Çingizoğlu qeyd edib ki, onun məqalələri, hətta kitabı oğurlanıb:

“Edu.gov.az saytı ağına-bozuna baxmadan mənim yazılarımı, arxivlərdən tapdığım şəkilləri götürüb çap edir. Onlar “Qarabağın məşhur müəllimləri” layihəsində mənim yazılarımdan istifadə edirlər.

İnternetdə bir yazı dərc edirsən, başqası sənin yazını götürüb öz adıyla dərc elətdirir. Mənim elə elmi məqaləm var ki, biri götürüb öz adıyla dərc etdirir, hətta başından bir cümləni belə dəyişmir ki, məhkəməyə verəndə bir cümlə əlavə etdiyini deyə bilsin”.

Jurnalist-etnoqraf bildirib ki, plagiatlığın qarşısını hər kəs özü yaza bildiyi halda ala bilərik:

“Biri elmi məqalə, biri digər mövzuda yazırsa, gərək özü yaza bilə, başqasından oğurlamaya. Ən azından başqasından sitat gətirdikdə qaynaq göstərilməlidir.

Plagiatlığa qarşı işləyən müvafiq qurumlar o vaxt yazıçıların hüquqlarını qoruyur ki, ora müraciət olunsun. Azərbaycan yazıçılarının da hamısında tənbəllik, ətalət var. Heç vaxt gedib müraciət etmirik. Mənim kitabımı, monoqrafiyamı oğurladılar, susdum. Bu il bütün yazı və kitablarımı qeydiyyatdan keçirməyi düşünürəm”.

Ə. Çingizoğlunun sözlərinə görə, plagiatlıqla (ədəbi oğurluqla) məşğul olan şəxslərlə bağlı cəza olmalıdır:

“Ən azı pul cəriməsi olmalıdır. Bundan başqa, onları məhkəmə qarşısına çıxardıb utandırmalısan ki, yaza bilmirsənsə, niyə camaatın malını oğurlayırsan?”

Qeyd edək ki, Əqli Mülkiyyət Agentliyinin 2020-ci il hesabatına əsasən, il ərzində qurumun nümayəndələri əqli mülkiyyət obyektlərinə hüquqların təminatı ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 53 iş üzrə 130-dan çox məhkəmə iclasında iştirak edib. Hümçinin, 2020-ci ildə agentlikdə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 468 şəhadətnamə verilib. Hesabatda bildirilib ki, ötən il ərzində qurum müəllif-hüquq məsələləri üzrə 1650-dən artıq müraciət və sorğuya cavab verib, qaldırılan məsələlərin həllində köməklik göstərib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}