13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Hərbi prokuror “Tərtər işi”ndən danışıb: “Qurban Məmmədov bu gün də ermənilərin maşasıdır”
Tarix: 01-11-2021 10:14 | Bölmə: Slayd
Hərbi prokuror “Tərtər işi”ndən danışıb: “Qurban Məmmədov bu gün də ermənilərin maşasıdır”

“Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində zəfər qazanandan sonra ermənipərəst qüvvələr bizim aramızda olan erməni xislətli insanlardan istifadə elədi. Onlar “Tərtər işi” adlandırılan məsələni tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd elədilər”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

“Qurban Məmmədov və onun kimiləri bu gün də ermənilərin maşasıdır. Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov kimiləri başa düşmür ki, onların deməkləri ilə deyil. Qurban Məmmədov özü hüquqşünasdır. Çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən müasir qanunvericiliyə malik olan Azərbaycanda hər şey qanunla həll olunur.

“Tərtər işi” ilə bağlı cinayət işi başlanıldı, istintaq aparıldı, təqsirli hesab olunan şəxslər məhkəmə məsuliyyətinə verildi və Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələləri üzrə bu işlər araşdırılıb. Daha sonra belə qərara alınıb ki, doğurdan da istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə qanunsuz işgəncə verilən şəxslər haqqında çıxarılmış hökmlər qanunidir”, - o vurğulayıb.

X. Vəliyev jurnalistlərə açıqlamasında deyib ki, “Tərtər işi”ndə təkcə işgəncə işi üzrə 100-dən çox şəxsə müxtəlif formada fiziki zorakılıq həyata keçirilib.

Onun sözlərinə görə, yalnız təqsirləndirilən şəxslərə deyil, digər şəxslərə qarşı da qanunauyğun tədbirlər keçirilib:

“Biz istintaq gedişində bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik. Lakin sonra müəyyən etdik ki, həmin şəxslərin günahı yoxdur. Ona görə də həmin şəxslərin barəsindəki cinayət işinə xitam verildi. Demək istəyirəm ki, Hərbi Prokurorluq obyektiv olmağa çalışıb. Zənn edirəm ki, buna nail olub.

Bu, hər bir azərbaycanlı üçün qara ləkədir. Bu ləkənin sahibi olan övladın valideyni olmaq istəmir. Amma nə etmək olar? Belə hallar əvvəllər də olub. Belə şəxslərə qarşı mübarizə aparılıb, cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə məsuliyyətinə verilib. Belə olmasaydı, bizim ordumuz təmizlənməsəydi, bəlkə də biz çox pis vəziyyətdə qalardıq və bu qələbəni də qazana bilməzdik. İkinci Dünya müharibəsi vaxtı sovet ordusunun diviziyası belə satılmışdı”.

X. Vəliyev diqqətə çatdırıb ki, “Tərtər işi”ndə təqsirləndirilən şəxslərə hökm çıxarılıb: “Sonra məhkum olunmuş şəxslər həmin hökmlərdən apellyasiya şikayəti verdi. Daha sonra Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Həm apellyasiya, həm kassasiya mərhələlərində göstərilən şəxslərin həmin cinayətləri törətməsi barədə verilmiş hökmlərin əsaslı və qanuni olduğundan hökmlər qüvvədə saxlanılıb. Bununla yanaşı Hərbi Prokurorluq tərəfindən aparılan istintaq zamanı müəyyən olundu ki, Hərbi Prokurorluq istintaq aparana qədər olan dövrdə ayrı-ayrı şəxslərə qarşı - söhbət dövlətə xəyanətdə şübhəli bilinən şəxslər barəsində gedir - fiziki zorakılıqlar, həm də çox ciddi zor tədbirləri həyata keçirilib. Nəticədə biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi.

Şəxsən özüm, eləcə də hərbi prokurorun müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa, Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov həmin hərbi hissəyə getdik. Mən müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıldı. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi.

Oradakı şəxsləri müayinə etdi və hansı şəxslərin hansı dərəcədə müalicə ehtiyacı olduğunu müəyyənləşdirdi. Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apellyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı".




Bölməyə aid digər xəbərlər