13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Sülhəddin Əkbər: “Rusiya nə delimitasiyada maraqlıdır, nə də...”
Tarix: 01-11-2021 16:47 | Bölmə: Slayd
Sülhəddin Əkbər: “Rusiya nə delimitasiyada maraqlıdır, nə də...”

“Son günlər Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və digər məsələlərə dair müəyyən fikirlər səsləndirilir. Amma mənim şəxsi fikrim bir qədər fərqlidir. Fərqli fikrimin yaranma səbəblərdən biri Rusiyanın bu məsələdə başlıca məqsədinin siyasi-diplomatik inhisarçılığı əldən verməmək istəyi ilə bağlıdır. Buna görə də müəyyən addımların imitasiyasını edir”.

Bunu Reyting.az-a açıqlamasında Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

S. Əkbər ikinci səbəbi də diqqətə çatdırıb:

“Qarşıdan üçtərəfli razılaşmanın imzalanmasının bir illiyi gəlir. Həmin razılaşmada yerinə yetirilməyən konkret maddələr var və bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Moskva göstərmək istəyir ki, guya bu istiqamətdə hansısa hazırlıqlar görür.

Üçüncüsü, Rusiyaya çoxtərəfli təzyiqlər var və bu təzyiqləri neytrallaşdırmaq üçün müəyyən bəyanatlar verir, görüntülər yaradır. Nəzərə almaq lazımdır ki, orta dəhlizin açılmasında maraqlı olan Böyük Britaniya və Çin tərəfindən Moskvaya müəyyən təzyiqlər edilir. Eyni zamanda Türkiyə və Azərbaycan tərəfindən də müəyyən təzyiqlər olur”.

Partiya sədri yaxın perspektivdə konkret nəticənin əldə ediləcəyini real saymır:

“Ehtimal edirəm ki, müəyyən danışıqlar aparılacaq, ola bilsin, müəyyən vədlər verilsin. Amma konkret işə gəldikdə, nə yaxın perspektivdə erməni silahlı qrupları Xankəndindən çıxarılacaq, nə də Azərbaycanın nəzarətindən kənar ərazilərinə giriş-çıxışa qanuni nəzarət təmin ediləcək. Əlbəttə, son cümləm Laçın dəhlizi ilə bağlıdır.

Delimitasiya və demarkasiya ilə bağlı da ciddi irəliləyişin olacağını ehtimal etmirəm. Burada daha çox Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndini nəzərdə tuturam.

Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret addımın atılacağını da gözləmirəm. Ən azından yaxın dövr üçün belə olacaq”.

S. Əkbər deyib ki, erməni silahlı dəstələrinin ərazimizdən çıxarılacağını da hələlik real saymır: “Hesab edirəm ki, bu iş üçün uzun və ağır danışıqlar prosesi olacaq. Burada problem yaradan nə Azərbaycandır, nə də Ermənistan. Mənim qənaətimcə, Rusiya bir sıra məsələlərin həllinə maraqlı deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər