13:06 / 16-06-2025
Sabah yağış yağacaq
İraqda saxlanılan daha 38 uşaq Azərbaycana gətirilib
Tarix: 28-10-2021 09:34 | Bölmə: Slayd
İraqda saxlanılan daha 38 uşaq Azərbaycana gətirilib

Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə repatriantların olduğu yer və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar Azərbaycana qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunublar.

Uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam ediliblər.

İşçi Qrupun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, onlara zəruri yardım göstərilib.

Nəticədə Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycana gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşının İraqdan repatriasiyasına müvəffəq olunub.

Məlumatda qeyd edilir ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır: “Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək".




Bölməyə aid digər xəbərlər