Tofiq Zülfüqarov: “İndi gündəmdə Ermənistanın ölüm-dirim məsələsidir”
Tarix: 07-01-2022 20:18 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “İndi gündəmdə Ermənistanın ölüm-dirim məsələsidir”

“İndi Qarabağın statusu haqda tələblər irəli sürmək heç kəsə lazım deyil. Hamı başa düşür ki, Rusiyanın dəstəyi olmadan bu mövzunun qabardılması mümkünsüzdür. Ermənistanın isə bu mövzunu təkbaşına gündəmdə saxlaması mümkün olmayacaq”.

Bunu Reyting.az-a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, hazırki vəziyyətə baxdıqda, kimsənin Ermənistanın fantastik layihələrinə dəstək verəcəyinə əsas görmür. Sabiq nazirin fikrincə, indi söhbət tam başqa mövzulardan gedir.

T. Zülfüqarova görə, indi əsas mövzu Ermənistanın yaşaması üçün hansı siyasəti seçəcəyidir. Yəni indi gündəmdə Ermənistanın ölüm-dirim məsələsidir, nəinki hansısa anneksiya siyasəti: “Bu baxımdan erməni daxili siyasətində “Qarabağ”, “status” kimi mövzular gündəmdə qalsa da, real addımlar atmağa onların heç bir imkanı yoxdur. Bunun əvəzinə Ermənistandan xaricə insan axını davam edəcək. Mən təkcə Ermənistanı deyil, həm də Qarabağı nəzərdə tuturam. Bunun başqa alternativi yoxdur.

Bəzən Ermənistan Statistika İdarəsi və yaxud hava yollarının açıqlamaları olur. Onların açıqlamalarına inansaq son bir ildə təxminən 70 min insan ölkəni tərk edib. Amma real rəqəm bundan çoxdur. Çünki quru yollarla da ölkəni tərk edənlər var. Əslində erməni mütəxəssislər də bunu gizlətmir”.

Sabiq nazir diqqətə çatdırıb ki, Ermənistan indi mövcud olub-olmamaq dilemması qarşısındadır: “Əgər Qərb onlara dəstək verməsə, Türkiyə onları himayəyə götürməsə gələcəkləri işıqlı görünmür. Rusiyanın da bu ölkəyə böyük sərmayələr qoymaq imkanını görmürəm. Əslində son 30 ildə milyondan çox insan bu ölkədən gedib. Qarabağda olan ermənilərin də axını davam edəcək”.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}