Türk mafiyasının lideri xarici kəşfiyyatın əhatəsində: nazirlər “vurulur”, son hədəf Ərdoğandır - Sensasiyalı iddialar
Tarix: 26-05-2021 15:14 | Bölmə: Slayd
Türk mafiyasının lideri xarici kəşfiyyatın əhatəsində: nazirlər “vurulur”, son hədəf Ərdoğandır

Türk mafiyasının lideri Sedat Peker əvvəl Balkanlara, oradan da Mərakeşə gedib. Mərakeşdən isə ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyatının vasitəsilə Birləşmiş Ərəb Əmirliyinə gətirilib.

Reyting.az
xəbər verir ki, belə sensasiyalı iddia ilə misirli jurnalist Sabir Məşhur çıxış edib.

Jurnalist Pekerin Türkiyədən qaçış mərhələsi, Mərakeşdən Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) təslim edilməsindən söz açıb və Səudiyyə Ərəbistanı kəşfiyyatının bu prosesdə rol oynadığını bildirib.

Sabir Məşhurun iddiasına görə, Pekeri həbs edib BƏƏ-yə ABŞ-ın vasitəçiliyi ilə Mərakeş verib:

“Sedat Peker əvvəlcə narkotik və mafiya işlərinin aktiv olduğu Balkanlara getdi. Oradan da Mərakeşə keçdi. Polis burada Pekeri həbs etdi. Daha sonra ortaya Mixail Rubin çıxdı və “onu BƏƏ-yə aparmaq istəyirik”,- dedi. Pekeri Mərakeşdən rəsmi götürə bilməzdilər. Niyə? Çünki bu halda Türkiyə Mərakeş müxalifətini Türkiyəyə gətirib Kralı “media bombardmanı”na tutardı. Həbs edilərkən Pekeri qaçmış kimi göstərib BƏƏ-yə apardılar. Peker ABŞ-ın vasitəsilə qaçırıldı”.



Sabir Məşhur bildirib ki, bütün bu əməliyyatlardan öncə ABŞ “Pekeri indi aparsaq və Türk hökumətini söyməyə başlasa, xalq buna inanmaz”,- düşüncəsində olub: “Çünki adam mafiya lideridir və çirkli keçmişə sahibdir. Əvvəl “beyinləri yuyub” onu qəbul etdirməli, sonra dövriyyəyə buraxmalısan. ABŞ bu planı reallaşdırdı və bir dostundan da yardım istədi. Məhəmməd bin Salmana “Türkiyədə sənin kəşfiyyatına ehtiyacımız var”,- dedilər. O da bu təklifi qəbul etdi. Təklif türk ağlına nəzarət etmək və bu əməliyyatı hazırlamaqdır. Həmən hərəkətə keçildi və özəl kanallarla Türkiyədəki agentlərlə əlaqə quruldu”.

Misirli qəzetçi əlavə edib ki, bu əməliyyatla əslində Türkiyə prezidenti Ərdoğanın ətrafındakı şəxslərin çıxdaş edilməsi nəzərdə tutulur. Onun fikrincə, Berat Albayrak məsələsi həll edildiyindən indi sırada Süleyman Soyludur. Digər nazirlərin də tədricən hədəfə gətiriləcəyini proqnozlaşdırmaq mümkündür.

Bu arada İngiltərənin populyar nəşri “The Guardian” da Sedat Pekerin son fəaliyyətinə toxunub. Qəzet yazır ki, Pekerin zamanlanması, partiyasının iqtisadi böhran və pandemiyanı yaxşı idarə etmədiyi üçün tənqid olunması Ərdoğan üçün zərbədir.



İngilis nəşri mafiya lideri Sedat Pekerin videolarının 30 milyondan çox izlənildiyini diqqətə çatdıraraq “Bir otel otağında masada əyləşərkən boynunda kolye və arxasında kitablar görünür. Peker mövzudan mövzuya və insandan insana keçid edərkən rəsmilərlə bağlı iddialar irəli sürür və qanun terminlərdən istifadə edir. Peker ölkə gənclərinə siyasi duruma qarşı çıxmalarını söyləyir”,- yazır.

Mafiya liderinin əsas hədəfinin Daxili işlər naziri Süleyman Soylu olduğunu yazan qəzetin yanaşmasına görə, Peker hələlik Ərdoğana toxunmur, ancaq onun yaxın çevrəsinə hücum etməklə son hədəfin Türkiyə prezidenti olacağını iddia edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər