Osman Kazımov: “Bakıda ermənilərin məhkəməsi açıq keçirilir, cinayətləri yoxdursa, sübut etsinlər”
Tarix: 03-06-2021 17:10 | Bölmə: Slayd
Osman Kazımov: “Bakıda ermənilərin məhkəməsi açıq keçirilir, cinayətləri yoxdursa, sübut etsinlər”

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər ağır cinayətlər törətmiş erməni yaraqlıları Lüdvik Mkrtiçoviç Mkrtiçyan və Alyoşa Aramaisoviç Xosrovyanın cinayət işi üzrə Bakıda məhkəmə prosesi başlayıb.

Reyting.az
xəbər verir ki, dünən Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmənin açıq keçirilməsinə və xarici KİV təmsilçilərinin də prosesdə iştirak etmələrinə baxmayaraq, Ermənistandakı müəyyən revanşist dairələr bu məsələni də “siyasi şou”ya çevirməyə və beynəlxalq aləmi Azərbaycana qarşı qaldırmağa çalışırlar.

Tanınmış vəkil Osman Kazımov Reyting.az-a açıqlamasında deyib ki, Azərbaycan dövləti müttəhimlər kürsüsündə oturan Lüdvik Mkrtıçyan və Alyoşa Xosrovyana hər cür şərait yaradıb. Yəni onların məhkəmə prosesi açıq keçirilir, həm yerli, həm də xarici medianın Azərbaycanda fəaliyyət göstərən nümayəndələri prosesi sərbəst izləyə bilirlər:

“Həmin ermənilərin saxlanma şəraiti bizim vətəndaşlarımızın saxlanma şəraitindən də yaxşıdır. Bu halda Ermənistan mediası və ya siyasətçiləri niyə “şou” düzəltməyə çalışırlar?”

Osman Kazımov əlavə edib ki, ittiham olunan şəxslər Ermənistan vətəndaşlarıdır və Azərbaycanın dövlət sərhəddini qanunsuz keçiblər:

“Verilən ittihamlardan da aydın olur ki, onlar ağır cinayətlər törədib, I Qarabağ savaşında əsir düşən Azərbaycan vətəndaşlarına işgəncə verib, onları qətlə yetiriblər. Bu məsələlər sözsüz ki, məhkəmə prosesində aydınlaşdırılmalıdır. İttiham olunan həmin ermənilər də sübut etməlidirlər ki, onlar cinayətkar deyillər. Amma onlara qarşı konkret ittihamlar konkret əməllərinə görə verilib”.

Vəkil qeyd edib ki, hay-küy salmaq ermənilərin tarixdən gələn peşəsidir: “Amma hüquq elmi şər-böhtanı, hay-küyü deyil, konkret sübut və dəlilləri tanıyır. Sübut etsinlər ki, onlar cinayət törətməyiblər”.

O. Kazımov diqqətə çatdırıb ki, Bakıda mühakimə olunanlar hökmdən narazı qalsalar apellyasiya şikayəti verə, hətta Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edə bilərlər:

“Əgər xatırlayırsınızsa, ermənilər iki azərbaycanlını - Kəlbəcər sakinini tutaraq mühakimə etdilər. Təsəvvür edin, Azərbaycan vətəndaşlarını Azərbaycan ərazisində tutaraq mühakimə etdilər və qanunsuz olaraq uzun müddət həbsdə saxladılar. Gerçək qanunsuzluq budur - insanı öz yaşadığı əraziyə getdiyi üçün həbs etmək və saxta ittiham əsasında cəza vermək”.

Osman Kazımov əlavə edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz vətənlərində həbs edilməsi bir yana, onlara xarici vəkillərin tutulması üçün şərait yaradılmamasına baxmayaraq Bakıda məhkəməsi qurulan emənilərin xarici vəkil tutmaq imkanı da var: “Hüquqları var ki, Azərbaycanla hüquq anlaşması olan istənilən xarici ölkə vəkili ilə müqavilə bağlasınlar. Bu, onların hüququdur və yalandan hay-küy qaldırmağa əsas yoxdur.

Əlbəttə, İrəvanda bu məsələni siyasiləşdirmək cəhdləri var. Amma bu adamlar terrorçulardır, Azərbaycan qanunlarını pozublar. 10 noyabrda imzalanan bəyanatdan sonra onlar silahla yenidən Azərbaycan ərazisinə qanunsuz daxil olublar. Bunu necə siyasiləşdirmək olar? Əlbəttə, erməni xisləti bunu da siyasiləşdirməyə cəhd edə bilər. Ancaq son sözü hüquq deməlidir. Bu adamların hamısı mühakimə edilməlidir”.

Saxlanılan şəxslərin geri qaytarılmasının əleyhinə olduğunu deyən O. Kazımov bildirib ki, bundan əvvəl Azərbaycan tərəfi bir neçə ermənini qaytarıb: “Səhv etmirməmsə, martın əvvəllərində bir əcnəbi erməni muzdlu döyüşçüsünü hansısa ölkənin xahişi ilə buraxdıq. Mən, bunun əleyhinəyəm. Onlar Azərbaycan dövlətinə qarşı cinayət törətdikləri üçün Azərbaycan qanunları ilə mühakimə olunmalı, əməllərinə görə cəzalarını almalıdırlar. Bundan sonra ekstradisiya məsələsinə baxmaq olar”.

Osman Kazımov bəzi hüquq müdafiəçilərinin prezident İlham Əliyevə müraciət edərək Azərbaycanda saxlanılan ermənilərin azad edilməsi istəklərini də pisləyib: “Mən bu addıma qarşıyam. Necə yəni onların azad edilməsi sülh təşəbbüsünü bərkidə bilər? Sülh təşəbbüsünü belə hallar möhkəmləndirməz. Hüququn gücü olmalıdır ki, sülh də möhkəm olsun. Mən bu kimi müraciətləri müsbət qiymətləndirmirəm”.



Onu da qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib, onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

L. Mkrtiçyan və A. Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər