Ərdoğanın Qarabağa səfərini daha çox Rusiya və Ermənistan izləyir - Professor
Tarix: 15-06-2021 15:52 | Bölmə: Slayd
Ərdoğanın Qarabağa səfərini daha çox Rusiya və Ermənistan izləyir

“Prezident Ərdoğan Azərbaycan səfərindən öncə Brüsseldə NATO sammitində iştirak edib. Prezident Bayden də daxil olmaqla dünyanın aparıcı liderləri ilə müzakirə aparıb. Eləcədə “S-400” raket kompleksi ilə bağlı ABŞ-la yaranan gərginlik də bir növ həll edilib. ABŞ bu mövzuya dair Türkiyənin haqlı iradlarını qəbul etməli olub. Güman ki, Ərdoğanın həm də Şuşa şəhərinə səfərini region ölkələri xüsusilə izləyir. Mən bu sırada əsasən Rusiya və Ermənistanın adını qeyd edərdim”.

Bunu Reyting.az-a Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinə şərh edərkən professor Əli Abbasov deyib.

Professorun fikrincə, Ermənistan tərəfinin Ərdoğanın Azərbaycana, eləcədə işğaldan azad edilən ərazilərə səfərinə münasibəti bəllidir:

“Rusiya ola bilsin ki, səfərə münasibətini açıq ifadə etmir. Amma ehtimal edirəm ki, indi rusların əsas məqsədi Türkiyəni tədricən bölgədən çıxarmaqdır. Çünki Türkiyənin regionda qalması həm də türkdilli ölkələrlə bağlı olacaq. Bu da Rusiyanı razı sala bilməz. Məsələn, müharibədən sonra Ağdam şəhərində türk və rus hərbçilərinin iştirakı ilə monitorinq mərkəzi yaradıldı. İndi hər yerdən informasiya gəlir, ancaq yarım il keçməsinə baxmayaraq monitorinq mərkəzindən informasiya yoxdur. Hətta bu müddət ərzində nələr etdikləri haqda da məlumat yaymayıblar. Bu, olduqca maraqlıdır”.

İndi Rusiyanın əsas məqsədinin Türkiyəni regiondan sıxışdırmaq olduğuna diqqət yönəldən professor bildirib ki, bu iki ölkə birlikdə iş görüblər: “Amma belə davam etsə türklər çox irəli gedəcəklər. Mümkündür ki, NATO sammitində də hansısa müzakirələr aparılıb. NATO da Türkiyəni bu bölgədə aparıcı oyunçu kimi tanıyıb. Əlbəttə, bu rusların xoşuna gələn hadisə deyil. Mən güman edirəm ki, artıq Türkiyəni regiondan sıxışdırıb çıxarmaq mümkün deyil. Amma güman ki, münasibətlərdə bir qədər soyuqluq olacaq. Bunlar ehtimallardır”.

Bakı ilə Ankara arasında yeni sazişlərin imzalanacağı ilə bağlı məlumatlara gəlincə, Ə. Abbasov deyib ki, müharibədən sonra Azərbaycan və Türkiyə arasında hərbi sahədə müəyyən hərəkətlər olub, ancaq sonradan bu proses ləngiyib: “Yəqin ki, tərəflər bunun formatını düşünürlər. Hesab edirəm ki, Ərdoğanın bu səfərindən sonra bir çox məsələlərə aydınlıq gələcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}