ABŞ və Avropa arasında gərginlik: sualtı kabellər vasitəsilə dövlət başçıları dinlənilib
Tarix: 01-06-2021 11:53 | Bölmə: Slayd
ABŞ və Avropa arasında gərginlik: sualtı kabellər vasitəsilə dövlət başçıları dinlənilib

Vaşinqtonun Danimarkada elektron izləmə sistemindən faydalanaraq Almaniya və Fransa rəsmilərini dinləməsi ABŞ və Avropa arasında gərginlik yaradıb.

Reyting.az
xəbər verir ki, ABŞ-ın telefon danışığını dinlədiyi şəxslər arasında İsveç və Norveç rəsmiləri də olub.

Amerika Milli Təhlükəsizlik Agentliyinin (NSA) ABŞ-ın Avropadakı müttəfiqlərini dinləmək məqsədilə Danimarkanın elektron izləmə sistemlərindən faydalandığı ortaya çıxıb. Vaşinqton Avropadakı bəzi siyasətçiləri və dövlət liderlərini dinləmək məqsədilə Danimarkanın sualtı kabellərindən yararlanıb.

Danimarkanın Hərbi Kəşfiyyatı (FE) ilə əməkdaşlıq edən NSA-nın dinlədiyi və izlədiyi şəxslər arasında Almaniya kansleri Angela Merkel, Almaniya prezidenti Frank Valter Steinmeir də olub.

Danimarkanın DR telekanalının ortaya çıxardığı dinləmələr 2012-2014-cü illəri əhatə edib.

Artıq faktla bağlı İsveç Müdafiə Nazirliyi Danimarkadan izahat tələb edib və baş verənlərin qəbuledilməz olduğunu açıqlayıb.

Məlumat üçün xatırladaq ki, keçmiş NSA əməkdaşı Edvard Snovden 2013-cü ildə bəyan etmişdi ki, Merkel Berlindəki ABŞ səfirliyinin vasitəsilə dinlənilir. O, bununla bağlı ortaya faktlar da qoymuşdu.

O dövrdə dinləmə haqda iddialar ortaya çıxdıqdan sonra ABŞ-ın prezidenti Barak Obama elan etmişdi ki, müttəfiqlər dinlənilməyəcək.

Hazırda bu məsələ yenidən ABŞ və Avropa arasında qalmaqala səbəb olub. Donald Trampdan sonra Avropa ilə ənənəvi müttəfiqliyi bərpa etmək istəyən Bayden administrasiyası üçün bu, olduqca ciddi sınaqdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər