Hərbi ekspert: “Ərdoğanın vasitəçilik təklifi həm Rusiya, həm də Ukrayna üçün çox münasibdir”
Tarix: 25-01-2022 13:30 | Bölmə: Slayd
Hərbi ekspert: “Ərdoğanın vasitəçilik təklifi həm Rusiya, həm də Ukrayna üçün çox münasibdir”

“Tükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan neçə ildir ki, Rusiya və Ukrayna arasında yaşananları yoluna qoymaq məqsədilə vasitəçilik təklif edir. Üstəlik, Ukraynanın maraqlarını müdafiə etməyə hazır olmaqla bərabər ruslarla da yaxşı münasibətlərə malikdir. Əvvəllər Rusiya bundan imtina edir və deyirdi ki, bu, bizim deyil, Ukraynanın daxili problemidir. Yəni Ərdoğana mesaj verirdilər ki, məsələni Ukrayna ilə müzakirə edin. Hər halda Moskvanın Ərdoğanın təşəbbüsünə rəsmi cavabı belə olub. Amma indi vəziyyət köklü sürətdə dəyişib və gərginlik daha ciddidir, az qala qaynar fazaya daxil olur”.

Bunu Reyting.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə Ukrayna ətrafında gərginliyin artması fonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik tşəbbüsündən danışarkən deyib.

Hərbi ekspert qeyd edib ki, əvvəlki dövrdən fərqli olaraq indi ruslar Ərdoğanın təşəbbüsünə qarşı çıxmır. Onun fikrincə, bu təsadüfi deyil: “Çünki Ərdoğana “yox” demək çətindir. Əvvəla Ərdoğan Avropa deyil. Üstəlik, Ərdoğan hər bir kobud cavaba eyni formada cavab verəcək. Üstəlik, Ərdoğana kobud formada “yox” deyilərsə, bu zaman Ankara Ukraynaya birmənalı dəstək göstərə bilər. Məncə, vacibdir ki, Moskva bu faktorla hesablaşsın”.

A. İsazadə hesab edir ki, proseslərin indiki gərgin dövründə Ərdoğanın vasitəçilik təklifi həm Rusiya, həm də Ukrayna üçün çox münasibdir: “Üstəlik, ABŞ başda olmaqla Qərb ölkələri də bundan razı qalır. İndi hər şey rusların qərarından asılıdır. Sadəcə, proses o qədər mürəkkəbdir ki, rusların buna razılaşması bir növ “geri çəkildi”, - mənasında təqdim edilə bilər”.

Hərbçi ekspert əlavə edib ki, Türkiyə prezidentinin vasitəçilik təklifi nə Rusiya, nə də Ukrayna tərəfindən qıcıqla qarşılanmır: “Halbuki Qərblə danışıqlarda ruslar qıcıqlanır. Türkiyə isə bu mövzuda sadəcə maraqlarını güdmür, olduğu regionda sabitliyə çalışır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}