XİN: Ermənistan yalan məlumatlarla vəziyyəti yenidən gərginləşdirir
Tarix: 25-05-2021 23:56 | Bölmə: Slayd
XİN: Ermənistan yalan məlumatlarla vəziyyəti yenidən gərginləşdirir

Ermənistan-Azərbaycan dövlət sərhədində, Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən bu xüsusda verilən açıqlamalarda sözügedən ittihamların yalan olduğu, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan ərazisinə atəş açılmadığı bəyan edilib: “Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir.

Ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələri arasında itkilərin, o cümlədən qeyri-hərbi itkilərin artması, sonuncu hal da daxil olmaqla Ermənistan silahlı qüvvələri daxilində müvafiq araşdırmaların aparılması zərurətini üzə çıxarır”.

Həmçinin, vurğulanıb ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır. Azərbaycan XİN Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparmağa çağırır.




Bölməyə aid digər xəbərlər