Ermənistanda seçkilər: Köçəryan Paşinyanı üstələyir
Tarix: 07-06-2021 18:08 | Bölmə: Slayd
Ermənistanda seçkilər: Köçəryan Paşinyanı üstələyir

“Ermənistan parlamentinə düşmək üçün baraj mövcuddur. Güman ki, bəzi qüvvələrin Köçəryanla eyni ittifaqa daxil olması bu barajı keçə bilməyəcəklərini anladıqları üçündür. Düşünürlər ki, Köçəryan hakimiyyətə qayıtsa vəzifə tuta bilərlər. Bu səbəbdən də Robert Köçəryanın tərəfinə keçirlər və sabiq prezident başqa qüvvələrin hesabına tərəfdarlarını artırır. Ancaq bütün bunlara baxmayaraq, bir çox məsələlər son hadisələrdən asılı olacaq. Yəni Ermənistan-Azərbaycan problemindən qaynaqlanan məsələlər də mövcuddur. Artıq bəllidir ki, Nikol Paşinyan əvvəlki kimi parlamenti tam götürə bilməyəcək”.

Bunu Reyting.az-a professor Əli Abbasov Ermənistanda parlament seçkilərinə hazırlığı şərh edərkən deyib.

Qeyd edək ki, “Gallup”un mart ayında keçirdiyi sorğuda Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” Partiyası respondentlərin 33,1 faiz səsini toplayıb, Kəçəryan isə dördüncü yerdə qərar tutub. Mayın son günlərində “Mənim addımım” Partiyasının səsi 22,9 faizə düşüb, Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun səsi 17,5 faizə yüksəlib. Son sorğuda Paşinyan yerində sayır (22,9 faiz), Köçəryan isə irəliləyir (20,6 faiz).


Ə. Abbasov

Əli Abbasov əlavə edib ki, hələlik Rusiya sanki Ermənistandakı proseslərə qarışmır: “Bu maraqlı mənzərədir. Ermənistanda vəziyyət dəyişə bilər. Bəli, ölkədə qeyri-stabillik var və vəziyyət o qədər də yaxşı deyil. Həm də əhalinin çoxu deyir ki, seçkilərə inanmırıq və səs verməyəcəyik. Fikrimcə, bu elektoratı səsverməyə gətirmək problemdir. Paşinyan və komandası bu istiqamətdə işləməlidir. Amma hazırda da səslər tam bərabər deyil. Sadəcə, gün keçdikcə Paşinyan səsləri itirir, Köçəryan qazanır. Bu, ciddi problemdir”.

Əli Abbasov hesab edir ki, Ermənistanda Robert Köçəryanın seçkidə qalib gələrək hakimiyyəti götürməsi Azərbaycan üçün yaxşı ssenari deyil:

“Köçəryan Rusiyanın adamıdır və güzəşt haqqında düşünmür. Ümumiyyətlə, Rusiyanın tapşırıqlarını həyata keçirəcək. Çalışacaq ki, imkan əldə edib yeni müharibə kimi axmaq fikirlərini işə salsın. Məncə, bu adamın hakimiyyətə gəlməsi bizim maraqlarımıza uyğun deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər