Zəngəzur dəhlizi Azərbaycana böyük üstünlüklər verir - İranlı ekspert
Tarix: 27-05-2021 12:40 | Bölmə: Slayd
Zəngəzur dəhlizi Azərbaycana böyük üstünlüklər verir

“Zəngəzur dəhlizi Azərbaycan Respublikasını Avrasiya bölgəsinin mərkəzində şərq-qərb və şimal-cənub dəhlizlərinin kəsişməsində əsas nəqliyyat qovşağı edir”.

Reyting.az
“Diplomacy Irani”yə istinadla xəbər verir ki, bunu iranlı ekspert Ehsan Rasteqar bildirib.

Onun sözlərinə görə, bu marşrut, həmçinin, Azərbaycana tranzit-nəqliyyat dəhlizlərinə nəzarət etmək imkanı verir. “Zəngəzur dəhlizindən istifadə edərək, Türkiyə əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yol əldə edəcək. Bu da öz növbəsində, iki ölkə arasında iqtisadi və turizm əlaqələrini gücləndirir. Digər tərəfdən, bu dəhliz, Türkiyə üçün Orta Asiyaya bir qapı rolunu oynaya bilər və Türk dünyası ilə iqtisadi və ideoloji əlaqələrini gücləndirməsinə imkan yaradır”.

Ehsan Rasteqarın fikrincə, Zəngəzur dəhlizi həm də Cənubi Qafqaza və ətraf ölkələrə malların ötürülməsi üçün böyük bir yol ola bilər:

“Rusiya qatarları Azərbaycan Respublikası ərazisindən və Zəngəzur dəhlizindən Ermənistana, Türkiyəyə, İrana və Cənubi Asiyaya gedə bilərlər. Dəhliz Rusiyanın Türkiyə ilə ticarət əlaqələrinə müsbət təsir göstərməklə yanaşı, Rusiyanın Türkiyə ərazisindən keçərək Yaxın Şərq bazarlarına çıxışı üçün alternativ bir yol da təqdim edir. Digər tərəfdən, Zəngəzur dəhlizi Ermənistana daha çox hakim olması baxımından Rusiya üçün xüsusi əhəmiyyət daşıyır. Tiflislə siyasi problemlər ucbatından Rusiya Ermənistana mal daşınması üçün Gürcüstanın quru yollarından istifadə edə bilmir. Artıq ölkə Ermənistanla iqtisadi münasibətlərdə nəqliyyat maneələrini dəf edə biləcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər