Sərdar Cəlaloğlu: “İslama zidd olan hər şey İrandan çıxır”
Tarix: 19-05-2021 14:11 | Bölmə: Slayd
Sərdar Cəlaloğlu: “İslama zidd olan hər şey İrandan çıxır”

“İran-Azərbaycan sərhədində baş verən son hadisə ciddi məsələdir. İrandan Azərbaycana sərhəd vasitəsilə çoxlu narkotik maddələr keçirilir. Dəfələrlə Azərbaycan sərhədçiləri bunun qarşısını alıb. Son günlər sərhədçilərimizin keçirdiyi əməliyyat zamanı əsgərlərimiz həlak olub. Sərhəd qaçaqmalçılarından da bir nəfəri öldürülüb, səhv etmirəmsə, digəri saxlanılıb. Hesab edirəm ki, bu, bilavasitə İran hökumətinin günahıdır. Çünki öz sərhədlərini qorumur, vətəndaşlarının beynəlxalq hüquqla qadağan olunan cinayətdə iştirakının qarısını ala bilmir. Nəticədə Azərbaycan sərhədlərində təhdidlər ortaya çıxır”.

Bu fikirləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mayın 15-də İran-Azərbaycan sərhədində baş verən insidentdən danışarkən deyib.

Partiya sədi xatırladıb ki, İran liderləri Ermənistan-Azərbaycan sərhədi ilə bağlı bəyanatlar verir, az qala bizə hədə-qorxu gəlməyə cəhd edirlər, ancaq öz sərhədlərindən kriminal şəxslərin qonşu ölkə ərazisinə qanunsuz keçməsinə az qala şərait yaradırlar.

S. Cəlaloğlu diqqətə çatdırıb ki, sərhədin Yardımlı rayon ərazisində baş verən son insidentə görə İran tərəfi məsuliyyət daşıyır:

“Günahkar İrandır. Öz dövlətini qoruya bilmədiyi üçün onun sərhədlərindən Azərbaycana təhdid və təhlükələr yaranır. Əslində Azərbaycan tərəfi arzulasa, bu kimi faktları toplayaraq beynəlxalq məhkəmədə iddia qaldıra bilər. İran öz dövlət sərhədlərini nəhayət ciddi şəkildə qorumalıdır”.

S. Cəlaloğlu əlavə edib ki, İranın məsuliyyətsizliyindən Azərbaycan həm əziyyət çəkir, itkilər verir, həm də sərhəd qaçaqmalçıları ölkə ərazisinə narkotik maddələr daşıyırlar: “İddialara görə, onlar Azərbaycandan tranzit kimi istifadə edirlər. Qanunsuz və qaçaqmalçılıq yolu ilə bura keçirilən narkotik maddələr Gürcüstana, Rusiyaya və onların üzərindən Avropaya göndərilir. Sözsüz ki, bu narkotik maddədən Azərbaycan daxilində də istifadə olunur. Bütün bunlar yolverilməzdir. Ümumiyyətlə, İslam Respublikası olan İranda bu qədər narkotik istehsalı və ticarəti ilə məşğul insanların olması məndə təəccüb yaradır. Bunlar dövlətə necə nəzarət edirlər ki, İslama zidd olan hər şey İrandan çıxır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər