Azərbaycan sərhəddəki vəziyyətlə bağlı bütün ölkələri məlumatlandırmalıdır - Deputat
Tarix: 19-05-2021 10:13 | Bölmə: Slayd
Azərbaycan sərhəddəki vəziyyətlə bağlı bütün ölkələri məlumatlandırmalıdır

“ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsinin səbəbi, fikrimcə, ermənilərin panik vəziyyətdə dünyada səs-küy salması ilə əlaqədardır. Təbii olaraq, cənab Ceyk Sallivan və digər diplomatlar Azərbaycan tərəfindən aldıqları məlumatdan sonra bölgədə real vəziyyətin, habelə sərhəddə demarkasiya proseslərinin nədən ibarət olduğuna dair dəqiq informasiya əldə edəcəklər. Hesab edirəm ki, bu gün Azərbaycan tərəfinin hamını məlumatlandırmasına ehtiyac var. Əslində demarkasiya prosesi gedir, Azərbaycan dövlət sərhədlərini bərpa edir”.

Bu sözləri Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə ABŞ lideri C. Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri C. Sallivanın Azərbaycan prezidenti İ. Əliyevə zəng etməsi və tərəflər arasında aparılan müzakirələri şərh edərkən deyib.

Deputat bildirib ki, Ermənistanda seçki öncəsi sərt kampaniya gedir: “Onlar özlərini daha radikal nümayiş edirmək, əhalidən səs almaq naminə diasporaları vasitəsilə dünyada hay-küy qaldırır, isterik vəziyyət nümayiş etdirirlər. Məncə, biz təmkinli olmalı, öz işimizi davam etdirməliyik. Ermənilərin reaksiyalarının səbəbləri haqqında da dünyanı məlumatlandırmalıyıq”.

A. Mollazadə əlavə edib ki, ABŞ başda olmaqla heç bir ölkə və beynəlxalq təşkilat Azərbaycandan heç nə tələb edə bilməz: “Çünki Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirib, Minsk qrupunun bacarıqsızlığını öz imkanları vasitəsilə yoluna qoyub. Münaqişə bitib. Bu gün bütün beynəlxalq təşkilatlar Ermənistan qarşısında bir məsələni qaldırmalıdır: üçtərəfli sazişin sürətlə icrası və sülh istiqamətində zəruri addımların atılmasını. Həmçinin Ermənistan bütün qonşularına qarşı ərazi iddialarını kənara qoyaraq normal dövlətə çevrilməlidir”.

A. Mollazadə xatırladıb ki, ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq edir: “Azərbaycan ABŞ-a çox böyük lojistik dəstək verir. Əfqanıstanda və s. yerlərdə. Məncə, ABŞ öz siyasətində ilk növbədə beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Söhbət BMT və ATƏT-in təməl sənədlərindən gedir. Azərbaycanın da bütün siyasəti beynəlxalq hüquq normaları çərçivəsindədir. İndiyə qədər Azərbaycan tərəfinin atdığı addımlarda hər hansı qanun pozuntusu yoxdur. Sadəcə, addımlarımızla bağlı daha ətraflı informasiyalar verməliyik ki, erməni yalanları dünyada yeriməsin”.

Reyting.az




Bölməyə aid digər xəbərlər