16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Şuşa Bəyannaməsi ölkəmizi xarici hərbi təhlükələrdən qoruyacaq - Hərbi ekspert
Tarix: 17-06-2021 12:23 | Bölmə: Slayd
Şuşa Bəyannaməsi ölkəmizi xarici hərbi təhlükələrdən qoruyacaq

“Azərbaycan və Türkiyə liderlərinin Şuşa şəhərində imzaladığı Bəyannamədə hərbi əməkdaşlığın nəzərdə tutulması əhəmiyyətli və vacib reallıq kimi ortaya çıxıb. Əslində bu sazişin hərbi əməkdaşlıq hissəsi faktiki olaraq bu günə qədər olan müttəfiqlik mövqeyinin rəsmi şəkildə təsdiqidir”.

Bunu Reyting.az-a Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada imzaladığı Bəyannamənin hərbi əməkdaşlıq hissəsini şərh edən hərbi ekspert Azad İsazadə deyib.

A. İsazadə əlavə edib ki, bu saziş olmadığı halda belə, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə dövləti özünü Azərbaycanın müttəfiqi kimi aparıb: “Ankara açıq elan etdi ki, məsələyə üçüncü ölkə qarışsa, biz də dördüncü ölkə olacağıq. Faktiki bu mövqeyi Şuşa Bəyannaməsi bir daha təsdiqləyir. Sabah Azərbaycana təhlükə yaranacaqsa, Türkiyə Azərbaycanın yanında olacaq. Eləcədə Azərbaycan da eyni münasibəti Türkiyəyə göstərməli, onun yanında olmalıdır. Yəni iki dövlət bir-birinə qarşı təhlükəni birlikdə dəf edəcək. Hesab edirəm ki, bu da sazişin mühüm tərəflərindən biridir”.

A. İsazadə əlavə edib ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin müttəfiqliyi sənəd üzərində də təsdiqlənib: “Bu saziş olmaya-olmaya da Türkiyənin mövqeyi müharibə zamanı Rusiyanın aktiv fəaliyyətini azaltdı”.

Mütəxəssis deyib ki, rəsmi və hüquqi baxımından Şuşa Bəyannaməsi növbəti vacib addımdır: “Azərbaycan tərəfi üçün rəsmi sənəd həm də ona görə vacibdir ki, Türkiyə NATO dövlətidir. Biz, faktiki olaraq NATO-nun ən güclü üzvlərindən biri ilə belə bir sənəd imzalamışıq. Bu Bəyannamə sabah konkret müqavilələr çərçivəsində də genişlənə bilər.

Bildiyiniz kimi, Azərbaycan Ordusunun həm də Türk Ordu sisteminə keçməsi məsələsi vardı. Bu günə qədər bizim zabitlərimiz Türkiyədə oxuyub, xüsusi kurslar, birgə təlimlər keçib. Bu da rəsmi səviyyəyə keçəcək”.

Sonda A. İsazadə qeyd edib ki, sənəddə Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq, Azərbaycanda dron istehsalı və digər mühüm punktların olmasının alternativi yoxdur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}