Müdafiə Nazirliyi qazilərə problem yaradır
Tarix: 20-05-2021 18:08 | Bölmə: Slayd
Müdafiə Nazirliyi qazilərə problem yaradır

“Vətən müharibəsindən sonra kifayət qədər qazi bizim təşkilata üzv olmaq üçün müraciət edir”. Bunu Reyting.az-a Qarabağ Qazilər Birliyinin sədri Rey Kərimoğlu deyib.

R. Kərimoğlu bildirib ki, Birliyə üzv olmaq üçün müraciət edən qazilərimizin çoxu əlillik dərəcəsi almayıb:

“Qarabağ Qazilər Birliyi hüquqi cəhətdən əlil ictimai təşkilatıdır. Onlar əlillik dərəcəsi almadığına görə, hələ ki, təşkilata üzv qəbul edə bilmirik. Müəyyən hissəsini qəbul etmişik”.


R. Kərimoğlu

R. Kərimoğlu qeyd edib ki, qazilər üçün yeni təşkilatın yaradılması çox yaxşı olardı:

“Qazilərin problemləri fərqli olsa da, ümumən Birinci Qarabağ müharibəsinin qaziləri müəyyən yaşa çatıblar. Amma Vətən müharibəsi qazilərinin 90 faizi gənclərdir, ona görə də problemləri spesifik olacaq. Onların ayrıca təşkilatda birləşməsinə çox ehtiyac var. Ümid edirəm ki, onlar nə vaxtsa öz birliklərini yaradacaqlar. Amma bizim Birlik də onların üzünə açıqdır. Nə vaxt istəsələr müraciət edə bilərlər, artıq müəyyən müraciətlər də olub, gücümüz çatan şəkildə dəstək oluruq”.

Birlik sədri qeyd edib ki, bu gün qazilərin ən böyük problemi əlillik dərəcələrinin müəyyənləşdirilməsi ilə bağlıdır:

“Onların yaralanmaları düzgün qiymətləndirilmir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası, Səhiyyə Nazirliyinin poliklinikaları “Forma-8” verir, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial və Tibbi Reabilitasiya Mərkəzi əlillik qruplarını müəyyənləşdirirlər. Bu sahədə böyük problem var. Problemin əsası Müdafiə Nazirliyində yaradılır. Qazilərin yaralanması, real vəziyyətləri düzgün yazılmır, yaralanma dərəcələri azaldılır. Bu da sonda onların əlillik dərəcələri almalarına problem yaradır”.

R. Kərimoğlu xatırladıb ki, son illər əlilik dərəcələrinin müəyyənləşdirilməsi meyarları Nazirlər Kabineti tərəfindən dəyişdirilib: “Biz dəfələrlə təklif etmişik ki, meyarlara yenidən baxılmalıdır. Təəssüflər olsun ki, baxılmır. ƏƏSMN-da əlillik dərəcələri ilə bağlı narazılıqlar da qanunvericilikdən yaranan problemdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər