13:06 / 16-06-2025
Sabah yağış yağacaq
ABŞ və Rusiyanın məxfi danışıqları... - Kreml və Ağ Ev sirri diplomatlara da açmır
Tarix: 03-11-2021 16:12 | Bölmə: Slayd
ABŞ və Rusiyanın məxfi danışıqları... - Kreml və Ağ Ev sirri diplomatlara da açmır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Bernsin ABŞ lideri Baydenin tapşırığı ilə Rusiyaya iki günlük səfər etməsi və burada danışıqlar aparmasına təbii yanaşmaq lazımdır.

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin ABŞ prezidenti Co Baydenin tapşırığı ilə Rusiya paytaxtına iki günlük səfərini şərh edərkən bildirib.

R. Musabəyov xatırladıb ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Paturşev Amerikaya getmişdi - baxmayaraq ki, Paturşev də ABŞ-ın sanksiya tətbiq etdiyi fiqurlar arasında yer alır.

Politoloqun iddiasına görə, ABŞ və Rusiya arasında pərdəarxası hansısa oyunlar gedir və bu istiqamətdə danışıqlar aparılır: “Ola bilsin ki, söhbət həssas məsələlərlə əlaqəli olduğu üçün onu xətt üzrə aparmağı məqsədəuyğun hesab ediblər”.

ABŞ və Rusiya arasında ən həssas məsələlərə gəldikdə, R. Musabəyov əlavə edib ki, burada söhbət onlarla məsələdən gedə bilər. O, buna misal kimi İran məsələsini, Ukrayna böhranını, Suriyadakı vəziyyəti, Venesuela və Çin məsələlərini göstərib: “Yəni bir çox məsələlər var ki, onları qapalı şəkildə müzakirə edirlər. Söhbət diplomatlardan da qapalı formada müzakirələrdən gedir. Odur ki, tərəflər arasında məsləhətləşmələr aparılır”.

Deputat diqqətə çatdırıb ki, indi bir sıra regionlarda, ümumilikdə ciddi rəqabətin tərəfləri olan Rusiya və ABŞ hərbi baxımdan da üz-üzə gəlmək istəmir. Çünki bu, təhlükəli vəziyyət yarada bilər. “ABŞ-ın hərbi gəmisi indi Qara dənizdədir. Ruslar bir tərəfdən bunu özü üçün təhlükə görür, eyni zamanda düşünürlər ki, ABŞ-la müharibə vəziyyəti təhlükəlidir. Dəfələrlə olub ki, bu iki ölkənin sualtı qayıqları, qırıcıları bir-birinə yaxınlaşıblar. Yəni istəmədən də müharibə şəraiti yarana bilər. Düşünürəm ki, indi ABŞ və Rusiya “qırmızı xətt” çəkmək istəyirlər ki, müharibə ehtimalını uzaqlaşdırsınlar”, - deyə R. Musabəyov fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər