İranda prezidentliyə namizəd: “Türkiyə ilə sıx əməkdaşlıq edə bilərik”
Tarix: 17-05-2021 17:59 | Bölmə: Slayd
İranda prezidentliyə namizəd: “Türkiyə ilə sıx əməkdaşlıq edə bilərik”

“Terrorla mübarizədə Türkiyə ilə sıx əməkdaşlıq edə bilərik”.

Reyting.az
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu İranda prezidentliyə namizəd olan İnqilab Keşikçiləri Korpusunun keçmiş komandirlərindən biri, general Səid Məhəmməd bildirib.

“Sepah” generalı Türkiyə ilə əlaqələrə dair mühüm açıqlamalar verib.

Türkiyə ilə İranın əlaqələrinə toxunan Səid Məhəmməd bildirib: “Türkiyə ilə İran terrorizmə qarşı mübarizədə yaxın və yaxşı bir əməkdaşlıq içində ola bilər. Suriyada və İraqın şimalında bəzi problemlər var. Suriya, İraq, Əfqanıstanın yenidən qurulmasında da o cümlədən. İki ölkə Yəmən və Fələstində də müsbət rol oynaya bilər. Türkiyə ilə İranın Fələstindəki müqavimət qruplarına dair oxşar fikirləri var”.

Səid Məhəmməd əlavə edib: “Bölgədəki ölkələr bir-birini tamamlayır. Hamımız eyni gəmidəyik. Bu gəmi deşilsə, hər kəsə zərər verəcək”.

Prezidentliyə namizədin sözlərinə görə, enerji sahəsində Türkiyə və İran arasında yaxşı bir əməkdaşlıq ola bilər. “Türkiyə bu bölgədə, Qara dənizdə yaxşı bir enerji ehtiyatı tapıb. Bununla əlaqədar mənbələrin mənimsənilməsində ortaq mühəndislik işləri həyata keçirilə bilər”.

Ankara və Tehranın turizm, səhiyyə, elm və mədəniyyət sahələrində ortaq layihələri inkişaf etdirə biləcəyinə işarə edən Səid Məhəmməd deyib: “Türkiyə sağlamlıq turizmi sahəsində çox yaxşı bir irəliləyiş əldə etdi. Turizm sahəsində çox yaxşı layihələr inkişaf etdirilə bilər. Türk şirkətləri gəlib İrana sərmayə qoya bilər. O cümlədən inşaat sektoruna. Bunun üçün şərtlər daha uyğundur. Mədən sənayesi sahəsində çatışmazlıqlar var, Türkiyə bunları tamamlaya bilər”.

Səid Məhəmməd İranın hazırkı vəziyyəti və seçkilərlə bağlı da açıqlamalar verib. Onun sözlərinə görə, İranda idarəçilərin gənc olmaması təhlükədir. “Bir çox ölkə idarəetmədə cavanlaşmaya gedib. Mən bu yolu İranda açmaq istəyirəm”.

Ölkədəki problemləri yaxşı bildiyini və onları həll edə biləcəyini söyləyən prezidentliyə namizəd əlavə edib: “İranda dəyişiklik olacağına inanıram. Quruluşlar, qurumlar, qanunlar və ölkədəki qərarlar tədricən dəyişməlidir”.

Prezidentliyə namizədin sözlərinə görə, Qərblə Şərq arasında balanslı bir siyasət izlənilməli və qonşu 15 ölkənin potensialından istifadə edilməlidir. “İqtisadiyyata əsaslanan diplomatiya aparmalıyıq. Diplomatiyanın hərbi baxışla yürüdülməsi doğru deyil. Dünya ilə müsbət əlaqələr qurmağın və diplomatiyanı şaxələndirməyin tərəfdarıyam”.

Reyting.az




Bölməyə aid digər xəbərlər