Tofiq Zülfüqarov: “Ermənistanda Rusiyaya qarşı etirazlar daha da güclənəcək”
Tarix: 04-06-2021 08:46 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Ermənistanda Rusiyaya qarşı etirazlar daha da güclənəcək”

“İyunun 20-də Ermənistanda keçiriləcək seçkilərin hər bir məsələni həll edəcəyini gözləmirəm. Bəli, ümumən məsələlərə bu seçkilər aydınlıq gətirə bilər. Nikol Paşinyanın qərbyönümlü qruplaşması - əgər fors-mojor hadisələr baş verməsə - bəlkə də seçkilərdə üstünlük əldə edəcək. Açığı, buna şübhəm yoxdur. Ancaq bu, bütün problemlərin həlli mənasını vermir”.

Bu fikirləri Reyting.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanda müşahidə olunan ictimai-siyasi proseslər, seçkilər və ondan sonrakı vəziyyəti təsnifatlaşdırarkən deyib.

Siyasət texnoloqu əlavə edib ki, Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana qarşı qrupların güclənməsi də müşahidə olunur. Onun sözlərinə görə, bu qüvvələr Paşinyanla müqayisədə zəif görünsələr də, onların fəallaşması açıq-aşkar hiss edilir: “Həm də hiss edilir ki, bu qüvvələrin xaricdən də dəstəyi var. Deməli, söhbət ciddi rəqiblərdən gedəcək. Əslində proses göstərir ki, Ermənistanda seçki mübarizəsi aparan siyasi qüvvələr bir-birilə uzunmüddətli konfrantasiya fazasına daxil olublar. Məncə, bu mərhələ uzunmüddətli vaxt aparacaq”.

T. Zülfüqarov istisna etmir ki, bu proseslərin sonunda Qərbin nüfuzu Ermənistanda daha da yüksələcək: “Rusiyaya qarşı, Rusiyanın Ermənistanda qalması və iştirakına qarşı etirazlar daha da güclənəcək. Ermənistanda indi baş verənlər bu qənaətə gəlməyə ciddi əsaslar yaradır”.

Sabiq nazir sonda bildirib ki, Azərbaycan çox çevik addımlar atmağa hazır olmalıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər