ABŞ Rusiyanı Ukrayna ilə müharibəyə təhrik edir
Tarix: 26-01-2022 17:21 | Bölmə: Slayd
ABŞ Rusiyanı Ukrayna ilə müharibəyə təhrik edir

“Kiyev hökumətinin müdrikliyi çatsa Donetski və Luqanska hücum etməyəcək. Hücum etmədiyi halda da Rusiya Ukraynaya qarşı hücuma keçməyəcək. Bu saat Rusiya və Ukrayna arasında müharibə ABŞ-a lazımdır”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

Partiya sədri bildirib ki, Moskva öz təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ və NATO qarşısında şərtlər irəli sürüb. Onun fikrincə, indi ABŞ Rusiyanı Ukraynada müharibəyə çəkməklə onun fikrini yayındırmaq niyyətindədir: “Amma Rusiyanın Ukraynaya girmək, bu ölkə ilə müharibə aparmaq fikri yoxdur”.


A. Əlizadə

A. Əlizadənin qənaətincə, Rusiya Ukrayna sərhədinə qoşun cəmləşdirməyib, öz ərazisinə qoşun toplayaraq təlimlər keçir: “Eləcədə Belarusda hərbi təlimlər təşkil olunur. Bunu da ABŞ belə qələmə verir ki, Rusiya Ukraynaya hücuma hazırlaşır. Məntiqi olan adam üçün aydındır ki, Ukraynaya hücum üçün tank lazım deyil. Rusiya Ukraynaya hücum niyyətində olsa, dəqiq raket zərbələri endirə, bunun arxasınca quru qoşunları ölkəyə daxil ola bilər. Amma belə planlar yoxdur. Odur ki, Rusiyanın Ukraynaya hücuma hazırlaşması əsassız söhbətlərdir”.

Partiya sədri hesab edir ki, ABŞ başda olmaqla bir sıra Qərb ölkələrinin Ukraynaya silah tədarük etməsi düşünülmüş addımdır və məqsəd Ukrayna-Rusiya münasibətlərini mümkün qədər gərginləşdirmək, bunu müharibəyə çevirməkdir: “Qərb Ukraynaya deyir ki, sənə silah verirəm, hazır ol və müharibəyə başla. Amma müharibədə ölənlər sadə insanlar olacaq. Bu saat ABŞ Rusiyanın son ultimatumu qarşısında bəhanə axtarır ki, cavab verməsin. Rusiya isə deyir ki, mənim başımı söhbətlərlə qatma. Bizim tələblərimizə ya “hə”, ya da “yox” de! ABŞ da Ukrayna-Rusiya müharibəsini başlatmaqla bu tələbləri gündəmdən çıxarmaq istəyir. Reallıq bundan ibarətdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}