KTMT-yə üzv ölkələr Ermənistanın tələbinə ciddi yanaşmır
Tarix: 19-05-2021 10:35 | Bölmə: Slayd
KTMT-yə üzv ölkələr Ermənistanın tələbinə ciddi yanaşmır

“Ermənistan hamıdan yardım istəyir. Məsələn, ABŞ-dan 100 milyon yardım istədi, cəmi 5 milyon ala bildi. Bu nöqteyi-nəzərdən Ermənistan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi yardım və işə qarışmasını istəyir. Demək olar ki, Ermənistan rəsmiləri KTMT-yə üzv ölkələrin rəhbərlərinin böyük bir qismi ilə də danışıb”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı Tahir Kərimli Ermənistanın sərhədin delemitasiyası prosesini bəhanə edərək Rusiya və KTMT-dən hərbi dəstək istəməsindən danışarkən deyib.

Deputat bildirib ki, Rusiya başda olmaqla KTMT-yə üzv ölkələrin heç biri Ermənistana müsbət cavab verməyib.


T. Kərimli

Onun sözlərinə görə, Qazaxıstan, Belarus, Qırğızıstan və digər ölkələr Ermənistanın bu tələbinə ciddi yanaşmır: “Çünki Azərbaycan həmin ölkələri inandırıb ki, biz Ermənistan ərazisinə daxil olmamışıq, ora hücum etməmişik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə görə, bu qurumun üzvlərindən birinə hərbi hücum olarsa, sərhədləri pozularsa, hərbi toqquşma yaranarsa, müttəfiq ölkələr ona kömək edə bilər. İndiki halda nə hərbi toqquşma var, nə də sərhədlərin pozulması halları. Azərbaycan sərhədlərini müəyyən edir. Mənə elə gəlir ki, KTMT üzvləri Ermənistana izah edib ki, danışıqlar vasitəsilə Azərbaycanla məsələni həll etsin. Azərbaycana qarşı hərbi qarşıdurmaya ehtiyac yoxdur. Bu mənada hesab edirəm ki, Ermənistan tərəfi demarkasiya prosesində hay-küy salması, guya Azərbaycanın Ermənistan dövlət sərhədlərini pozması haqda kampaniyasının ciddi nəticəsi olmayacaq. Həm də ciddi siyasətçilər sözlərə deyil, sənədlərə diqqət edirlər”.

T. Kərimlinin fikrincə, indiki mərhələdə Ermənistanda bu kimi halların yaşanması daha çox daxili siyasi təbəqəyə hesablanıb: “Seçki öncəsi erməni siyasətçiləri xal da qazanmaq istəyirlər. Cəmiyyətə nümayiş etdirirlər ki, xalqın və dövlətin taleyi haqqında düşünürlər. Amma bütün hallarda sərhədlərin dəqiqləşdirilməsi məsələsində Azərbaycan haqlı tərəfdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər